Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-359/2024 08.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ödəməli olduğu 2700 (iki min yeddi yüz) manat və 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi təxminən 5 ildir ki, tanıyır. Cavabdehlə münasibətləri Xaçmaz rayonu, Aşağı-Ləgər kəndində yerləşən bağ sahəsində bağban işləyən zaman yaranmışdır. Özü yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Məhsulların satışını o etmişdir. Cavabdeh ondan nisyə alıb satıb gətirib pulu verirdi. 2022ci ilin yay ayında meyvə vaxtı cavabdeh ondan 2700 manatlıq nisyə meyvə almışdır. Satıb gətirib qaytaracaqdı. Lakin cavabdeh hələ də aldığı meyvələrin pulunu yəni 2700 manatı qaytarmamışdır. O, cavabdehin yerinə həmin pulları bağ sahibinə qaytarmışdır. Bununla da cavabdeh ona ziyan vurmuşdur. Cavabdehə dəfələrlə verməli olduğu 2700 manat məbləğində pulun qaytarılmasını bildirsə də cavabdeh hər dəfə müxtəlif növ bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır, cavabdehin dediyi vaxtları gözləmiş, lakin cavabdeh pulu qaytarmamışdır. Bu barədə Xudat polis şöbəsinə məlumat vermişdir. Cavabdeh polis şöbəsində ona ziyan vurduğunu və 1200 manat etiraf etmişdir. Cavabdeh ona ümumilikdə 2700 (iki min yeddi yüz) manat ziyan vurmuşdur. Məhkəmə iclasında iddiaçı göstərmişdir ki, məhkəməyə şahid qismində təqdim etdiyi Şahid da meyvə alış-verişi ilə məşğuldur. Cavabdeh onun telefon zənglərinə cavab vermədiyinə görə, Farizdən xahiş etmişdir ki, cavabdehə zəng edib borcu ödəməsini desin. O, da cavabdehə zəng etmiş və cavabdeh ona bildirmişdir ki, 2700 manat nə puldur ki, gəlib ödəyəcək. Əlavə olaraq bildirmişdir ki, iş materiallarında olan sübutlardan başqa əlavə heç bir sübutu yoxdur. Əvvəlki məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, o şirkətdə meyvə bağında satış üzrə menecer işləmişdir. Cavabdeh də həmin vaxt meyvə aparmış, 2700 manat pul borclu qalmışdır. O, rəhbərliyə də əvvəlcə demişdir ki, pulu ödəyəcək, Moskva şəhərindədir, gələn kimi ödəyəcək, lakin sonradan polis şöbəsində izahat vermişdir ki, 1200 manat pul borcludur. Müdiriyyət onu məhkəməyə vermiş və ondan pul tutulması barədə qətnamə qəbul edilmişdir. O da cavabdehi və digər məhsul alan iki nəfəri məhkəməyə vermişdir. Cavabdeh 2700 manat pul verməlidir. Cavabdehin 2700 manat pul qaytarmalı olmasına dair başqa sübutu yoxdur. Məhsulu cavabdehə inanıb vermişdir. İddiaçıdan hər hansı vəsatəti, əlavə sübutları olub-olmadığı soruşulsa da, iddiaçı heç bir vəsatəti, sübutları olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, cavabdeh Vüqarla bir bağdan alver etmişlər. Onun şirkətə borcu qalmışdır. Satıcı da iddiaçı Ramil olmuşdur. Vüqar Ramilin telefon zənglərini açmadığına görə o Vüqara zəng edib demişdir ki, Raminin borcunu versin, o, da telefonda bildirmişdir ki, “2700 manat nə puldur ki, gəlib verəcəm” Ondan sonra bir dəfə də Vüqara zəng etmiş, zəngə cavab verməmişdir. Daha sonra şirkət rəhbəri ona zəng edəndə, o, şirkət rəhbərinə də bildirmişdir ki, “2700 manat nə puldur ki, gəlib verəcəm”. Vüqarla Ramin arasında kimin kimə nə qədər pul verdiyini bilmir. Vüqar özü telefonda ona bildirmişdir ki, “2700 manat nə puldur ki, gəlib verəcəm”. Bundan başqa Vüqar dəftərdə də verilməli məbləğləri yazmışdır. İş materiallarında olan izahatda Cavabdeh göstərmişdir ki, 2022-ci ilin iyul-avqust aylarında Ramildən 2-3 dəfəyə nisyə olaraq meyvə almışdır. Borcunu ödəmişdir. Hal-hazırda İddiaçı 1200 manat pul borcu var, imkanı olan kimi ödəyəcəkdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 47 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cü maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də, iş materiallarıdan və iddiaçının təqdim etdiyi sübutlardan müəyyən olunur ki, İddiaçı Cavabdeh 2700 manat pul tələb etsə də, bu məbləğə uyğun məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İş materiallarına əlavə olunmmuş Cavabdeh polis bölməsində verdiyi izahatından isə görünür ki, cavabdeh iddiaçıya yalnız 1200 manat pul borclu olduğunu qeyd etmişdir. Belə olan halda, iddia tələbi yalnız 1200 manat hissədə təmin olunmalı, qalan hissədə isə rədd edilməlidir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 2700 manat pul tələbinə dair 47 manat dövlət rüsumu ödəmişdir. Lakin iddia tələbi 1200 manat hissəsində əsaslı olduğundan, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən dövlət rüsumu da iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib şəkildə bölüşdürülməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanununa əsasən iddianın məbləği 1200 manat olduqda 32 manat dövlət rüsumu ödənilməlidir. Beləliklə də, iş üzrə ödənilmiş 47 manat dövlət rüsumunun 32 manatı cavabdehdən alınaraq, iddiaçıya ödənilməli, rüsumun qalan 15 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1200 manat məbləğində pul və ödənilmiş 32 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan 15 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-359/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-359/2024
08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver