Məhkəmə qərarları › İş №2(067)-3277/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3277/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3277/2024 16.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsilə Cavabdeh yetkinlik yaşına çatanadək xx.xx.2010-cu il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin məbləğinin artıraraq hər ay 1 uşaq üçün 235 manat sabit pul məbləğində alimentin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh 2003-cü ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Faktiki nikahdan xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X5 anadan olmuşdur. Ailə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşmişdir. Cavabdehlə tez-tez mübahisələr olur. Ailəyə baxmır. Ayrılmaq qərarına gəlmişdir. Hal-hazırda övladları ilə birgə yaşayır. Maddi cəhətdən çətinlik çəkir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2 uşağı saxlamaqda çətinlik çəkir, uşağın biri 18 yaşına çatıb və Bakı şəhərində təhsil alır, kiçik qızı da təhsilini davam etdirmək üçün müəllim yanına getmək istəyir, o isə çatdıra bilmir. Cavabdeh alimenti keçən il aprel ayına kimi 300 manatdan ödəmişdir. Sonradan isə 100 manatdan ödəyir. Ən azı 200 manat aliment ödəsin. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 5000 manatdan çox aliment borcu var. 2023-cü ildə aliment borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Keçən aydan işləmir, bank krediti də var. Usta köməkçisi işləyir, aylıq gəliri sentyabr, oktyabr, noyabr ayında 1500 manat olmuşdur. Keçən il hər ay 300 manatdan ödəmişdir. Qış aylarında işləmir. İddiaçı uşağı saxlamaqda çətinlik çəkirsə uşağı ona vesin. İddiaçı müəllim kimi 50 manatdan 30 nəfər uşaq hazırlayır, maaş da alır. İddiaçını Sumqayıt şəhərində o kömək edib oxutdurmuşdur. Qızı Emilyaya imkanı çatdığı qədər kömək edir. Ay ərzində 150-160 manat aliment ödəyə bilər. Özü yeni qeyri-rəsmi ailə qurmuşdur, arvadı hamilədir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Xaçmaz rayon Məhkəməsinin 2(067)-2825/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-12832/2015 saylı xx.xx.2015ci il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilmişdir. xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. -Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2010-cu il ildə İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. -Doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. -X4 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı və cavabdeh X4 iştirak etmişlər. -Ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat ödəniş köçürülmüşdür. -Bank sənədlərindən görünür ki, Cavabdeh "xxxx" QSC-nin Sumqayıt filialından 3059 manat kredit götürmüşdür. -“Məhkəmə işlərinin elektron idarəetmə sistemi” vasitəsilə ilə əldə olunmuş məlumatdan görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “Montajçı, quraşdırma evlər” vəzifəsində işləməklə 1926.86 manat əmək haqqı alır. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bilidirişindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin faktiki nikahından 2 uşaqları doğulmuşdur. Xaçmaz rayon Məhkəməsinin 2(067)- 2825/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-12832/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilmişdir. xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğinin müəyyən edilməsini xahiş edir. Cavabdeh iddianı qismən qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.6-ci bəndinə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun analoji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqeləri, uşağın mənafeyini, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşağın yaşını, aliment təyin edilməsindən (məbləğin dəyişdirilməsindən) 5 ildən çox müddətin keçməsini, bu vaxt ərzində ölkə üzrə uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını və işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı hər ay 130 manat miqdarında aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Həmçinin, məhkəmə aliment məbləğini dəyişdirərkən uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin uşaq üçün 235 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, bir uşaq üçün hər ay 235 manat məbləğində alimentin tutulması tələbi üzrə cavabdehin zəruri vəsaitə malik olması sübutla yetirilməmişdir. Həmçinin hər iki valideynin uşağı saxlamaq vəzifəsinin olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, aliment tərəflərin maddi vəziyyətinə mütənasib şəkildə dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə hesab edir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 70 manat artırıldığından, iddianın qiyməti 70 manat x 12 ay=840 manat təşkil edir. Belə olan halda, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Xaçmaz rayon Məhkəməsinin 2(067)-2825/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 2(067)-2825/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar