Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3555/2025 18.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, X1iclas katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra edilməsi və pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 01 iyul 2025-ci il tarixli 71086 nömrəli müqaviləyə əsasan 150 manat məbləğində vəsaitin və məhkəməyə ödənilən 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nümayəndə İddiaçı MMC-nin direktorudur. Cavabdeh onların şirkətinə müraciət edərək, “Turkish Airlines” aviaşirkətindən 30 iyun 2025-ci il tarixdə təyyarəyə bilet almışdır, lakin təyyarə gecikməsi olmuşdur. 01 iyul 2025-ci il tarixində onlarla təyyarənin gecikməsinə görə müqavilə bağlamışdır, həmin müqavilənin 1-ci maddəsinə əsasən onlar öncədən vətəndaşdan xidmət haqqı götürmürlər, lakin təzminat alındığı təqdirdə alınan təzminatın 30% onların şirkətinə xidmət haqqı kimi ödənilməlidir. Onların müraciətlərindən sonra Cavabdeh aviaşirkətdən ümumilikdə 500 manat məbləğində təzminat almışdır, lakin xidmət haqqı (150 manat) onlara ödəməmişdir və ödəməkdən imtina etmişdir. Beləliklə cavabdeh 71086 nömrəli müqavilənin şərtlərini pozmuşdur. Ödənişi cavabdehdən zəng edərək ödəməsini tələb etsələr də, telefonlarına cavab verməmişdir və ödəməsi üçün qeydiyyat ünvanına yazılı pretenziyada göndərilmişdir, lakin heç bir cavab gəlməmişdir.
Məhkəmə prosesində verilən izahatlar.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
4. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərmişdir ki, beynəlxalq uçuş qaydalarına əsasən reysi ləğv olunan sərnişinlərə aviasiya şirkətlərindən təzminat almaq haqqı olan insanlara təzminatı almaqda köməklik edirlər. 2025-ci ilin əvvəllərində Pərviz Çələbiyev adlı şəxs 5 nəfərin təzminat almaq hüququnu təmin etmək üçün onlara müraciət etmiş, onlara köməklik göstərilmiş, bağlanmış xidmət müqaviləsinə əsasən alınan təzminatın 30 faizi onlara ödənilmişdir. Lakin cavabdeh xidmət haqqı ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmişlər. Cavabdehlə razılıq əldə etmək mümkün olmayıb. Onlar müqaviləni Pərviz Çələbiyevə göndərmiş, Pərviz isə cavabdehə imzalatmışdır.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
6. Lakin xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh ifadəsində göstərmişdir ki, xəstəsi olduğu üçün iddiaçı tərəfə pul ödəyə bilməmişdir. İddiaçı tərəfi görməmişdir. Uçuşun ləğvi ilə əlaqədar biletin dəyərinin qaytarılmasından ötrü Pərviz Çələbiyev ona bildirmişdir ki, iddiaçı tərəf biletin qaytarılmasına köməklik edir, bunun üçün 150 manat xidmət haqqı onlara ödənilməlidir. Həmin məbləği bir dəfəyə ödəmək imkanı yoxdur, hissə-hissə ödəyə bilər. Təzminat ödənilməsi ilə əlaqədar X6 şikrətindən ona zəng edilərək dəvət olunub. 500 manat ödənişi sənədə imza etdirib pulu ödəyiblər.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X2 xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında izahatında göstərmişdir ki, o, Cavabdeh üçün sənədləri hazırlayıb şirkətə göndərmiş, şirkət tərəfindən ona çek göndərilmişdir. Həmin çeki Arifə vermiş, o, çeki X5 təqdim edib, imza edərək pulu almışdır. Bu qayda ilə o da müraciət edib pulunu almışdır. Müqavilədə olan imza Cavabdeh məxsusdur, mətni o yazmışdır. Arifə demişdir ki, pulu alan kimi 30 faizi - 150 manat pulu şirkətə köçürməlisən. Əvvəlcə Arif pulu almaq istəmədiyini demiş, lakin sonradan pulu almışdır. Onlar 4 nəfər müraciət edib biletin pulunu almışlar və şirkətin 30 faizini ödəmişlər. Onlar pulu iyul ayında almış, Arif avqust ayında almışdır.
İş materiallarında olan.
8. İddiaçı MMC-nin direktoru Nümayəndə (icraçı) və Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2025-ci il tarixli xidmət müqaviləsindən görünür ki, sifarişçi tapşırır, icraçı isə müqavilənin şərtləri əsasında digər üçüncü şirkətdən sifarişçiyə dəyən zərərin təzminatının alınmasında xidmət göstərir. Sifarişçi, üçüncü şirkətin nağd və ya nağdsız ödənişlə ödədiyi təzminatı aldıqdan sonra təzminatı 30%-i xidmət haqqı müqabilində icraçıya ödəyir.
9. İddiaçı MMC-nin direktoru Nümayəndə cavabdehə ünvanladığı pretenziya məktubundan görünür ki, cavabdeh öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “amail.az” web saytından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh üçün qeydiyyat açılmış, həmin tarixdə müraciətin qeydə alındığı X6ndan məlumat verilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh üçün təzminatın təsdiqləndiyi, ödənişi almaq üçün seçim edilməsi istənilmiş, xx.xx.2025-ci il tarixində seçimin qəbul edildiyi bildirilərək, pulun cavabdehin pulu götürə bilməsi üçün çek nömrəsi təqdim olunub, təzminatın miqdarı həmin vaxtı qarşılıq olaraq 503 manat məbləğində olmuşdur. 11.“ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
12. İddiaçı MMC-nin direktoru Nümayəndə (icraçı) və Cavabdeh (sifarişçi) arasında xx.xx.2025-ci tarixli xidmət müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında digər üçüncü şirkətdən sifarişçiyə dəyən zərərin təzminatının alınmasında xidmət göstərməyi öhdəsinə götürmüşdür.
13. Hazırda İddiaçı MMC müqavilə üzrə üzərində düşən öhdəliyi yerinə yetirmiş, hava yolları şirkətindən uçuşun ləğvi ilə bağlı cavabdehə ödəniş edilməsini təmin etmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, aldığı təzminatın 30 faizini – 150 manatı iddiaçıya ödəməkdən imtina etmişdir. İddiaçı dəfələrlə müraciət edilməsinə baxmayaraq öhdəliyini icra etməmişdir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1 – 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.3 – 217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi.
13. İşin faktiki hallarından göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə qarışıq şərtli xidmət müqaviləsidir. Özündə mülki qanunvericilikdə nəzərdə tutulmuş bir neçə müqavilənin ünsürünü əks etdirir. Belə mülki qanunvericilik tərəflər arasında qanunazidd olmayan istənilən münasibətləri tənzimləyir.
14. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iş üzrə iddiaçı cavabdehdən aldığı sifariş əsasında üçüncü şirkətlə (X6 şirkəti ilə) cavabdehin adından danışıqlar apararaq uçuşun təxirə salınması ilə bağlı təzminatı almağı öhdəsinə götürmüşdür. İddiaçı müvafiq danışıqlar apararaq təzminatın alınması təmin etmiş və beləliklə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmişdir. Bu hal həm iddiaçı tərəfindən aparılmış danışıqlarla bağlı çıxarışlarla, həm də cavabdehin özü tərəfindən təsdiq edilmişdir. Yəni bu hal işin mübahisəsiz halıdır.
15. Cavabdeh isə müqavilə üzrə təzminat alındıqdan sonra həmin məbləğin 30 faizini iddiaçıya qaytarmaqla bağlı öhdəliyini icra etməmişdir. Öz izahatında bildirdiyi kimi pulu almış xidmət haqqı ödəmədən onu öz etiyaclarına xərcləmişdir. Müqavilə bağlanmazdan öncə cavabdeh müqavilənin bu şərtindən xəbərdar olmuşdur və bunu iş üzrə üçüncü şəxs Pərviz Çələbiyev tərəfindən ona xəbərdarlıq edildiyini özü izahatında etiraf etmişdir.
16. Beləliklə cavabdehin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi hesab edilir, bu iş üzrə zəruri sübutlar və onun etirafı ilə öz təsdiqini tapır. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
16. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə mütənasib olmuşdur. 17.Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 150 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 150 (yüz əlli) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərmin Ağazadə