Məhkəmə qərarları › İş №2(067)-340/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-340/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-340/2025 13.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 47400 manat əsas borc məbləğinin, ödənilmiş 381.8 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, ilk 3 ildə VÖEN cavabdehin adına, sonra cavabdehin qardaşının adına, sonda isə iddiaçının adına olub. Buna səbəb isə həmin dövrlər üçün mövcud olan vergi yoxlamasının keçirilməsi olub. VÖEN cavabdehin adına olsa da obyektə gələn mallar iddiaçıya görə iddiaçının dost-tanışları tərəfindən göndərilən mallar olmuşdur. İddiaçı müdir kimi obyektdə özü olmuşdur. İddiaçının Quba şəhərində də eyni obyekti var, həmin obyektə iddiaçının VÖEN-i olub. Xaçmazdakı obyektə isə cavabdehin VÖEN-i olub. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, hazırki iddiaya Kommersiya Məhkəməsinin icraatında baxılmalıdır. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur. VÖEN-i var. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi iş materialları ilə birlikdə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşə əlavə edilmiş sənədlərdən də müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Məhkəmə qeyd edir ki, araşdırma zamanı hüquq münasibətinin xarakterindən həmçinin, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu müəyyən edilmişdir. Odur ki, mübahisənin xarakteri, iddiaçı və cavabdehlərin sahibkarlıq subyektləri olması nəzərə alınaraq işə kommersiya sahəsi üzrə ixtisaslaşmış məhkəmədə baxılması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3-ci maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırki qərardaddan şikayət verəcəyi təqdirdə aşağıda qeyd olunan hüquq normalarının tələblərini nəzərə almalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-ci maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. 403-1.5. Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 32, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. İddia ərizəsinin və iddia ərizəsinə əlavə olunmuş sənədlərin elektron məhkəmə informasiya sisteminə yerləşdirilməsi məhkəmənin dəftərxanasına həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün ərzində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar