Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-31/2024 09.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh üç ədəd nasosun və on iki ədəd farsunkanın dəyəri olan 8000 manat məbləğində pulun və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonunun Barlı kəndində yaşayır. Aylıq gəliri və ailəsinin dolanışığını kənd təsərrüfatı ilə məşğul olaraq təmin edir. Onun 3 ədəd traktoru var və həmin traktor vasitəsilə kənd təsrrüfatı ilə məşqul olur. 2021 ci ilin oktyabr-noyabr aylarında işlətdiyi traktorların 3 ədəd nasosu və 12 ədəd farsunkası xarab olmuşdur. Cavabdehi usta kimi tanımış və ona traktorun sıradan çıxmış detalları barədə məlumat vermişdir. Cavabdehlə onların təmiri üçün (bir ədəd nasos və altı ədəd farsunka) 350 manata razılaşmışlar. Bundan sonra o, həmin detalları təmir üçün Cavabdeh vermiş, hətta bir ədəd nasosun və 6 ədəd farsunkanın materialı və usta zəhmət haqqısı da daxil olmaqla 350 manat pulu cavabdehə vermişdir. Cavabdeh ona hələ ki, vaxtının olmadığını və bir ədəd nasos və altı ədəd farsunkanı təmir edəcəyini daha sonra qalanların təmir edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra cavabdeh ona zəng vurub bir ədəd nasos və altı ədəd farsunkanı təmir etdiyini bildirmiş, lakin atası ağır xəstə olduğundan hazır olan detalları cavabdehdən götürə bilməmişdir. Sonradan cavabdehdən təmir elədiyi nasos və farsunkaları götürmək üçün getsə də cavabdeh 3 ədəd yanmış nasosu ona verə biləcəyini bildirmişdir. O, isə nasosları təmir üçün verdiyini və onları yandırmağa vermədiyini bildirəndə cavabdeh “mənlik deyil get nə istəyirsən et” deyərək ona cavab vermişdir. Bundan sonra Xaçmaz rayon PŞ-nin Nərəcan kənd sahə müvəkkili ilə birlikdə cavabdehin yanına getmişdir. Polis əməkdaşı cavabdehlə məsələyə aydılnlıq gətirməyə çalışsada cavabdeh ona bu məsələ mülki xarakterli olduğu bildirmişdir. Xaçmaz rayon Polis şöbəsindən də ona məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdehə 3 ədəd traktor nasoslarını və 12 ədəd farsunkaları təmir etmək üçün vermişdi, lakin cavabdeh nasosları ona sonradan yanmış vəziyyətdə qaytarıb. Bunun səbəbi isə sexdə yanğının baş verməsi olmuşdur. O cavabdehə cəmi 3 nasos vermişdir. Onlardan 1 nasosun üzərində forsunkalar olmayıb, 2 ədəd nasosun üzərində isə 12 ədəd forsunkaları olub. Hər nasosda 6 ədəd forsunka olur. Cavabdeh deyir ki, təmirə verilən nasoslardan biri yanmış vəziyyətdə olub, amma bu belə deyil. Cavabdeh ondan yanmış nasos təhvil almayıb, sadəcə nasaz vəziyyətdə idilər. O cavabdehə nasosları təhvil verdikdən təxminən bir gün sonra cavabdeh ona zəng edərək, nasosus birinin hazır olduğunu bildirmişdir. O isə, atası xəstə olduğundan hazır olan nasosu gəlib apara bilməmişdir və nasos cavabdehin sexində qalmışdır. O cavabdehə nasosları təhvil verən zaman yalnız bir nasosun ehtiyat hissələrini vermişdir. Razılaşma belə olmuşdur ki, cavabdeh digər iki nasosun zəruri olan ehtiyat hissələrini alıb tam təmir etdikdən sonra, o cavadbehə həm təmir pulu, həm də ehtiyat hissələrinə xərclənən pulu ödəməli idi. Lakin cavabdehin sexi yandığından, orada ona məxsus olan 3 ədəd nasos və 12 ədəd forsunkanın da pulunu cavabdehdən tələb edir. Sexdə yanğının olmasına dair heç bir şübhə yoxdur, çünki özü də gedib həqiqətən sexin yandığının şahidi olmuşdur. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı ona 2 ədəd traktor nasoslarını və 12 ədəd farsunkaları təmir etmək üçün verib. Onlardan biri əvvəlcədən yanmış, yararsız vəziyyətdə idi. O, bir nasosu iddiaçı ona verdiyi günün səhəri gün təmir edib, iddiaçıya zəng etmişdir ki, gəlib aparsın, lakin iddiaçı vaxtında gəlib aparmadı, sonra da onun işlədiyi sexdə yanğın baş verdi və sexdə olan hər şeylə birlikdə iddiaçının nasosları da yandı. Təqdim olunan nasoslardan biri əvvəldən yanmış və yararsız olmuşdur. İddiaçı bildirir ki, nasosların heç biri yanmış və yararsız olmayıb. Bu yalandır. Nasos üçün ehtiyat hissələri iddiaçı tərəfindən alınıb gətirilməli idi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan-Türkiyə Toxumçuluq və X2 22 fevral 2022-ci il tarixli 12 nömrəli məktubundan görünür ki, İddiaçı ilə Azərbaycan-Türkiyə Toxumçuluq və X4 arasında bağlanmış 03 sentyabr 2021-ci il tarixli XM-007 nömrəli müqaviləyə əsasən müəssisənin əkin sahələrinə 2021-ci ilin sentyabr, oktyabr və noyabr aylarında mala və diskli mala çəkilməsi işlərini həyata keçirmişdir. İşlərin görülməsini o, özünə məxsus 3 ədəd MTZ-1221 markalı traktorla başlamış, sonradan 2 ədəd traktorda nasazlıq yaranmış və işi 1 ədəd traktorla həyata keçirmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 120 manat rüsum ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli 9/5035 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Belarus-1221.2 markalı traktorun və Belarus-1221 markalı traktorun sıradan çıxmış üç ədəd nasosun və on iki ədəd farsunkanın 2022-ci ilin sentyabr ayına nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2400 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 752.1-ci maddəsi: Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsi: Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsi: Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3-cü maddəsi: Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4-cü maddəsi: Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 770-ci maddəsi: Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 772.1-ci maddəsi: görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. 772.2-ci maddəsi: Materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını dinləyib belə qənaətə gəlir ki, İddiaçı özünə məxsus 3 ədəd nasosu və 12 ədəd forsunkanın təmir olunması üçün Cavabdeh təhvil vermişdir. Cavabdeh məhkəmədə bildirmişdir ki, o, iddiaçıdan nasosları təhvil alarkən, nasosun biri tam yanmış və yararsız vəziyyətdə idi. Məhkəmə buna münasibət bildirərək hesab edir ki, cavabdehin söylədiyi bu fakt həqiqətəuyğun ola bilməz, ona görə ki, nasosun biri tam yanmış və yararsız vəziyyətdə olsa idi, onda həmin nasosu təhvil almağa zərurət olmazdı. Cavabdeh tam yanmış və yararsız halda olan nasosu hansı məqsədlə təhvil almasını heç cür əsaslandıra bilməmişdir, buna görə də, məhkəmə nasosun sadəcə nasaz vəziyyətdə olması və cavabdeh tərəfindən təmir edilməsi üçün təhvil alması kimi qiymətləndirir. İkinci məsələ odur ki, cavabdeh nasosun birini düzəltdikdən sonra, bu barədə iddiaçıya məlumat versə də, iddiaçı vaxtında gəlib nasosu təhvil almamışdır. Mülki Məcəllənin 770-ci maddəsinə görə Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə bu normaya istinadən hesab edir ki, iddiaçının hazır olmuş nasosu və forsunkaları vaxtında təhvil almaması və həmin nasosun sexdə qalmsı, sonradan isə sexdə yanğının baş verməsi ona dələlət edir ki, cavabdeh həmin nasosa görə məsuliyyət daşıya bilməz. Qalan iki ədəd nasos və altı ədəd farsunkaya görə isə cavabdeh məsuliyyət daşıdığından, həmin malların dəyəri ekspert rəyinə uyğun olaraq cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli 9/5035 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Belarus- 1221.2 markalı traktorun və Belarus-1221 markalı traktorun nasosunun bir ədədinin qiyməti 400 manat, fasrsunkanın 1 ədədinin qiyməti isə 100 manatdır. Belə olan halda, cavabdehdən iki ədəd nasosa görə 800 manat və 6 ədəd forsunkaya görə 600 manat, cəmi 1400 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə bağlı məhkəməyə 120 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən ödənilmiş dövlət rüsumunun 34 manatı iddiaçının xeyrinə tutulmalı, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1400 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 34 manatı alınaraq İddiaçı verilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-31/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-31/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver