Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2973/2022 01.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 5804\2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan uşaqları xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 105 manat olmaqla, cəmi 210 manat aliment tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə birgə nikahdan olan uşaqların onun himayəsində qalmaları və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cəmi 210 manat alimentin tutulması müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Cavabdeh Xaçmaz rayonu, Çarxı kəndində yaşamaqla hazırda Bakı-Rusiya avtomobil yolunun çəkilişində işləyir və 600 manat əmək haqqı alır . Hazırda bir uşağın saxlanılması üçün bu ilin Respublika üzrə müəyyən olunmuş minimal ehtiyac səbəti 193 manat müəyyən edilmişdir. Cavabdehin də bunu ödəməyə imkanı vardır. Özü heç yerdə işləmir. Uşaqlar böyüdükcə onların ehtiyacları da artır, uşaqları saxlamaqda çətinlik çəkir. Ona görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda istehlak qiymətləri artmışdır və iddiaçı uşaqları tək saxlamaqda çətinlik çəkir. Cavabdehin işləməməsi onu aliment ödəməkdən azad etmir. Uşaq hüquqları haqqında Konvensiyada gösətirlmişdir ki, uşaqlar üçün yaşayış minimumu təmin edilməlidir. Ona görə də iddiaçı hər uşaq üçün 193 manat aliment tələb edir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi ilə razı deyil. Hazırda işsizdir. Günəmuzd işləyir və hər gün 12 manata fəhləlik edir. Əvvəllər Dəmiryolu stansiyasında işləyib, sonradan həmin qurumun fəaliyyəti dayandırılmışdır və o, işsiz qalmışdır. Sonradan "xxxx" MMC-də montajçı işləyib artıq 3 gündür ordan da işdən çıxmışdır. İddiaçının imkanları yaxşıdır onun 15 ha torpaq sahəsi və fındıq bağı, avtomaşını var. İddiaçı sağlamdır özü işləyib uşaqları saxlaya bilər. Uşaqlar üçün 210 manat alimenti mütəmadi olaraq ödəyir. Cavabdehin vəkili Vəkil2 cavabdehlə eyni məzmunlu ifadə verərək, uşaqları hər iki valideynin saxlmasını bildirmiş, uşaqların hazırda 14 və 17 yaşları vardır. Ana da işləyib qazanc əldə etməlidir. cavabdehin valideynləri ahıl yaşdadırlar və ailənin yeganə qazanc gətirəni cavabdehdir. Ona görə də qətnamə qəbul edilərkən bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-5804\2017 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 105 manat olmaqla, cəmi 210 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən iddianın verilməsi üçün 16.32 manat dövlət rüsumu ödənilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də montajçı vəzifəsində çalışır və aylıq əmək haqqı 450 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-5804\2017 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 105 manat olmaqla, cəmi 210 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay cəmi 210 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 mənafeyinə zidd olacağı və uşaqların hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 340 manat artırıldığından, iddianın qiyməti 130 manat x 12 aya= 1560 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 35.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-5804/2017 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 35.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2973/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2973/2022
01.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver