Məhkəmə qərarları › İş №2(067)-311/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-311/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-311/2025 13.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 6300 manat manat pulun və dövlətə ödədiyi rüsumun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz bazarında alverlə məşğuldur. Sərdarı da müştəri kimi tanıyır. Sərdar hərdənbir söhbət edir, öz işlərindən problemlərindən danışırdı. Bir gün o, evinin olduğunu, ailəsinin dağıldığını, evi sənədləşdirəndən sonra satmaq istədiyini demişdir. Lakin bunları etmək üçün ona pul lazım olduğunu bildirmişdir. Onu da deyirdi ki, evin müştərisi hazırdır. 35.000 manata satacaq. İndi ona 2000 manat pul lazımdır və ondan inadkarcasına o pulu ona versin. Tezliklə qaytaracağına söz vermişdir. xx.xx.2020-ci ildə 2000 manatı Sərdara vermiş, ondan bu barədə yazılı iltizam almışdır. 2 il keçmiş, hər dəfə pulu istədikdə hələ sənədlərin düz olmadığını, məhkəmələrdə süründüyünü deyirdi. 2022-ci ilin martında oğlu Ramazanov Əfqanla danışır, yalvarır ki, ona vacib bir neçə borclarını bağlamaq üçün pul lazımdır. Əgər bu pulu ona versə, əvvəlki pulu və bu pulu hər gün 40 manat hesabı ilə ödəyəcək. Bu pul verilməsə istədiyi obyekt bağlanacaq. O işsiz qalacaq, pulu da verə bilməyəcək. Çarəsiz qalaraq özündə pul az olduğu oğlu Əfqana «Bank Respublika»dan 3000 manat pul aldırmış, özü də 2000 manat əlavə edib Sərdara xx.xx.2022-ci il tarixdə 5000 manat pul verib Sərdardan umumi borcu üçün yazılı iltizam almışdır. O gündən Sərdar ona hər gün 40 manat olmaqla 500 manat pul ödəmişdir. Üstündən nə qədər keçdikdən sonra da 200 manat pul ödəmişdir. Sərdar mənə 7000 manat pul borcundan 700 manat ödəmiş, 6300 manat pul borcu qalmışdır. Sərdarın ona ödədiyi pul qədər o bank faizi də ödəmişdir. Sərdarın ona vurduğu zərər ölçüyə gəlmir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə hissə-hissə 7000 manat borc pul vermişdir. Qəbzdə olan 2600 manat pul da 7000 manata daxildir. Cavabdeh borcdan hissə ilə cəmi 1200 manat qaytarmışdır. Hazırda cavabdehin 5800 manat borcu qalmışdır. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçının tələb etdiyi məbləğlər faizlərdir. 2020-ci ildə borc alıb qaytarmışdır. İddiaçıya 4000 manat ödəmiş, 2600 manat faiz borcu var. İddiaçıya ilk borcu ödəməsəydi ona yenidən borc verməzdi. İddiaçıya ödədiyi pulların qəbzləri silinib. İddiaçıdan 4500 manat pul almış, 7000 manata imza etmişdir. Ödəniş qəbzləri qalmayıb. Hazırda iddiaçıya 2600 manat borcu qalıb. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2020-ci il tarixli iltizamdan (əlyazma-əqddən) müəyyən olunur ki, Cavabdeh İddiaçı 2600 manat məbləğində borc pul almışdır. -xx.xx.2022-ci il tarixli iltizamdan (əlyazma-əqddən) müəyyən olunur ki, Cavabdeh İddiaçı 7000 manat məbləğində borc pul almışdır. Həmin pulu hər gün 40 manat ödəməyə razılaşmışlar. -Cavabdeh izahatında göstərmişdir ki, Azərbaycan Respublikası MM-də nəzərdə tutulmuşdur kı verilmiş borc pul üç il ərzində tələb oluna bilər lakin Ceyran xanım ondan xx.xx.2020-ci il tarix də və əlavə yığılıb qalan 4 illik 10% nı yığılıb qalan sələm pulu tələb edir, Xaçmaz rayon məhkəməsinə verilmiş iddia ərizəsi tam əsassız və qanunsuzdur. Onun iddiaçıya borcu yoxdur. Ceyran xanımdan aldığı 2000 manat pulu qaytarmasaydı o, ondan dərhal Xaçmaz rayon Poiis Şöbəsinə şikayət edərdi, özü də bilir ki, hal-hazırda ondan tələb etdiyi 6300 manat pul 10% lə aldığı 2000 manat pulun yığılıb qalan sələmini tələb edir. O, xx.xx.2020-ci il tarixdə Ceyran xanımdan aldığı 2000 manat pulu qaytarmadan Ceyran xanımın marağı nə idiki dediynə görə oğlu Əfqanın adına "Bank Respulikadan" Xaçmaz filialından 3000 manat kredit alaraq və evində olduqu 2000 manat pulla birlikdə 5000 manat da ona borc pul vermişdir. Ceyran xanım Xaçmaz rayonunda sələmlə pul verən şəxslərdən biridir, iddiaçı Ceyran xanım əyər ona yenidən 5000 manat pul vermişdirsə niyə görə notariat qaydada borc müqaviləsi əsasında verməmişdir, 500 manatdan yuxarı verilmiş borc pullar notariat qaydada borc müqaviləsi əsasında verilir. Xahiş edir hüquqi qiymət verilsin. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 100 manat rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2020-ci il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli iltizamlar (əlyazma-əqdlər) əsasında Cavabdeh İddiaçı ümumilikdə 7000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. İddiaçı cavabdehin borc puldan 1200 manat qaytardığını bildirsə də, cavabdeh iddianı qismən qəbul edərək borcdan daha çox hissə qaytardığını və cəmi 2600 manat borcunun qaldığını bildirmişdir. Lakin cavabdeh məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli cavabdehdən 5800 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi qismən, yəni 5800 manat hissədə təmin olunduğundan, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, 5800 manat hissəsinə uyğun olaraq 78 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5800 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 78 manat hissəsi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar