Məhkəmə qərarları › İş №2(067)-3430/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3430/2024

26.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3430/2024 26.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır, Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq xx.xx.2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması və maddi cəhətdən təmin edilməsi üçün Cavabdeh Tofik oğlunun hər ay ona ödədiyi 110 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh Tofık oğlu ilə birgə nikahdan xx.xx.2007-ci ildə doğulmuş X4 adlı övladı var. Cavabdehlə xasiyyətləri uyğun gəlməmiş və onlar həm faktiki həm də rəsmi olaraq ayrılmışlar və hazırda da ayrı yaşayırlar. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-3328/2016 qətnaməsinə əsasən Cavabdeh Tofık oğlundan xx.xx.2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Hazırda uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdehin hər ay uşaq üçün verdiyi 110 manat alimentlə uşağı saxlamağı qeyri mümkündür. Belə ki, 110 manat məbləğində aliment təyin edilməsindən 8 ildən artıq müddət keçmiş, uşaq böyümüş, artıq onun 17 yaşı var. Bu müddətdə uşağın saxlama xərcləri kəskin artmışdır. Ona görə də mən cavabdehdən uşağın saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılmasını tələb edir. İş üzrə iddiaçı məhkəməyə teleqram göndərərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ilk dəfə 80 manat aliment qət edilib, sonradan artırılaraq 110 manat müəyyən edilib, 200 manat aliment istəmişdilər. Hazırda ikinci dəfə ailə qurmuş və 2 övladı var. Uşaqlar xəstədir, müalicəyə ehtiyacları var. Özü əvvəl notariat kontorunda işləmişdir, 3 ilə yaxındır ki, işləmir. 6-7 aydır alimenti ödəyə bilmir. Uşaqla görüş verilib, lakin iddiaçı uşaqla görüşü təmin etmir, uşağı görüşməyə gətirmir, cəmi 2 dəfə uşağı görə bilmişdir. Hazırda ondan tutulmalı alimentin məbləğ 110 manatdır. Alimentin məbləğinin artırılmasına etiraz edir. Uşağın harada oxuduğunu belə Təhsil Nazirliyinə müraciət edib öyrənmişdir. İddiaçı uşağın qeydiyyat yerini tez-tez dəyişir. Özünün heç bir gəlir yeri yoxdur. Özü, həyat yoldaşı və 2 uşağı atası ilə anasının pensiyası hesabına dolanırlar. Həyat yoldaşı işləmir, valideynləri biri 360 manat, o biri 220 manat pensiya alır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-3288/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-3328/2016 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Tofik oğlundan hər ay 110 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan X1 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X1 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə cavabdehin heç bir gəlirinin olmaması, özü, arvadı və iki uşağının yaşlı valideynlərinin təqaüdləri hesabına (deməsinə görə təqaüdün cəmi məbləği 580 manat təşkil edir) yaşaması kimi ifadəsinə tənqidi yanaşaraq, hesab edir ki, cavabdeh qeyri-səmimilik göstərərək aliment məbləğinin artırılmasına süni maneələr yaratmağa çalışır. Ona görə ki, 580 manat pul ilə 6 nəfər şəxsin bir ay ərzində yaşaması qətiyyən həqiqətə uyğun deyil. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay 110 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşaqların mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının uşağın mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 90 manat artırıldığından, iddianın qiyməti 90 manat x 12 aya=1080 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 30.8 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-3288/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30.8 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar