Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3206/2025 26.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh onun xeyrinə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi qismində 3187,69 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "Mercedes Benz GLC” minik markalı, **- UV-*** dövlət qeydiyyat nişanlı avtomobil şəxsi istifadəsindədir. xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində Çəmbərəkənd parkında olarkən avtomobilini yolun kənar hissəsində saxlamışdır. Təxminən yarım saat sonra dostu Kamandar ona zəng edərək qəza baş verdiyini bildirmişdir. O dərhal hadisə yerinə getmiş və Hyundai markalı avtobusun maşını vurduğunu görmüşdür. Bundan başqa həmin avtobus mitsubishi markalı avtomobili də vurmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində istifadəsində olan “Mercedes Benz GLC” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumiyyətlə bütün ön hissəsi tam sıradan çıxmışdır. “Mercedes Benz GLC” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əlaqədar ehtiyat hissələrinin dəyişdirilməsi və təmir xərcləri “Paşa" Sığorta Şirkətinin xx.xx.2024-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatında yekun olaraq ümumi məbləğ 6890,00 manat göstərilsə də, ona 3702,31 manat ödəniş edilmişdir. Qalan məbləği cavabdehdən tələb etsə də ona ümumiyyətlə heç nə ödəməyəcəyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Buna görə də, hesab edir ki, ona məxsus “Mercedes Benz GLC” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi zərərdən 3187,69 manat yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsinin) mülkiyyət hüququ üzrə sahibi olan Cavabdeh tutulmalıdır. Çünki cavabdeh həmin zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxslərin dairəsinə aiddir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdehin törətdiyi avto qəza nəticəsində ona vurduğu ziyanı tələb edir. Qəza nəticəsində onun avtomaşınından başqa digər avtomaşına da ziyan dəymişdir. Sığorta şirkəti ona 3702 manat pul ödəmiş, qalan ziyanı verməmişdir. Avtomaşınına yolnəqliyyat hadisəsi nəticəsində ziyan dəyməsini əks etdirən fotoşəkilləri, nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatı və sığorta ödənişinin ona ödənilməsinə dair qəbzləri məhkəməyə təqdim edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Mercedes Benz GLC” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6890 manat ziyan dəymişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan nömrəli qərardan və inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cavabdeh 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəmədə iddia ərizəsinə baxılması üçün 52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Mercedes Benz GLC” minik markalı avtomobilin ön sağ tərəfinə ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş sistemindən çıxarışdan və qəbzdən görünür ki, Pasha Sığorta tərəfindən İddiaçı bank hesabına 3702.31 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı müəyyən edilərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü. Peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq halları nəzərə alınmalıdır. Göstərilən Qərarın 4cü bəndinə əsasən, “Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və istirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 08 iyun 2025-ci il tarixdə idarə etdiyi Hyundai markalı avtomaşınla iddiaçının idarə etdiyi “Mercedes Benz GLC” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomaşını ön tərəfindən vurmuşdur. Hadisə nəticəsində “Mercedes Benz GLC” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 6890 manat məbləğində zərər vurulmuşdur. Qeyd olunan məbləğdən Pasha Sığorta tərəfindən İddiaçı 3702.31 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3187,69 manat məbləğində pul və 52 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-3206/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3206/2025
26.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver