Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2862/2022 24.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadə etdiyi kommunal xidmətlərə görə 6236 manat, ödənilmiş 83 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi xx.xx.2003-cü ildən Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə isə MTK ünvan 1 ünvanında çoxmərtəbəli (17 mərtəbəl) çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıları tərəfindən 2021 -ci ilin iyul ayınadək MMC-nin yaradılmaması ilə əlaqdar olaraq həmin binanın kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirini, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında "xxxx" MTK öz üzərinə götürmüşdür. Belə ki, xx.xx.2015-ci il tarixində "xxxx" MTK ləğv olunur və onun qanuni varisi "xxxx" MMC yaranır və qeydiyyatdan keçir. Lakin təəssüf hissi ilə bildirirlər ki, İddiaçı MTK-nın varisi olaraq xərclənmiş kommunal pullarını bəzi sakinlərdən ala bilmirlər. Belə ki, İdeal inşaat company” MMC faktiki olaraq Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 113-cü maddəsinə əsasən "xxxx" MTK-nın hüquqi varisidir. İdeal-İnşaat Company MMC ilə Cavabdeh 2009-ci ildə İdeal-İnşaat Company MMC ilə Mənzil Tikintisi Haqqında Müqavilə bağlanmışdır. İdeal -inşaat MMC Bakı şəh.,M Cəlal küçəsində inşa edilən 17 mərtəbəli 1 –ci blok, mənzil 56, 2 otaqlı mənzilin Payçıya verməyi öz üzərinə götürmüşdür. Payçı mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və-son nəticə mənzili qəbul etməyi öz üzərinə götürür. Cavabdeh payçı olaraq mənzilin pulunu tam olaraq ödəyib və mənzilini təhvil almışdır. Cavabdeh ilə həmçinin “Kommunal Xidmətlərin göstərilməsi və ödənişi haqqında” Müqavilə də imzalanmışdır. İdeal-İnşaat Company MMC tərəfindən sözü gedən binanın sakinlərinə kommunal xidmətlər göstərilmişdir. İdeal-İnşaat Company MMC-nin üzvülərinin ümumi iclasının protokoluna əsasən 2 otaqlı mənzillər üçün aylıq kommunal xidmətlərə görə qış mövsümü üçün xərc 60 manat, yay mövsumu üçün xərc isə 33 manat olaraq müəyyən edilmişdir.Cavabdehin hal-hazırda (Bakı şəh. Binəqədi ray.,M.Cəlal küç.,ev.lD,m56), 2otaqlı mənzilə görə komunal xidmət haqqı borcunu İdeal-İnşaat Company MMC-yə (2010-cu il üçün 27azn., 2015-ci il 5azn.,2016cı il 240azn., 2017ci il 400azn., 2018 ci il 240azn.,2019cu il 320 azn 2020-ci il 360azn 2021-ci il may ayı daxil olmaqla 155azn cəmi 1747azn komunala 315azn antenaya.,ümumilikdə 2062azn olmaqla müxtəlif vaxt fasilələri ilə ödəməmişdir. Cavabdehə kommunal xidmətinə görə borclarının ödənilməsi barəsində hər il dəfələrlə bildiriş göndərilib və binanın kommendantı və işçiləri tərəfindən dəfələrlə xəbərdar olunub. Kommunal xidmətlərin göstərilməsi barədə müqavilənin 1-ci maddəsinə əsasən iddiaçı öz üzərinə aşağıda qeyd edilən xidmətlərin göstərilməsi öhdəliyini götürmüşdür. Yük və Sərnişin liftlərinin fasiləsiz işləməsini təmin etmək; Binanın həyətində abadlıq-yaşıllaşdırma və həyətin işıqlandırılmasını təmini, Həyətdən zibilin vaxtında daşınmasını təmin etmək; Blokların və həyətin təmiz saxlanılmasını təmin etmək; Bütün sutka ərzində əyət qapılarında gözətçilər qoyulmasını təmin etmək; Mənzillərin mərkəzləşdirmiş televizya aantenası ilə təmin etmək; (əlavə haqq ödənilməsi şərti ilə) Müqavilənin 2-ci maddəsinə əsasən, mənzil mülkiyyətçisi kommunal xidmətlərə görə MMC rəhbərliyindən hər ay aldığı ödəniş cədvəli üzrə müəyyən edilmiş məbləği nağd və tam həcmdə növbəti ayın 5-dən gec olmayaraq cəmiyyətə ödəməlidir. İddiaçı iddia tələbinə vəsatət əlavə edərək bildirmişdir ki, bu yaşayış binasının bütün kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmiri, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında "xxxx" MTK öz üzərinə götürmüşdür. Bütün sadalananların təmin edilməsi üçün bir çox şirkətlərlə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən göstərilən xidmətlərin ödənilməsi üçün mənzildə yaşayan şəxslərdən müəyyən ödənişlər tələb olunmuşdur. Lakin uzun müddətdir ki müəyyənləşdirilən xərclər ödənilmiş və bunun nəticəsində Cavabdeh şirkətə 6236 manat borcu toplanmışdır. Hesb edirlər ki, sözügedən şəxs müəyyən edilən borcu ödəməlidir əks təqdirdə bu yaşayış binasında məskunlaşan digər sakinlər tərəfindən də bu ödənişlərin ödənilməməsinə səbəb ola bilər bu da binada müəyyən mübahisələrin yaranmasına zəmin yarada bilər. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə göndərməklə işə nümayəndələrinin iştirakı olmadan baxılaraq təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçı MTK-dır. O, 2009-cu ildə onlardan ev almış, 2015-ci ildə isə həmin evi alqısatqı yolu ilə satmışdır. Bu ilin yayından iddiaçı ona pritenziya məktubları göndərərək 2015-ci ildən bəri yığılıb qalmış kommunal ödənişlərin ödənilməsini tələb etmişdir. O isə, mənzilin satması barədə onlara məktub göndərmiş, lakin həmin məktubun alınması barədə ona məlumat gəlməmişdir. Evi notariusda alqı-satqı yolu ilə satmışdır. İddiaçının bundan xəbəri vardır. İddianı əsassız hesab edərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş kooperativ binanın mənzil tikintisi haqqında xx.xx.2009-cu il tarixli müqavilədən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən tikilməkdə olan Bakı şəh.,M Cəlal küçəsində inşa edilən 17 mərtəbəli 1 –ci blok, mənzil 56, 2 otaqlı mənzili payçı Cavabdeh verməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, payçı Cavabdeh tərəfindən "xxxx" MMC-nin Bakı şəh.,M Cəlal küçəsində inşa edilən 17 mərtəbəli 1 –ci blok, 56 saylı mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********47 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus olmuş Bakı şəh.,M Cəlal küçəsində inşa edilən 17 mərtəbəli 1 –ci blok, 56 saylı mənzil Bakı şəhəri 43 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-26 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 43 saylı notariat kontorunun xx.xx.2015ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh mülkiyyətində olan Bakı şəh.,M Cəlal küçəsində inşa edilən 17 mərtəbəli 1 –ci blok, 56 saylı mənzili hədiyyə alan X2 bağışlamışdır. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" MMC iddia ərizəsində məhkəməyə müraciət etsə də, nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməsinin mümkün olmaması və iclasların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsinin tam əsaslı olduğundan, təqdim etdiyi sənədlərlə kifayətləndiyini və onun xeyirinə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, məhkəmə iddia ərizəsini nəzərdən keçirərkən müəyyən etmişdir ki, iddia tələbində cavabdehdən 6236 manat pul tələb olunsa da, iddia ərizəsinin əsaslandırıcı hissəsində bu məbləğ 2062 manat göstərilib. Hətta əsaslandırıcı hissədə qeyd olunan borcların ayrı-ayrı məbləğləri riyazi hesabla toplandıqda müəyyən olunur ki, məbləğ 2062 manat təşkil edir. İddiaçı hansı səbəbdən cavabdehdən 6236 manat borc pulun tələb etməsi məhkəməyə məlum deyil, bununla bağlı iddia ərizəsinə hər hansı bir sübut təqdim olunmayıb, iddianın dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə daxil olmayıb. Bundan başqa, iş üçün önəmli amillərdən biri də odur ki, cavabdeh məhkəmə iclasında notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın bağışlanması müqaviləsini təqdim edərək, Bakı şəh.,M Cəlal küçəsində inşa edilən 17 mərtəbəli 1–ci blok, mənzil 56, 2 otaqlı mənzilin xx.xx.2015-ci il tarixdə X2 bağışlamasını bildirmişdir. Yəni hazırki iş üzrə Cavabdeh xx.xx.2015-ci ildən etibarən Bakı şəh.,M Cəlal küçəsində inşa edilən 17 mərtəbəli 1 –ci blok, mənzil 56, 2 otaqlı mənzilin mülkiyyətçisi olmadığı halda, ona qarşı sözügedən mənzilin kommunal xərclərin ödənilməməsi ilə bağlı verilən iddia tələbi əsaslı ola bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2015-ci ildən etibarən Bakı şəh., M.Cəlal küçəsində inşa edilən 17 mərtəbəli 1–ci blok, 56 saylı mənzilin mülkiyyətçisi deyil və belə olan halda, sözügedən mənzilin kommunal xərclərinə görə yığılmış borca görə məsuliyyət daşıya bilməz. Yuxarıda qeyd olunanlara əsasən və məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2862/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2862/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver