Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-330/2023 06.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödəməli olduğu 1500 (bir min beş yüz) manat pulun və ödədiyi 35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh Xaçmaz rayonunda həm ev alqı-satqısı ilə, həm də tikinti işi ilə məşğuldur. Cavabdehlə şəxsi münasibətləri olmayıb. O, cavabdehlə 2022-ci ilin avqust ayında əlaqə saxlayaraq ev almaq istədiyini bildirərək onunla görüşmüşdür. Cavabdeh ona mərkəzi poçtun yanında yeni tikilən binadakı mənzillərin satışının ona həvalə olunduğunu və həmin binadan kvadratı 650 manatdan hissə-hissə olmaqla ona ev sata biləcəyini demişdir. Orada mənzillərin çoxu satılmışdı və 2 mənzil qalmışdı. Onun almaq istədiyi mənzil də onlardan biri idi. O, cavabdehə mənzili almaq üçün müraciət etmişdi. Cavabdeh ondan evə görə 1000 manat pul alıb, lakin qəbzdə 1500 manat aldığını yazıb və 3 günə ev üçün qapı da qoyacağını bildirmişdir. Lakin cavabdeh ona nə ev satdı, nə də ki, pulunu qaytardı və onu bu günə kimi aldadaraq ona vurmuş maddi ziyanı ödəməkdən yayınır. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin azaldılmasına dair ərizə verərək, əslində cavabdehə 1000 manat pul verdiyini bildirmiş və hal-hazırda iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, faktiki olaraq cavabdeh ondan 1000 manat pul alıb və o, cavabdehdən 1000 manat tələb edir. Cavabdehə pulları sayıb verəndə oğlu onları videoya çəkib. O, diskə köçürdüyü video çəkilişi məhkəməyə təqdim etdi. İddiaçı iş üzrə məhkəmə iclasında yazılı ərizə ilə iddiasının təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. İddiaçı Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə MPM-nin 238-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh İddiaçı ev alqı-satqısı üçün 1500 manat məbləğində beh almış və həmin 1500 manat pulu alqı-satqı zamanı verilən ilkin ödənişin üstünə hesablanacağını bildirmişdir. İş materiallarında olan İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2023- cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, iddianın həcmini azaldılaraq cavabdehdən 1500 (bir min beş yüz) manat pulun deyil,1000(min) manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi bir ədəd diskə baxış keçirilmiş və videoçəkilişdən müəyyən edilmişdir ki, həqiqətən də, İddiaçı Cavabdeh evin alqı-satqısı üçün 1000 manat məbləğində pul vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar Xaçmaz Rayon məhkəməsinin hesabına 35(otuz beş) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısı planlaşdırılmış və bununla bağlı iddiaçı cavabdehə 1000 manat pul ödəmişdir. Lakin Mülki Məcəllənin 491.2-ci maddəsinə əsasən daşınmaz əmlakla bağlı beh müqaviləsi notarial qaydada təsdiq olunmalıdır. Hazırki mülki iş üzrə verilmiş pul məbləği isə daşınmaz əmlakla bağlı olsa da, notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, bu mübahisəyə Mülki Məcəllənin 491.3-cü maddəsi tətbiq edilməli və cavabdehə verilmiş pul məbləği avans kimi qiymətləndirilməlidir. Cavabdeh 1000 manat avans pulu iddiaçıdan alması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırki mülki iş üzrə iddianın tələbi 1000 manat təşkil etsə də, iddiaçı 35 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Belə olan halda, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalı, rüsumun qalan 5 manatı isə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 227, 233, 238, 252, 357 - 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh borclu olduğu 1000(min) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 35 (otuz beş) manat dövlət rüsümündan 30(otuz) manatı cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Dövlət rüsumunun qalan 5 manatı iddiaçıya geri qaytarılsın. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-330/2023
Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-330/2023
06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver