Məhkəmə qərarları › İş №2(067)-318/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-318/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-318/2023 19.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 və cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 17 842 (on yeddi min, səkkiz yüz qırx iki) dolları maddi ziyanın, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 210 (iki yüz on) manat dövlət rüsumunun alınaraq, İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 DAF markalı yük dartıcı və ** ZA *** dövlət nömrə nişanlı qoşqusu ilə Rusiya Federasiyasının Moskva şəhərinə apardığı kənd təsərrüfatı məhsulllarını 06 may 2021-ci il tarixdə sifarçi tərəfə təhvil verərkən məlum olmuşdur ki, soyuducunu işlətməməsi səbəbindən həmin məhsullar tam yararsız hala düşmüş, bununlada müəssisəyə 17 842 (on yeddi min səkkiz yüz qırx iki) ABŞ dolları məbləğində ziyan vurmuşdur. Cavabdeh zərəri ödəyəcəyinə söz versədə, artıq 2 aydan çox vaxt keçsədə, ziyanı ödəməmişdir. Ona görə məhkəmədə iddia qaldırılıb. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh İddiaçı MMC-nə məxsus “DAF” markalı yük dartıcı və ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunu Rusiya Federasiyasının Moskva şəhərinə apardığı kənd təsərrüfatı məhsullarını xx.xx.2021-ci il tarixdə sifarişçi tərəfə təhvil verərkən məlum olmuşdur ki, cavabdehin soyuducunu işlətməməsi səbəbindən həmin məhsullar tam yararsız hala düşmüş, bununla da müəssisəyə 17842 manat ABŞ dolları məbləğində ziyan vurmuşdur. İddia tələbi ilə bağlı sübutları akt, malin sahibi tərəfindən tərtib olunmuş pretenziya, cavabdehin özünün əməlini etiraf etməsi barədə izahatıdır. Cavabdehin özünün etiraf edici izahatı var ki, soyuducuya baxmalıdır. Sürücülər adətən soyuducunu söndürürlər ki, yanacağa qənaət edib sonra satsınlar. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli pretenziyasının və ona əlavə olunmuş "xxxx" MMC-nin Survey (araşdırma) hesabatının rus dilində olan əsillərini və həmin sənədlərin azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq edilmiş surətlərini, bundan başqa nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərini, həmçinin fotoşəkillərin surətlərini təqdim etmişdir. Həmin fotoşəkillərdə xarab olmuş məhsulların təsvirləri əks olunub. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyib, iddia ərizəsinə yazılı etirazını təqdim etmişdir. İzahatını yazılı etirazına uyğun verərək qeyd etmişdir ki, iş materialları ilə tanışdır. Birincisi İddiaçı MMC nəqliyyat şirkəti kimi icraçıdır, "xxxx" MMC isə sifarişçidir. Onların arasında xx.xx.2021-ci il tarixdə 1 il müddətinə nəqliyyat xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılıb. Müqavilənin adından da göründüyü kimi İddiaçı MMC "xxxx" MMC-yə nəqliyyat xidməti göstərir, "xxxx" MMC də sifariş edir ki, mal RF-nın Moskva şəhərinə Food City bazarına çatdırılır. Müqavilənin 5-ci bəndində iddiaların təqdim olunması qaydası yazılır. Orada qeyd olunur ki, əgər sifarişçi "xxxx" MMC-nə təhvil verilmiş mal yararsız vəziyyətdə olarsa, 5-7 gün ərzində icraçı tərəfindən sifarişçiyə ziyanın ödənilməsi haqqında iddia göndərilir, "xxxx" MMC iddia göndərir. O iddia da var. 30 gün müddətində icraçı həmin iddiaya münasibət bildirməlidir, ya ziyanı sifarişçiyə ödəməlidir ya ödəməkdən imtina etməlidir. Bu məsələ may ayında olub, yəni qeyd olunan müqavilənin qüvvədə olduğu müddətdə olub bu hadisə. "xxxx" MMC iddianı İddiaçı MMC-nə göndərib və ziyan məbləği 17842 ABŞ dolları hesablanıb. xx.xx.2021-ci il tarixdə iddia tərtib olunub. Ziyan aktını "xxxx" MMC tərtib edib Moskvada, aktın tərtibində cavabdeh özü də iştirak edib. "xxxx" MMC müəyyən edib ki, göndərilən mal, yəni avtomaşına yüklənmiş yük “romanov” salatı brutto çəkisi 6900 kq, netto çəkisi 6350 kq, “kərəvəz sapı”, brutto çəkisi 1700 kq, netto çəkisi 1600 kq və “kəvər soğanı”, brutto çəkisi 1400 kq, netto çəkisi 1300 kq olub. Həmin məhsulların ümumi dəyəri hesablanıb və 17000 ABŞ edib. Gömrük xərcləri 1162 ABŞ dolları, zibilin utilizasiyası 680 ABŞ dolları, malın satılması mümkün olmuşdur, 100 ABŞ dollarına satmışdır. Qeyd olunub ki, İddiaçı MMC "xxxx" MMC-nə 17842 ABŞ dolları ziyan vurub və xahiş olunub ki, 30 iş günü ərzində maddi ziyan ödənilsin. Müqavilədə o da yazılır ki, tərəflərin aralarındakı münasibətlər RF-nın qanunları ilə nizamlanır. Əslində iddiaçı cavabdehə qarşı reqress qaydasında iddia ərizəsi verməlidir. Əvvəlcə İddiaçı MMC ziyanı "xxxx" MMC-nə ödəməlidir. Pulun ödənilməsinə dair isə heç bir sənəd, məhkəmə çəkişməsi yoxdur. Cavabdehin maddi məsuliyyət müqaviləsinə, əmək müqaviləsinə toxunmur. Sənədlərdə qeyd olunur ki, cavabdeh özü də etiraf edib ki, malı aparıb sağlam vəziyyətdə Eşqin adlı şəxsə təhvil verib. O, "xxxx" MMC-nin baş direktorudur. Cavabdeh verdiyi məlumata əsasən malı Moskva şəhərində Food city bazarına aparırdılar, orada malı həkim müayinədən keçirirdi, müayinədən keçməzsə mal bazara daxil ola bilməzdi. Bu mal da bazara həqiqətən daxil olub. Eşqin mala baxış keçirib, müəyyən edib ki, malda korlanma var, bunu özləri müəyyən ediblər. Reqress iddia qaydasında iddia verilməli idi. İddiaçının hazırda tələb etdiyi məbləğ "xxxx" MMC-nin İddiaçı MMC-dən tələb etdiyi məbləğdir. Ziyan "xxxx" MMC-nə dəyib. İddiaçı MMC ziyan ödəyib cavabdehə qarşı reqress iddia qaldırmalı idi. Hazırda iddiaçının cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, 2013-cü ildən İddiaçı MMC-də xətt nəzarətçisi işləyir. Vəzifəsi yükdaşımada gələn maşınları qarşılamaq, onları təyinatı üzrə göndərmək, yükünü vermək, maliyyəsindən başqa bütün prosedurları həyata keçirməkdir. Cavabdehin məsələsi ilə bağlı məlumatı var. Cavabdeh həmin dövrdə bunu təkzib etmirdi. Təxminən 2020-2021-ci illərdə 3-4 avtomaşın İrana göndərmişlər ki, gedib yük vurub gəlsinlər. Müxtəlif yüklər var idi. Cavabdeh də kələm yükləmişdi, qarışıq mal idi. Xaçmaza gələndə cavabdehin yük maşınına yanacağı doldurmuş, RF-na yola salmışdır. Bundan 3-4 gün sonra yükün sahibi onlara zəng etmişdir ki, mal gəlib, xarab vəziyyətdədir. O, cavabdehlə əlaqə saxlamış, nə baş verdiyini soruşmuşdur. Cavabdeh and içmişdir ki, heç nə etməyib. Avtomaşınlarda malın sahibi şpion adlanan cihaz yerləşdirir, həmin cihazla avtomaşının soyuducusunun saniyəsinədək nə vaxt söndürüldüyünü sistem vasitəsi ilə bilmək olur. Sürücülər guya yanacağa qənaət edirlər, bu son dövrlərdə yaranmış dəbdir. Sonra isə yanacağı satırlar. Bu məsələ ekspertizaya göndərilmişdir. Sonra cavabdeh bildirmişdir ki, Dağıstan ərazisində bəzi sürücülər deyib ki, yanacağa qənaət et, sonra satarsan, problem olmayacaq. Cavabdeh isə onların ağlına uyub soyuducunu söndürmüşdü, məhsulu da məhv etmişdir. Cavabdeh bundan sonra 1 il yarım şirkətdə işlədi və söz verdi ki, işlədikcə bu məbləği də ödəyər. 5-6 ay bundan əvvəl gecə saat 4-5 radələrində ona votsap vasitəsilə mesaj atdı ki, maşını yanacaqdoldurma məntəqəsinin yanında qoyub özü isə çıxıb gedib. Avtomaşın da yüklə dolu idi. Avtomaşının açarları da üstündə idi, qapısı da açıq, yüklü vəziyyətdə. Onlar isə bu barədə akt tərtib etmişlər. Məhkəmə iddia ərizəsini və ola əlavə edilmiş sənədləri nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 20 aprel 2021-ci il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlamış və yükdaşıyan sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında 20 aprel 2021-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli iltizamın surətindən görünür ki, işçi Cavabdeh idarə etdiyi DAF markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu ilə Rusiya Federasiyası istiqamətində hərəkət edərkən, eləcə də təyinat üzrə gedərkən, eyni zamanda qayıdarkən yolda nəqliyyat vasitəsinə ziyan vurarsa, nəqliyyat vasitəsinin təmirini özü icra edəcəyi, həm də vurulmuş ziyanı özü ödəyəcəyini, həm də apardığı məhsula ziyan vurarsa məsuliyyəti özü daşıyacağı barədə İltizama imza etmişdir. İş materiallarında olan 05 yanvar 2021-ci il tarixli İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış nəqliyyat xidmətlərinin göstərilməsi üzrə 1 №li Müqavilənin predmetindən görünür ki, bu Müqavilənin predmeti daşımaların planlaşdırılması və həyata keçirilməsi, avtomobil nəqliyyatı kommunikasiyası ilə yüklərin daşınması ilə bağlı sair nəqliyyat xidmətlərinin göstərilməsi zamanı Sifarişçi və İcraçı arasında yaranan qarşılıqlı münasibətlərin qaydasıdır. İcraçı, bu Müqavilə ilə nəzərə tutulan şərtlərə uyğun olaraq şəxsən, özünün nəqliyyat vasitələri ilə yüklərin avtonəqliyyatla daşınmalarını həyata keçirir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən İcraçı, Sifarişçidən (malgöndərəndən) yükü daşımaq üçün qəbul etdiyi andan yükün alıcısına təhvil veriləcəyi ana kimi yükün bütövlüyünə görə məsuliyyət daşıyır və yükün çatışmazlığı, zədələnməsi (korlanması), itirilməsi (məhvi) nəticəsində dəymiş ziyanı Sifarişçiyə ödəməyə borcludur. Həmin Müqavilənin 5.1-ci maddəsinə əsasən yükün daşınması zamanı onun çatışmazlığı, zədələnməsi (korlanması) və ya itirilməsi (məhv olması) yaranarsa, həmçinin İcraçı tərəfindən bu Müqavilənin şərtlərinin pozulması halında, Sifarişçi İcraçıya müvafiq iddianı təqdim edir. İcraçı tərəfindən bu Müqavilənin yerinə yetirilməməsi (müvafiq formada yerinə yetirilməməsi) nəticəsində üçüncü şəxslərə dəyən ziyan, Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada İcraçı tərəfindən ödənilir. İddiaların təqdim olunması , o cümlədən bu müqavilənin şərtlərinin pozulmasına görə iddiaların təqdim olunması, mübahisələr tam həll olunana kimi Müqavilənin 3-cü bölməsi üzrə hesablaşmalar prosesini avtomatik qaydada dayandırır. İş materiallarında olan 060521 saylı xx.xx.2021-ci il tarixli "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş İddiadan görünür ki, xx.xx.2021-ci ildə Kaluqa şosesi 22 km ünvanda Fud siti bazarının ərazisinə Anbar terminalı 37-ə "xxxx" MMC-yə məxsus olan yüklə Uğurlu Yol MMC şirkətinin 27AC797/27ZA140 nömrəli yük maşını gəlib, məhz Romano Salatı ilə brutto çəkisi 6900 kq, netto çəkisi 6350 kq, Kərəvəz sapı-brutto çəkisi 1700 kq, netto çəkisi 1600 kq, Kəvər soğanıbrutto çəkisi 1400 kq, netto çəkisi-1300 kq. Qəbul edən zaman maşını açdıqdan sonra 27AC797/27ZA140 nömrəli nəqliyyat vasitəsinin sürücüsü Əsgərov Bəxtiyarın iştirakı ilə malın lazımi keyfiyyətdə olmaması aşkar olunmuşdur. Mexaniki zədələr, daxili oksidləşmə, çürüntü, kiflənmə, bit, nekroz, çoxyetişmiş kötük. "xxxx" MMC şirkəti "xxxx" MMC şirkətinin xidmətlərinə müraciət edib və sərbəst ekspertiza aparıb. Ekspertiza zamanı müəyyən olunmuşdur ki, malın nəql edilməsi zamanı temperatur pozulmuşdur, məhsulun iş temperaturu +9,3-dən 11,5C-dək göstərib, yol verilən norma isə 0-dan +5C-dək olmalıdır. X6-dən məlumatların göstəriciləri aşkar edilib ki, yükün nəql edilməsi zamanı refrijerator vaxtaşırı söndürülmüşdür, 11 dəfə. "xxxx" MMC 17842 ABŞ dollar məbləğində çəkilmiş zərərin ödənilməsini Uğurlu Yol MMC-dən xahiş edir. Həmin İddia 27AC797/27ZA140 nömrəli nəqliyyat vasitəsinin sürücüsünün iştirakı ilə tərtib edilib. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, İddiaçı MMC-yə 17 842 ABŞ dollar məbləğində ziyan vurduğunu etiraf etmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli 1003/2 nömrəli "xxxx" MMC tərəfindən təqdim olunmuş məlumatlandırma məktubundan görünür ki, müstəqil ekspertizanın Aktına və tərtib olunan pretenziyaya əsasən tərəflərin razılığına əsasən vurulan ziyan həcmində yaranmış borca qarşılıqlı hesablaşma aparılmışdır. (məbləğ 17 842 ABŞ dollar). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 199-cu maddəsinin “a” bəndinə əsasən işçi saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 201-ci maddəsinin 1-ci bəndinə əsasən işçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də, iş materiallarından göründüyü kimi, Cavabdeh İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq, həmin şirkətdə sürücü vəzifəsinə təyin edilmişdir. Gördüyü iş yük daşıma ilə bağlı olduğundan, onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh tam maddi məsuliyyət haqqında müqaviləni və iş materiallarında təhlil olunan iltizamları imza etməklə, əmək prosesi zamanı üzərinə düşən maddi məsuliyyəti qəbul etməsinə baxmayaraq, onun "xxxx" MMC şirkətinə məxsus malları İran İslam Respublikasından Rusiya Federasiyasına daşıyarkən, üzərinə düşən əmək funksiyalarını kobudcasına pozması, konkret halda isə soyuducunu bir neçə dəfə söndürməsi daşıdığı malları yararsız hala salınmasına səbəb olmuşdur. Bununla da, malların mülkiyyətçisi "xxxx" MMC-yə maddi zərər yetirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İran İslam Respublikasından Rusiya Federasiyasına daşıdığı mallar İddiaçı MMC-yə məxsus olmasa da, həmin mallara görə İddiaçı MMC "xxxx" MMC qarşısında yuxarıda qeyd olunan müqaviləyə əsasən məsuliyyəti üzərinə götürmüşdür. Daha sonrakı sənədləşmələrdən də görünür ki, "xxxx" MMC malların yararsız halda çatdırılmasına görə, İddiaçı MMC-yə iddia göndərmiş və 17 842 ABŞ dollar pulun ödənilməsini xahiş etmişdir. Nəticədə tərəflərin razılığına əsasən vurulan ziyan həcmində yaranmış borca qarşılıqlı hesablaşma aparılmışdır. Məhkəmənin fikrincə, qarşılıqlı hesablaşma hüquqi termin olmasa da, onu nəzərdə tutur ki, bu cür hesablaşma nəticəsində sözü gedən borc artıq İddiaçı MMC-yə aid olunur. Ona görə də, hazırki iddia tələbi üzrə İddiaçı MMC–nin subyektiv hüququ mövcuddur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 17842 (on yeddi min səkkiz yüz qırx iki) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 179,2 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 17842 (on yeddi min səkkiz yüz qırx iki) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 179,2 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar