Məhkəmə qərarları › İş №2(067)-3102/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3102/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3102/2025 04.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh əsassız varlanmaya görə 4195.40 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 61.96 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdən "xxxx" ASC-nin Xaçmaz filialında müştərilərlə iş üzrə aparıcı mütəxəssis vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə iş yerində gündəlik əmək funksiyalarını yerinə yetirərkən müştəri Cavabdeh xidmət almaq üçün yaxınlaşaraq adına “Western Union” sürətli pul köçürməsi sistemi ilə pul vəsait gəldiyini bildirərək köçürmə kodunu təqdim etmişdir. Köçürmə kodunu araşdırdıqda həmin şəxsin adına 300 ABŞ dolları məbləğində pul vəsaitinin gəldiyi tərəfindən müəyyən edilmişdir. Həmin gün bankda müştəri sıxlığı mövcud olmuş və bir çox müştərilər növbəsiz yaxınlaşaraq ona suallar vermişlər, bu səbəbdən də fikri yayındığından Cavabdeh adına gələn 300 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzinə 3000 ABŞ dolları qeyd etdiyindən Cavabdeh bankın kassasından 3000 ABŞ dolları məbləğində pul vəsaitini götürüb getmişdir. Həmin günün sonunda uçot zamanı hesablarla fərq aşkar olunmuş, Cavabdeh bankın kassasından 2700 ABŞ doları məbləğində pul vəsaitinin artıq verildiyi müəyyən edilmişdir. Bundan sonra həmin şəxsə zəng olunaraq pul vəsaitinin ona artıq verildiyi bildirilmiş, lakin həmin şəxs Bakı şəhərində olduğunu, ona verilən pulu artıq xərclədiyini, artıq verilən 2700 ABŞ dolları məbləğində pulu sonra ödəyə biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxs onun göndərdiyi bank kartı hesabına 400 manat məbləğində pul göndərmişdir. Lakin, həmin şəxs qalan pulu qaytarmaqdan yayınmış, dəfələrlə ona zəng etsə də, pulun qaytarılmasını təmin etməmişdir. Bundan sonra o iş yerində narazılıq yaranmaması məqsədi ilə 2700 ABŞ dolları məbləğində pulu satın alaraq işlədiyi "xxxx" ASC-nin Xaçmaz filialının kassasına ödəmişdir. Daha sonra o yenidən Cavabdehla əlaqə saxlamağa cəhd etsə də, həmin şəxs onunla danışıqlardan imtina etmiş, zənglərinə cavab verməmişdir. Bununla da, onun bu hərəkətləri nəticəsində o özünün pul vəsaitindən məhrum olmuşdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2024-cü ilin aprel ayında cavabdeh işlədiyi "xxxx" ASC-nin Xaçmaz filialına yaxınlaşaraq ona pul gəldiyini bildirərək köçürmə kodu təqdim etmiş, kodu yoxladıqda 300 ABŞ dolları pul vəsaiti olduğunu görmüşdür. Lakin o səhvən 3000 ABŞ dolları qeyd etdiyi üçün cavabdeh kassadan 3000 ABŞ dolları pulu götürmüşdür. Cavabdehə dəfələrlə pulu geri qaytarmasını bildirsə də, yalnız 400 manat məbləi qaytarmış, qalan hissəni qaytarmamışdır. Əmək haqqı ilə krediti ödəyir. Cavabdehdən 4195.40 manat pulun tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh düşünür ki, o texniki səhv etmiş, bank ona həmin pulu bağışlamışdır, lakin onun 20000 manat krediti var, həmin məbləği də banka əlavə kredit alıb ödəmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, bankın müdiri və xəzinədarı imza etməsəydi həmin pul ona verilə bilməzdi, həmin pulun ondan tutulmasının onun sosial vəziyyətinə təsir edəcəyi nəzərə alınmalıdır. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh xidmət almaq üçün iddiaçıya yaxınlaşaraq adına “Western Union” sürətli pul köçürməsi sistemi ilə pul vəsait gəldiyini bildirərək köçürmə kodunu təqdim etmişdir. Köçürmə kodunu araşdırdıqda həmin şəxsin adına 300 ABŞ dolları məbləğində pul vəsaitinin gəldiyi müəyyən edilmişdir. İddiaçı cavabdehin adına gələn 300 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzinə yanlışlıqla 3000 ABŞ dolları qeyd etdiyindən cavabdeh bankın kassasından 3000 ABŞ dolları məbləğində pul vəsaitini götürmüşdür. İddiaçı Cavabdeh həmin puldan 400 manat məbləği geri qaytarmışdır. Qalan məbləğ iddiaçı tərəfindən bankın hesabına köçürülmüşdür. İddiaçı həmin məbləğin cavabdehdən geri qaytarılmasını xahiş edir, cavabdeh iddianı qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən çıxarışdan (iş yerinə dair arayışdan) görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən "xxxx" ASC-nin Xaçmaz filialında müştərilərlə iş üzrə aparıcı mütəxəssis vəzifəsində işləyir. -xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən 2700 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" ASC-nin Xaçmaz filialına köçürülmüşdür. -nağd valyutanın satılması barədə bank çıxarışından görünür ki, 2700 ABŞ dolları İddiaçı satılmışdır. 2700 ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbəti 4595.40 manat təşkil edir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış pul köçürmə sənədindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh 300 USD məbləğində vəsaitin Western Union sürətli pul köçürməsindən daxil olması əks olunmuşdur. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış kassa məxaric sənədindən görünür ki, 3000 USD məbləğində vəsaitin Kapital Bank ASC-nin Xaçmaz rayon filialının kassasından Cavabdeh verilməsi əks olunmuşdur. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 62 manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1092.1.1 bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı qarşısında pul öhdəliyi mövcuddur və iddiaçının cavabdehə qarşı yönəlmiş iddia tələbinin hüquqi əsasını müqavilədən kənar öhdəlik, yəni əsassız varlanma nəticəsində əmələ gələn öhdəlik təşkil edir. Belə ki, cavabdeh iddiaçının diqqətsizliyindən sui-istifadə edərək 2700 ABŞ dolları (ekvivalent 4595.40 manat) məbləği həddində varlanmış, iddiaçı isə həmin məbləğdə pul vəsaitindən məhrum olmuşdur. Belə ki, iddiaçı "xxxx" ASC-nin Xaçmaz filialında yaranmış 2700 ABŞ dolları məbləğində fərqi aradan qaldırmaq üçün 4595.40 manata həmin həcmdə ABŞ dollarını satın alaraq həmin filialın kassasına ödəmiş, həmin pulun 400 manat hissəsi Cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, buna görə də, cavabdehin əsassız varlanmaya görə iddiaçının qarşısında hazırda 4195.40 manat həcmində öhdəliyi vardır. Yuxarıda sadalanan hallar bankın mühasibat sənədləri, o cümlədən Cavabdeh etirafı ilə tam təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4195.40 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib hissəsi cavabdehə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4195.40 manat məbləğində pul və 61.96 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar