Məhkəmə qərarları › İş №2(067)-344/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-344/2023

16.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-344/2023 16.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödəniş tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia və iddiaya əlavə verərək, Cavabdeh ASC-dən onun xeyrinə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 18 ayın hər aya görə 310,5 manat olmaqla cəmi 5589 manat ödəniş pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçın dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 15 noyabr 2022-ci il tarixində Xaçmaz rayon məhkməsində Cavabdeh Aşıq Səhmdar Cəmiyyətindən onun xeyrinə 01 sentyabr 2021-ci il tarixindən 15 noyabr 2022-ci il tarixinə olan dövr üçün 15 ayın hər aya görə 275 manat olmaqla cəmi 4050 manat ödəniş pulunun alınıb verilməsi barədə qətnamə qəbul edilməsi üçün iddia ərizə ilə müraciət etmişdir. Məhkəmə 28 fevral 2023-cü il tarixinə təyin edildiyindən 01 sentyabr 2021-ci il tarixindən bu günə kimi olan dövr 18 aya bərabərdir. Nəzərə alısa ki, 01 yanvar 2023-cü il tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasında minimum əmək haqqı 345 manat olmuşdur. 345 manatın 90 %-i 310 manat 50 qəpik edir. Bu 18 ay ərzində dərman, ərzaq və digər istehlak mallarının qiyməti çox bahalaşmışdır. Ona görə də xahiş edir ki, Cavabdeh ASC-dən onun xeyrinə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə olan dövr üçün 18 ayın hər aya görə 310 manat 50 qəpik olmaqla cəmi 5589 manat ödəniş pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılsın. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Lakin onun əvəzinə nümayəndəsi çıxış edəcək. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Dəqiqləşmə ərizəsi də təqdim etmişdir. 1991-ci ilin 21 avqust ayında qəza nəticəsində bədbəxt hadisə baş vermişdir. İddiaçı əmək qabiliyyətini itirmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim S.A.Səmədzadə) eyni məzmunlu iddia tələbi təmin olunaraq xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməmiş 2850 manat məbləğində pulun alınaraq verilməsi qət edilmişdir. Həmin məbləğdən cavabdeh tərəfindən bir hissəsi iddiaçıya ödənilmiş, qalan pulu isə ödəməmişdir. Dəfələrlə müracət etsək də, lakin qarşı tərəf məbləği ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində 15 aya görə 275 manat tələb etmişdir. Çünki həmin vaxt minimum əmək haqqı 275 manat idi. Amma məhkəmə 28 fevral olduğu üçün bu günə kimi olan dövr 18 ay edir. Həmçinin 01 yanvar 2023-cü il tarixindən Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasında minimum əmək haqqı 345 manat edir. 345 manatın 90 %-i 310, 50 manat edir və bu 18 ay ərzində də istehlak mallarının qiyməti çox bahalaşmışdır. Xahişi odur ki, Cavabdeh ASC-dən iddiaçının xeyrinə 01 sentyabr 2021-ci il tarixindən 27 fevral 2023-cü il tarixə qədər olan dövr üçün 18 ayın hər ayına görə 310,50 manat olmaqla, cəmi 5589 manat pulun ödənilməsi barədə qətnamə qəbul edəsiniz. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1306/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ASC-dən xx.xx.2021ci il tarixədək olan dövr üçün ödənilməmiş 2850 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasında minimum aylıq əmək haqqının məbləği 2021-ci il üçün 250 manat, 2022-ci il üçün 300 manat, 2023-cü il tarixi üçün isə 345 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödəniş tələbinə dair mülki işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Lakin, onların arasında olan münasibətlər davamlı xarakter daşıdığından, iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1118.-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin; itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1119.-cu maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir; Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır; Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır; Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır; Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1123.-cü maddəsinə əsasən Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər; Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər; Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər; Əgər zərər vurmuş fiziki şəxsin əmlak vəziyyəti əlilliklə və ya pensiya yaşına çatmaqla əlaqədar olaraq zərərin əvəzinin ödənilməsinin təyin edildiyi məqamdakı vəziyyətə nisbətən pisləşmişdirsə, onun tələbi ilə məhkəmə zərərin əvəzinin ödənilməsi miqdarını azalda bilər, amma zərərin qəsdən törədilmiş hərəkətlərlə vurulduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə hər ay üçün 250 manat olmaqla, cəmi 1000 manat pul, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə hər ay üçün 300 manat olmaqla, cəmi 3600 manat pul, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə hər ay üçün 345 manat olmaqla, cəmi 690 manat pul, yəni ümumilikdə 5290 manat (1000+3600-690) məbləğində pul alınaraq İddiaçıa verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar