Məhkəmə qərarları › İş №2(067)-3322/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3322/2024

24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3322/2024 24.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır, Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq təyin edilmiş alimentin miqdarınının artırılaraq birgə nikahlarından anadan olmuş 02 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay iki yüz əlli manat məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 aprel 2010-cu ildə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Nikahı Xaçmaz rayon Yergüc İnzibati Ərazi Vahidliyində nikahların bağlanması haqqında qeydiyyat kitabında 01 aprel 2010-cu il tarixində 04 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan bir uşağı - 02 dekabr 2010-cu il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə ailədaxili münaqişələrə görə uzun müddət ayrı yaşamışlar. Ailə münasibətlərinin davam etdirilməsinin mümkün olmamasına görə Xaçmaz rayon Məhkəməsinin 14 noyabr 2012-ci il tarixli iş № 2(067) -983/ 2012 Qətnaməsi ilə nikahları pozulmuşdur. 02 dekabr 2010-cu il təvəllüdlü qızı X3 onun yanında ( himayəsində ) qalması qət edilmişdir. Hazırda qızı Nuray onun yanında yaşayır. Xaçmaz rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli 2(067)-1797/2013 qətnaməsi ilə Cavabdeh 02 dekabr 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən yəni 25 sentyabr 2013-cü il tarixindən hesablanmaqla hər ay sabit pul məbləğində 50 manat və həm də qazancının (başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh uşağın saxlanılması üçün ona lazımı məbləğdə aliment ödəmir və heç bir köməklik göstərmir. Uşağı tək başına çətinliklə saxlayır, maddi vəziyyəti və təyin edilmiş aliment uşağın tələbatını təmin etməyə imkan vermir. Hal-hazırki bazar qiymətlərinə görə aldığı alimentlə uşağın ehtiyaclarını ödəyə bilmir. Uşağı ehtiyac içərisində saxlayır. Cavabdehlə uşağın saxlanılması üçün alimentin məbləğinin artırılması barədə razılığa gələ bilmirlər. Ona görə də alimentin məbləğinin artırılmasının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, hazırda cəmi 130 manat aliment alır. Uşağın 15 yaşı var. 2012-ci ildən bəri alimentin məbləğinin artırılması ilə bağlı ərizə verməmişdir. Hazırda heç yerdə işləmir. İkinci dəfə ailə qurmuş və bir uşağı da doğulub. Cavabdeh 200 manat aliment ödəsə etirazı olmaz. Əvvəllər işləmişdir, alimentin məbləğinin artırılmasını istəməmişdir, indi isə işləmir, qızının da 15 yaşı var, ehtiyacları artıb. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 4 saylı Yol istismarı MMC-də çilingər işləyir, 400 manat maaş alır. İkinci dəfə ailə qurmuş və bir uşağı doğulub. Hazırda iddiaçıya hər ay 150 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(067)-1797/2013 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 17 mart 2011-ci il tarixli, 2(067)-467/2011 saylı məhkəmə əmrinə əsasən 02 dekabr 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş, xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonunun Arzu kəndində anadan olmuş, Xaçmaz rayonunun Armudpadar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Cavabdeh 02 dekabr 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün ərizənin verildiyi tarixdən, yəni 25 sentyabr 2013-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 50 (əlli) manat və həm də qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 14 noyabr 2012-ci il tarixli, 2(067)-983/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 ilə Cavabdeh arasındakı 01 aprel 2010-cu il tarixli nikah qeydi pozulmuş və 02 dekabr 2010-cu ildə anadan olmuş X8 boşanmadan sonra anası X1 yanında saxlanılmışdır. İş materiallarında olan X5 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, tərəflər X5 iştirak etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay hər ay sabit pul məbləğində 50 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, 02 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində və cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının uşağın mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 50 manat artırıldığından, iddianın qiyməti 50 manat x 12 aya=600 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(067)-1797/2013 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 02 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində və cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulsun. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar