Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-309/2025 13.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMCnin xeyrinə 1398 manat və 34 manat dövlət rüsumunun, cəmi 1432 manat məbləğinin tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Abbasova X2 MMC-yə məxsus 23 iyun 2024-cü il tarixdə İddiaçı MMC-nin Xaçmaz şəhərində yerləşən “Madeyra” mağazasından 1398 manat məbləğində şəxsi istehlak məqsədilə şifahi nisyə alqı-satqı müqaviləsi üzrə mebel (Fiesta yataq dəsti) almışdır. 24 iyun 2024-cü il tarixdə sifariş verilmiş mebellər ünvan 1 ünvanına çatdırılmışdır. Cavabdeh əldə etdiyi mebellərin dəyərini bu günədək ödəməyib. Cavabdeh hal-hazırda 1398 (bir min üç yüz doxsan səkkiz) manat borcu qalmışdır. 1398 manat borcun ödənilməsi ilə bağlı Cavabdeh ünvanına İddiaçı MMC tərəfindən 25 iyul 2024-cü il tarixli, 366 nömrəli rəsmi xəbərdarlıq məktubu (həmçinin whatsapp yazışmaları da mövcuddur) göndərilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh 24 iyunda mebel mağazasına gəlib mal sifariş verib və Sumqayət şəhərinə çatdırılmasını xahiş etmişdir. Onunla heç bir müqavilə bağlanmasa da, şifahi razılaşma olmuşdur. Sifariş blankında cavabdehin verilənləri, sifarişin məbləği və çatdırılma ünvanı qeyd olunmuşdur. Sifariş verilən mallar cavabdehin istəyi ilə Sumqayıt şəhərinə çatdırılmış, lakin bu günə qədər malların dəyəri olan 1398 manat ödənilməyib. Sifarişli blankda cavabdehin imzası yoxdur. Ümumiyyətlə cavabdehin imzaladığı heç bir sənəd yoxdur. Bu onların qüsurudur. Təhvil-təslim aktını da axtarmış, tapa bilməmişdir. Konkret olaraq hansı malları sifariş verilməsi ilə bağlı dəqiq məlumatı onların işçisi məlumat verə biləcək. Həmin əməkdaş şahid qismində ifadə vermək üçün məhkəməyə dəvət olunub. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, həqiqətən də o, 2024-cü ilin iyul ayında mebel mağazasına gedərək orada qızı üçün cehizlik mebel dəsti seçmişdir. Ondan ilkin ödəniş istəyən olmamışdır. Heç müqavilə belə bağlanmamışdır. Heç bir sənədə imza atmasa da, sifariş verdiyini təsdiq edir. Amma sifariş 1398 manat olmayıb. Daha az olmuşdur. O, mebeli Sumqayıt şəhəri Nasosnu adlanan qəsəbəyə göndərilməsini tapşırmışdır. Həmin ünvanda onun qızının nişanlısı yaşayır. Elə mebel də, qızının nişanlısının evinə getməli idi. Sonra belə oldu ki, qızı nişanlısı ilə mübahisə etmiş və aralarında gərginlik yaranmışdır. Sonra isə nişan qaytarılmışdır. Mebellər isə halhazırda qızının keçmiş nişanlısının evində qalıb, ona görə də cavabdeh qismində onun cəlb edilməsini xahiş etmişdir. Sifarişin konkret nədən ibarət olmasına gəldikdə isə, sifarişə 650 manat dəyərində mebel dəsti, stol və 6 ədəd stul və matras daxil olmuşdur. Satıcının məhkəmə iclasında səsləndirdiyi ifadə ilə qismən razıdır. Belə ki, satıcı demişidir ki, mebel dəstini 650 manata, matrası 155 manata, masanı 149,6 manata, 6 ədəd oturacağı 374,4 manata və çarpayının içliyini 69 manata razılaşmışlar. O deyilənləri qismən qəbul edir. Belə ki, çarpayının içliyi barədə heç bir söhbət aparılmamışdır. Qalan sifarişlər və qiymətlərlə razıdır. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, cavabdeh onlara mebel almaq üçün yaxınlaşmışdır. Demişdir ki, məhsulu oğlan evinə göndərin, sabah gəlib ödənişi edəcək. Cavabdeh heç bir sənədə imza etməmişdir. Cavabdeh “Fiesta” yataq dəsti, bir də qonaq dəstinin stol və stullarını götürüb. Hesablamışlar 1398 manat olmuş, bunu cavabdehə demişdir. Cavabdehin səs yazıları telefonunda var. Orada onun sifariş verməsi, hansı ünvana çatdırılması, oğlanın adı, soyadı, təvəllüdü qeyd olunub. Cavabdehə məbləği demiş və o, məbləğlə razılaşıb. Deyib ki, məhsullar dediyi yerə göndərilsin, sabah gəlib pulu ödəyəcək. 1398 manatlıq mal satmışlar. Yataq mebel dəsti cavabdehə kampaniya ilə satılmayıb, ona endirim etmişlər. Yataq mebel dəstini 650 manatla razılaşmamışlar, matras, içlik əlavədir. Mağaza müdirinin cavabdehlə kontaktı olub. Məhsulları satanda, sistemə vuranda onun yanında olmuşdur. 1 günə görə müştəriyə imza etdirmirlər. Onlayn da satış edirlər, müştəri zəng edir ki, məhsulu göndərin, ödənişi edirik. Cavabdeh də demişdir ki, mebel oğlan evinə çatsın, səhər gəlib ödənişi edəcək. Sifariş blankına imza atdırmırlar, kreditlə versələr imza atdırırlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, cavabdehi müştəri kimi tanıyır, onunla heç bir qohumluğu, ədavəti yoxdur. İyunun 24-də cavabdeh mağazaya yaxınlaşıb qızı üçün cehiz mebel götürmək istədiyini bildirmişdir. Həmin gün işdə olmamışdır. Səhəri gün işə gələndə satıcı ona demişdir ki, cavabdehlə qiymət barədə razılaşıblar və məhsulu dediyi ünvana yollayırlar. Həmin vaxt dolab gəlmədiyinə görə onu sonradan yollamışlar. Pul məsələsinə gələndə cavabdeh birinci dəfə demişdir ki, qohumu ölüb, alınmır. Ondan sonra zəng edəndə bildirmişdir ki, nişanı qaytarmışlar. O cavabdehlə sonradan telefonla danışmışdır. Mebel getməmişdən əvvəl cavabdehlə danışmamışdır. Qiymət barədə satıcı danışıb. Kreditlə satışda imza etdirirlər. Nağd alışda məhsul gedir, quraşdırılır, müştəri pulunu verir. İş materiallarında olan sifariş blankından görünür ki, Cavabdeh 23 iyun 2024-cü il tarixdə İddiaçı MMC-nin Xaçmaz şəhərində yerləşən “Madeyra” mağazasından “fiesta” yataq dəsti: çarpayı, 1 qapılı dolab, çarpayı içi (qabırğa), 2 ədəd tumba, kamod güzgü, güzgü birləşdirici, ecacoft matras, fiesta masa mexanizm, mirvari brovn 6 ədəd stul sifariş vermişdir. İş materiallarında olan 23 iyun 2024-cü il tarixli alıcının sifariş reyestrindən müəyyən olunur ki, 1 ədəd matrasın dəyəri 155 manat, 1 ədəd masanın dəyəri 149.60 manat, 6 ədəd mirvari brovn stulun dəyəri 374.40 manat olmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2024-cü il tarixli şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə 1398 manat borcu yaranmışdır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 34 manat dövlət rüsumu ödənilmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567.-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, cavabdeh iddianı etiraf etdiyi hissədə, iş üzrə əlavə araşdırmaya hər hansı bir zərurət yoxdur. Lakin cavabdehin etiraf etmədiyi 69 manat dəyərində çarpayının içliyi hissəsində iddiaçı iddia tələbini heç cür əsaslandırıb sübuta yetirə bilməmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh 23 iyun 2024-cü il tarixdə İddiaçı MMC-nin Xaçmaz şəhərində yerləşən “Madeyra” mağazasından şəxsi istehlak məqsədilə şifahi nisyə alqı-satqı müqaviləsi üzrə mebel almışdır. 24 iyun 2024-cü il tarixdə sifariş verilmiş mebellər ünvan 1 ünvanına çatdırılmışdır. Cavabdeh əldə etdiyi mebellərin dəyərini ödəmək öhdəliyini üzərinə götürmüş, lakin cavabdeh şifahi razılaşmaya (alqı-satqı müqaviləsinə) əsasən üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh pulu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi 1398 manat məbləğdə pulun 1329 manat hissəsi iş materiallarına, tərəflərin izahatlarına, şahid ifadələrinə və cavabdehin etirafına əsasən təsdiqini tapmışdır. İddia tələbinin qalan 69 manat hissəsi (çarpayının iç hissəsi) isə iddiaçı tərəfindən sübuta yetirilməmiş və cavabdeh tərəfindən etiraf edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh şifahi tapşırığa əsasən üzərinə öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, o cümlədən, icra etmədiyi öhdəliyin müqabilində əvvəlcədən ilə şərtləşdirilmiş və ona verilmiş muzdu, yəni iddiaçı tərəfin düşdüyü zərərin əvəzini iddiaçıya qaytarmalıdır, iddiaçının irəli sürdüyü tələb qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci və “Dövlət rüsumu haqqında” Qanununun 8-ci maddəsinə əsasən iddia tələbi 1329 manat məbləğində təmin olunduğundan buna mütənasib olaraq 33,29 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, rüsumun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1329 manat məbləğində pul və ödənilmiş 33,29 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-309/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-309/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver