Məhkəmə qərarları › İş №2(067)-397/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-397/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-397/2021 24.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X4, İddiaçı İB-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1608,35 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh istifadə etdiyi təbii qaza görə 1608,35 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehə rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, onun tərəfindən borc hələ də ödənilməmişdir. Abonentin borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Bu barədə müvafiq çıxarış ərizəyə əlavə edilmişdir. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Abonentin istifadə etdiyi təbii qazın haqqının ödənilməsi, borclu kimi onun mübahisə edilməyən vəzifəsidir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitələri ilə tam ödənilməlidir. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və göstərmişdir ki, Cavabdeh abonent kimi Xaçmaz RQİİ-nin Xaçmaz sahəsində qeydiyyatdadır. O, təbii qazdan istifadə edir, hər ay normal qaydada sərfiyyat var, lakin istifadə etdiyi təbii qazın pulunu ödəmir. Buna görə də 1608,35 manat debitor borcu yaranıb. Ona görə cavabdehə qarşı məhkəmədə iddia qaldırılmışdır. Cavabdehin evinin sayğacına müdaxilə olunduğuna görə ona 509,40 manat ziyan hesablanmışdır, lakin məhkəmənin qətnaməsi ilə həmin ziyan məbləği silinmişdir. Cavabdehin bu ilin fevral ayına 1851,85 manat debitor borcu var, abonentin saldosunda cavabdehin ödənişləri tam nəzərə alınmışdır. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, 2016-cı ildə onun evində köhnə sayğac var idi və ondan qaz sızırdı. Dəfələrlə Qaz idarəsinə bu barədə müraciətlər etmişdir, ona bildirmişlər ki, məsələni yoluna qoyacaqlar. Sonra sayğacı yenisi ilə əvəz etdilər, köhnə sayğaca isə müdaxilə olunduğunu bildirdilər və ona 509,40 manat ziyan hesablandı. O, məhkəmədə iddia qaldıraraq, həmin ziyan məbləğini sildirmişdir. Hazırda onun debitor borcu var, amma azdır. Həmin borcu da banklardan aldığı kreditlərin ödənişləri ilə bağlı yaranmışdır və borcunu ödəyəcəkdir. Qaz sayğacı 6-7 il əvvəl qaz buraxırdı, yəqin hazırkı borc da ona əsasən yaranmışdır. Yandırdığı qazla sayğacdan sızan qaz eyni olduğuna görə hesab edir ki, debitor borc çox hesablanmışdır. Qazın sızıntısı ilə bağlı 2014-2015-ci illərdə Qaz idarəsinə müraciət etmiş, sonra da məhkəmədə cərimənin silinməsi ilə bağlı iddia qaldırmışdır. Sayğacın artıq sərfiyyat yazmasını təsdiq edən sübutu yoxdur. Hesab edir ki, onun qazdan istifadəyə görə 700-800 manat debitor borcu vardır. Göstərilənlərə əsasən iddianın qəbul etdiyi həcmdə qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarlaəsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Xaçmaz RQİİ və Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən müəyyən olunur ki, qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Xaçmaz RQİİ-nin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, Cavabdeh təbii qazın dəyərini tam şəkildə ödəmədiyinə görə, onun xx.xx.2020-ci il tarixə 1608,35 manat borcu yaranmışdır və qanunvericiliyin tələbləri izah olunmaqla sözügedən borcun 5 gün ərzində ödənilməsi, əks halda bu barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu köçürülmüşdür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinin tələblərinə görə qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1608,35 manat məbləğində əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq cavabdeh İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1608,35 (min altı yüz səkkiz manat, otuz beş qəpik) manat məbləğində əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar