Məhkəmə qərarları › İş №2(067)-374/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-374/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-374/2023 20.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pulun geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində əsas borcun və tərəfindən ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun, cəmi 3051 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdehi uzun illərdir ki, tanıyır. 12 mart 2021-ci il tarixdə cavabdeh ona müraciət edərək ona təcili olaraq 3000 manat borc pul lazım olduğunu bildirmiş və ondan xahiş etmişdir ki, ona həmin məbləğdə borc pul versin. Həmin vaxt onda evin təmirinə saxladığı nağd pul var idi. Cavabdehi tanıdığı üçün cavabdehə borc pul verməyə razı olmuş və 12 mart 2021-ci il tarixdə o öz evində cavabdehə 3000 manat pul borc vermişdir. Cavabdeh ondan aldığı borc pulu uzağı iki ay müddətinə tam şəkildə qaytaracağına söz vermişdi. 2021-ci ilin may ayında o, cavabdehlə telefon əlaqəsi saxlayaraq borc pulun qaytarılmasını tələb etdi. Cavabdeh onun yanına gələrək bildirdi ki, hazırda onun nağd pulu yoxdur və ona cəmi çəkisi təxminən 15-16 qram olan bir neçə ədəd qızıl-zinət əşyaları verə bilər. Cavabdeh istədi ki, onların dəyərinin ümumi borc məbləğindən silinsin. Onlar cavabdehlə birlikdə qızıl dükanına getdilər, orada cavabdehin gətirdiyi qızıllara baxış keçirilib bildirdilər ki, onların dəyəri təqribən 935 manat təşkil edir. O, cavabdehə bildirdi ki, ona qızıl lazım deyil, aldığı 3000 manat pulu tam qaytarsın. Bundan sonra cavabdeh ona bildirdi ki, həmin qızılları müvəqqəti olaraq özündə saxlasın, yaxın zaman ərzində pulunu tam qaytarar və onda olan qızılları ona geri qaytarar. Həmçinin cavabdeh ona etiraf etdi ki, 12 mart 2021-ci il tarixdə ondan borc aldığı 3000 manat pulu özünün tanışı Şahid adlı şəxsə vermişdir. Həmin şəxs pulu gecikdirdiyi üçün borcunu qaytara bilmir. O,cavabdehə borc pulu ona verdiyini demişdir. Şahid tanımadığını, cavabdehin Xanlar Babayevlə olan söhbətin ona aid olmadığını bildirmişdir. Üstündən xeyli müddət keçmiş olsa da, cavabdeh ondan aldığı borc pulu qaytarmamışdır. Cavabdeh ona bildirdi ki, Şahid ona pul qaytarmaması barədə Xaçmaz rayon prokurorluğuna şikayət etmişdir. 11 mart 2022-ci il tarixdə o, özü də Xaçmaz RPŞ-nə müraciət edərək Cavabdeh etibarından sui-istifadə edərək ondan 3000 manat pul alıb ələ keçirdiyini və həmin məbləğdə pulun Cavabdeh alınaraq ona qaytarılmasında köməklik göstərilməsini də xahiş etmişdir. Şikayət ərizəsi əsasında Cavabdeh izahat alınmış və o, izahatında etiraf etmişdir ki, həqiqətən də 12 mart 2021-ci il tarixdə ondan 3000 manat pul borc alıb həmin pulu öz tanışı Şahid vermiş, sonuncu həmin pulu ona qaytarmadığından ondan aldığı borcu qaytara bilməmişdir. Hətta Cavabdeh ona 3000 manat pulun Xanlar Bavevə verdiyini təsdiq edən iltizamın surətini vermişdir. Artıq bir ildən çox müddət keçir ki, cavabdeh ondan aldığı 3000 manat məbləğində borcu qaytarmamış, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib və əlavə olaraq bildirmişdir ki, cavabdeh deyir ki, birinci dəfə 2000 manat pulu ondan alıb Xanlara verib, lakin belə bir hal olmayıb, yəni cavabdeh yalan deyir. O, cavabdehdən pulunu tələb edəndə cavabdeh ona bildirmişdir ki, pulu pensiyaya çıxarılmasına köməklik üçün kiməsə verib. O, cavabdehdən məhkəmə yolu ilə pulunu tələb edəndən sonra cavabdeh qızılları banka girov qoyub 900 manat pul alıb ona qaytarıb, 2151 manat borcu qalıb. Xaçmaz RPŞ-nə müraciət edərkən ona bildirmişlər ki, gilası satıb pulunu verəcəklər, lakin bu günə kimi onun pulunu qaytarmırlar. Hazırda keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib və əlavə olaraq bildirir ki, cavabdehdə 3000 manat pulu 2 aylıq vermişdir. Lakin cavabdeh həmin pulu 2 ildir qaytarmır. Cavabdeh ondan 2 aylıq borc istədi. O, da cavabdehə evin təmiri üçün saxladğı pulu ona verəcəyini, 2 aya pulunu qaytarmasını bildirmişdir. İddiaçı göstərir ki, xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh onun üstünə şər atır ki, guya o, cavabdehə fazilə pul verməyi üçün müştəri tapmasını demişdir. Amma belə bir hal olmayıb. O, faizlə pul vermir, cavabdehə pulu evinin həyətində vermişdir. Həmin vaxt onların yanında başqa heç kim olmayıb. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı ona demişdir ki, pul istəyən olsa 10 %-lə verir. Onunda həyat yoldaşı xəstə idi, pula ehtiyacı var idi. Ona görə də iddiaçıdan pul alıb 15%-lə verib gəlir əldə etmək istəyib. Şahid adlı şəxs ondan pul istəmiş, o da iddiaçıdan 2000 manat pul alıb Xanlara verib. Xanlar da qızıllarını girov qoydu. Sonradan o, 2300 manat pulu qaytardı və qızıllarını geri aldı. İkinci dəfə Xanlar 3000 manat pul istədi və o, iddiaçıdan 3000 manat pulu alıb Xanlara verdi. Cavabdeh Şahid məhkəməyə dəvət olunsa, onun məhkəməyə gələcəyini, pulu aldığını etiraf edəcəyini və qayrtamağa da söz verəcəyini bildirmişdir. Ona görə ona bildiriş göndərilməsini xahiş etmişdir. Hazırda keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirir ki, o, iddiaçıdan onun evinin həyətində 3000 manat pul alıb Xanlara vermişdir. Sonra Xanlardan qızılları götürüb ona qəbz yazdırmışdır. İddiaçıdan 3000 manat pulu 10 faizlə alıb Xanlara 15 faizlə vermişdir ki, ona da oradan xeyir qalsın. Xanlar da bunu bilirdi. Xanlar ona demişdi ki, anası xəstədir, ona faizlə pul lazımdır, lakin sonradan pulu qaytara bilmədi, oğlu hərbi xidmətdən işdən çıxdı. Dəfələrlə Xanlara dedmişdir ki, iddiaçının pulunu verin, faizlərini verə bilmirsə, əsas borcu versin, lakin o, borcu qaytara bilmədi. O, da iddiaçının yanında üzüqara qaldı. Sonra iddiaçı ilə birlikdə Xanlarla söhbət elədilər ki, o, iddiaçıya ayda 100 manat pul verəcək, lakin yenə vermədi. Bu yaxınlarda iş məhkəmədə olanda aparıb Xanların qızıllarını satıb 900 manat iddiaçıya veriblər. 3000 manat pulu Xanlara verəndə o, qızılları ona vermişdi, o, bir müddət qızıllları özündə saxlamış, sonra aparıb iddiaçıya vermişdir. Sonra elə oldu ki, qızıllar az pul çıxardı. Sonra lombarda aparıb vermək istədi, 935 manat pul verdilər, razı olmadı. Sonra Xanlar qızılları banka girov qoyub 900 manat pul alıb iddiaçıya verdi. Xanlar məhkəmə qətnaməsi çıxandan sonra iddiaçının pulunu öz adına ayda 50-100 manatdan hissə-hissə ödəyəcəyini bildirir. O, şahid kimi məhkəmədə ifadə verərək, qalan 2150 manat pulu özü ödəyəcəyini göstərcək. Cavabdeh Şahid qismində dindirilməsini, həmçinin pulu alıb Xanlara verdiyinə görə borclu qismində onun adının yazılmasını və pulu da onun ödəməsini xahiş edir. İddiaçı cavabdehin dediklərinin düzgün olduğunu, lakin faizlə pul verməyi barədə söhbətin düz olmadığını bidirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid göstərir ki, 2021-ci ilin mart ayında ona pul lazım idi, ağır xəstəsi var idi. Cavabdehə yaxınlaşıb ona faizlə pul lazım olduğunu bildirib. Cavabdeh təşkil edə biləcəyini, amma girov lazım olacağını deyib. O,da girov kimi olan bütün qızıllarını cavabdehə verib. Cavabdeh ona 15%-lə 3000 manat pul alıb verib. Sonra elə olub ki, işi olmadı, pulu ödəyə bilmədi. Düzdür o, pulu cavabdehdən faizlə almış, amma ona faiz verə bilməmişdir. Cavabdeh dedi ki, onda əsas borcu ödə, o da cavabdehə dedi ki, gedib girov qoyduğu qızılları banka qoyub pul alsın, nə pul çıxsa versin, qalan pulu da ayda 80-100 manatdan nə gücü çatsa verər, başqa iş yeri yoxdur, şirkətdə günə 12 manatdan fəhlə işləyir, 2 aydır işləmir. Cavabdeh onunla razılaşdı. Sonra 2022-ci ilin dekabr ayının 12-də iddiaçı və cavabdehlə birlikdə “Muğanbank”a getmişlər. O,qızılları girov qoydu, 928 manat pul verdilər. O, da 900 manat pulu alıb cavabdehə verdi. Cavabdeh də həmin pulu iddiaçıya təqdim elədi. Onun 2100 manat borcu qaldı. O,cavabdehə dedi ki, yaya qədər ona vaxt verin, meyvə yetişsin ödəyə bilsin, yoxsa iş yeri, bağı, gəlir yeri yoxdur. Cavabdeh də bu təkliflə iddiaçının razılaşacığına və ya razılaşmayacağına söz verməyərək, borcu aybaay ödəməsini bildirmişdir. O da mart ayına qədər vaxt verilməsini istəmişdir, çünki şirkətdə iş həmin vaxt başlayır, mart ayından ayda 80-100 manatdan ödəyə bilər. O,cavabdehə 900 manat pul ödəmiş və 2100 manat pul borclu qalmışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Əliyev X1 Bayevin ona 3000 manat pul qaytarmaması barədə Xaçmaz rayon prokurorluğuna şikayət ərizəsi ilə etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə“ qərardan müəyyən olunur ki, Cavabdeh Xaçmaz rayon prokurorluğuna ünvanladığı müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 50 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 3000 manat pulun almasını və həmin puldan 900 manatın qaytarmasını, iddiaçının isə bu halı təsdiq etməsi ona dəlatət edir ki, cavabdeh iddianı qəbul və etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin təqsiri sübuta yetirilmiş qəbul olunur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını araşdırıb tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı cəmi 2100 manat ödənilməmiş borcu qaldığı müəyyən edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi qaydasında ödənilməlidir. Belə olan halda, cavabdehdən iddianın təmin edilmiş hissəsinə uyğun dövlət rüsumu iddiaçının xeyirinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 2100 manat pul və ödənilmiş dövlət rüsumundan 41 manat tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2100 manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 41 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilsin, 9 manatı isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar