Məhkəmə qərarları › İş №2(067)-37/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-37/2024

12.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-37/2024 12.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X34, İddiaçı, cavabdeh X5 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X7 adından 25 mart 1988-ci ildə Qımılqışlaq kənd XDS İK-nin idarə binasında əmlakının cavabdeh X6 verilməsinə dair vəsiyyətnaməni etibarsız hesab etməklə, mərhum atası X2 miras qalmış Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən mülkə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan ona çatası payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində mərhum atası X2 miras qalmış, 1938-ci ildə inşa edilmiş yaşayış evi mövcuddur və həmin evdə o yaşayır. Göstərilən yaşayış evinə mülkiyyət sənədləri aşkar edilməmişdir. Xaçmaz rayon Dövlət Arxivinin verdiyi xx.xx.2019-cu il tarixli 448 saylı və xx.xx.2019-cu il tarixli 485 nömrəli rəsmi arxiv arayışlarına əsasən Qımıl- Qışlaq kənd X35 İcraiyyə Komitəsinin 1980- 1982-ci illərə aid Qımıl-Qışlaq kəndi üzrə 0,04 saylı təsərrüfatbaşına kitabda və 86-90-cu illərə aid Qımıl-Qışlaq kənd üzrə 03 saylı təsərrüfatbaşına kitabında mərhum X7 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1938-ci ildə tikilən yaşayış evi və şəxsi istifadəsində 0,33 ha torpaq sahəsi qeyd olunmuşdur. Xaçmaz rayon Dövlət Arxivinin verdiyi 18 iyun 2019-cu il tarixli 546 nömrəli arxiv arayışında göstərilir ki, Qımıl-Qışlaq kənd X31 İcraiyyə Komitəsinin 1963-1965-ci illərə aid Qımıl-Qışlaq kəndi üzrə 3 saylı təsərrüfatbaşına kitabında mərhum X7 təsərrüfat başçısı olub, ailə üzvlərinin siyahısı X12, X19, X15, X18, X13, X16 və İddiaçı qeyd edilmişdir. X1 xx.xx.1995-ci ildə, anaları X12 xx.xx.1983-cü ildə vəfat etmişlər. 2021-ci ilin aprel ayında X16 ona qarşı torpaq üzərində olan yaşayış evindən çıxarılma tələbinə dair iddia qaldırdıqdan sonra işə məhkəmədə baxılarkən bilmişdir ki, göstərilən mülkün yerləşdiyi 0,37 ha torpaq sahəsinə cavabdeh Şıxsəfa İsrafilovun adına torpağın mülkiyyətə verilməsinə dair JN-538F saylı, 30214018 kodlu şəhadətnamə işlənmişdir. Qeyd olunan şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləgv edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirməyə dair iddia qaldırmışdır. Həmin iş hazırda Sumqayıt İnzibati Məhkəməsinin hakimi Leyla Mirzəyevanın icraatındadır. Həmin işə bxılarkən cavabdeh Şıxsəfa İsrafılov məhkəməyə vəsiyyətnamə təqdim edərək bildirmişdir ki, mərhum ataları tərəfindən bütün əmlak ona vəsiyyət olunmuşdur. Məhkəmədən vəsiyyətnamənin surətin əldə etmişdir. Məlum olmuşdur ki, cavabdehin məhkəməyə təqdim etdiyi 25 mart 1988-ci il tarixdə Qımılqışlaq kənd XDS İK-nin İdarə binasında tərtib edilməsini göstərilən vəsiyyətnamədə qeyd olunur ki, X21 oglu bütün əmlakının güya cavabdeh X9 verilməsini vəsiyyət etmişdir. Vəsiyyətnamədə göstərilir ki, 3 nüsxətən ibarət tərtib edilmiş vəsiyyətnamənin birinci nüsxəsi Xaçmaz rayon Notariat kontorunda qalır. Müraciəti əsasında ona bildirilmişdir ki, belə bir vəsiyyətnamə mövcud deyildir. Göstərilən vəsiyyətnamənin mərhum atası X8 tərəfindən imzalanmasına qətiyən inanmır. Belə ki, atası sağlığında cavabdeh Şıxsəfa İsrafılovla heç bir münasibəti olmamış, onu evdən qovmuşdur, onunla ölənə qədər küsülü idilər. Bunu bacıları İntizar və Əzizə də təsdiq edə bilərlər. Hesab edir ki, vəsiyyətnamədəki imza atası tərəfindən deyil başqa şəxs tərəfindən edilmişdir. İş üzrə müvafiq xətşünaslıq ekspertiziyası təyin ediləcəyi halda imzanın saxtalığı üzə çıxacaq. Cavabdehin adına işlənmiş həyətyanı torpaq sahəsinin şəhadətnaməsinin verilməsinə əsas kimi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı göstərilmişdir. Xaçmaz rayonu Bakı Soxvozunun Qımıl-Qışlaq kəndində torpaq payı alan subyektlərin yekun siyahısnda mərhum X3 və ailə üzvlərinin adları aşkar edilməmişdir. (Bax: Xaçmaz rayon Dövlət Arxivinin 16 iyun 1 21 -cu il tarixli 659 nömrəli Arxiv arayışı) Cavabdeh 1980-cı illərin axırlarından Qımıl-Qışlaqda yaşamır və pasport qeydiyyatı yoxdur.O, uzun müddətdir ki, ailəsi ilə birlikdə Xaçmaz şəhərində yaşayır. Göstərilən mülkdə 20 ildən çoxdur ki, o yaşayır. Təsərrüfatı o idarə edir, cavabdeh hərdən bir gəlib gedir. Digər vərəsələrdən İsrafilova Əzizə və İsrafilova İntizar atasından miras qalmış evə gəlib getmişlər. Onlardan başqa digər vərəsələr isə təsadüfi hallarda qonaq qismində gəlib-gedirlər. Miras faktiki olaraq tərəfindən idarə edildiyinə görə mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, atası tərəfindən qardaşına verilmiş vəsiyyətnamə saxtadır, həmin vəsiyyətnamə atasının ölümündən sonra düzəldilib və orada olan imza rəhmətə gedən atasına məxsus deyil. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə razı deyil, hesab edir ki, vəsiyyətnamə saxtadır, ona görə ki, 6 ildir məhkəmədə iş gedir və heç vaxt vəsiyyətnamənin əsli olmamışdır, indi haradan tapıldığını bilmir. Əvvəlki kənd icra nümayəndəsi də, indiki kənd icra nümayəndəsi də ona şübhəlidir. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubu var və həmin məktubda hər hansı bir vəsiyyətnamə barədə Xaçmaz rayon 1 saylı notariat ofisinin arxivində heç bir məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Həmin məktubu təqim edir və xahiş edir atası Məmmədrəsul İsrafilovun adından tərtib edilmiş vəsiyyətnamənin rəngli printerdə çıxarılmış surət olub-olmamasının, habelə montaj işləri aparılıb-aparılmamasının yoxlanılması üçün müvafiq ekspertiza təyin edilsin. Bu barədə vəsatətini də məhkəməyə təqdim etmişdir. Xahiş edir tələbi nəzərə alınsın və iş ekspertizaya göndərilsin. Çünki, xəttşünaslıq ekspertizası başqadır, onun tələb etdiyi ekspertiza başqadır. Ədalətli qərar qəbul edilməsini istəyir. Sənədlər atasının ölümündən sonra yaranan sənədlərdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Bildirmişdir ki, 6 ildir iddiaçı ilə aralarında bu söhbət gedir. İddiaçının iddiasında göstərdiyi hallarla razı deyil. Atası sağlığından ona kənd nümayəndəliyində vəsiyyətnamə yazmışdır və həmin vəsiyytənamə əsasında o, mirası qəbul etmişdir. Hazırda vəsiyyətnamənin etibarsız olması mübahisələndirilir, bunun üçün isə heç bir əsas yoxdur. İddia tələbini qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X14 və Xaçmaz rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X18 və Xaçmaz rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən tələb olunan və iş materiallarına əlavə edilən 25 mart 1988-ci ildə tərtib edilmiş vəsiyyətnamənin əslindən müəyyən olunur ki, X7 vəfat edəcəyi günə özünə məxsus olan bütün əmlakını onun harada və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən Qımıl-qışlaq kəndində olan şəxsi evini oğlu X6 verilməsini vəsiyyət etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 158-ci vərəqəsində olan 25 mart 1988-ci il tarixli vəsiyyətnamədə “Bəcиjjəт eдəнин имзасы” qrafasındakı imza və reyestrdən keçdiyi jurnalda (i.v. 85-112) 186-cı sıra nömrəsində “7” qrafasındakı imza - X7 tərəfindən icra olunmuşdur. Məhkəmə tərəfindən tələb olunan və iş materiallarına əlavə edilən “notarius əməliyyatlarının qeydiyyatı kitabının” 96-cı səhifəsində 186-cı sıra nömrəli qeydiyyatdan görünür ki, X4 vəsiyyətnaməsi ilə bağlı müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 158-ci vərəqəsində olan 25 mart 1988-ci il tarixli vəsiyyətnamədə “Bəcиjjəт eдəнин имзасы” qrafasındakı imza və reyestrdən keçdiyi jurnalda (i.v. 85-112) 186-cı sıra nömrəsində “7” qrafasındakı imza - X7 tərəfindən icra olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nörməli xx.xx.2019 tarixli Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən 0,37 sot torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1291/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəsin almış qətnaməsi ilə (həmin qətnamə Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-57/2023 saylı qətnaməsi ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır) İddiaçı X5 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən torpaq sahəsinin üzərində olan fərdi yaşayış evindən çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsi: ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsi: miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsi: mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 337.1-ci maddə: bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddə: Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddə: Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddə: etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-cü maddə: Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1243.2-ci maddəsi vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsi vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsi: qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Beləliklə də, məhkəmə iş materiallarında olan sənədləri sadalanan hüquq normaları ilə müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, 1988-ci ildə X7 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız sayılması üçün heç bir əsas mövcud deyil. Məhkəmə tərəfindən əldə olunmuş və məhkəmə-xətşünas ekspertin sərəncamına göndərilmiş vəsiyyətnamə, notariat əməliyyatlarının qeydiyyatı kitabı və mərhum X4 xx.xx.1977-ci il tarixli uçot kartoçkasının əsilləri əsasında alınmış ekspert rəyi ilə təsdiq olunmuşdur ki, mübahisələndirilən vəsaiyyətnamədə olan imza X4 tərəfindən icra edilmişdir. Bu isə o deməkdir ki, vəsiyyətnamə vəsiyyət edənin iradəsinə uyğun tərtib edilmişdir. Mülki Məcəllənin “əqdlərin etibarsızlığı” ilə bağlı normaların tətbiqinə də heç bir əsas olmadığından, həmin əqd (vəsiyyətnamə) etibarsız hesab edilə bilməz. Belə olan halda, isə miras əmlak cavabdeh tərəfindən vəsiyyətnamə əsasında tam şəkildə qəbul edildiyindən, habelə Xaçmaz rayon məhkəməsinin 2(067)-1291/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəsin almış qətnaməsi ilə İddiaçı mübahisəli evdən çıxarılması ona dəlalət edir ki, iddia tələbinin qalan hissələri də, yəni mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan payların müəyyən edilməsi hissəsi rədd edilməlidir. İddiaçı iddia tələbinin əsaslandıra biləcək əlavə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı cavabdeh X6 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul İddiaçı alınaraq X24, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar