Məhkəmə qərarları › İş №2(067)-3483/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3483/2025

18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3483/2025 18.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yetkinlik yaşına çatmayan uşağı xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1939/2023 saylı qətnaməsinə əsasən uşaq üçün müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq hər ay uşaq üçün 246 manat məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 243/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1939/2023 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğdə sabit aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda xx.xx.2007-ci il təvəllüdlü X3 18 yaşı tamam olmuşdur. Aliment təyin ediləndən sonrakı müddət ərzində ölkədə istehlak malların qiymətləri dəfələrlə artmışdır. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və izahatında göstərmişdir ki, cavabdehlə nikahı pozulub. Birgə nikahdan olan və himayəsində olan övladı xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(067)-1939/2023 saylı qətnaməsinə əsasən uşaq üçün müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq hər ay 246 manat məbləğidə alimentin alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, hər ay 200 manat aliment ödəyə bilər. Maddi vəziyyəti çox aşağıdır. Kredit öhdəlikləri var. Ona görə də, 200 manatdan çox aliment ödəməyə imkanı çatmır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 243/2022 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1939/2023 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay uşaq üçün 100 manat məbləğdə sabit aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-652/2025 saylı qərardadına əsasən qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(067)-1939/2022 saylı qətnamə ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 100 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq maraqlı şəxs Cavabdeh ərizəçi İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,29 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. 10 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində vəsait ödəmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, bu məsələ ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğunundan, həmin qətnamə ilə müəyyən olunan faktların yenidən araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 saylı qərarının 1.2.1. 8.4-1-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay, uşaq üçün 0,29 misli miqdarında müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeləri, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağı - xx.xx.2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, uşaq üçün ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2011-ci il təvəllüdlü X4 mənafelərinə zidd olacağı və uşaqların hüquqlarının pozacağı qənaətindədir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 84 manat artırıldığından, iddianın qiyməti 84 manat x 12 aya= 1008 manat təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş materiallarında olan mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində mediasiya xərci ödəmişdir. İddia ərizəsi qismən təmin edildiyindən və iddiaçı ödədiyi mediasiya xərcini cavabdehdən tələb etmədiyindən, həmin pul iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 243/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1939/2023 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğdə sabit aliment tutularaq ona ödənilməsi qət edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(067)- 1939/2022 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 100 manat sabit pul məbləğində tutulması qət edilmiş və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(067)-652/2025 saylı qərardadı ilə indeksasiya olunaraq ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,29 misli həddində sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat məbləğində pul iddiaçıya aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar