Məhkəmə qərarları › İş №2(067)-40/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-40/2024

14.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-40/2024 14.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili Vəkil, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 5 saylı Ərazi İdarəsinin mühəndisi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə törədilən maneələrin aradan qaldırılması, ümumi istifadədə olan gediş-gəliş yolunun daralmış hissəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz rayonu, Şıxlı (köhnə Krasnı Xutor) kəndində yerləşən xx.xx.2019-cu il tarixli A№ 377790 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlarda yerləşən 0,49 ha torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, həmin ərazidən keçən ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin boşaldılması və yolun əvvəlki vəziyyətinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Şıxlı (köhnə Krasnı-Xutor) kəndi ərazisində onun mülkiyyət hüququ ilə 0,4905 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə təsdiq olunur. Həmin torpaq sahəsi ilə qonşuluqda cavabdehə məxsus yaşayış evi və həyətyanı torpaq sahəsi yerləşir. Torpaq sahələrini aradan keçən ümumi istifadədə olan yol ayırır. Neçə müddətdir ki, cavabdeh aralarından keçən ümumi istifadədə olan yolun bir hissəsini qanunsuz olaraq zəbt etməklə hasarlıyaraq öz torpaq sahəsinə qatmışdır. Nəticədə ümumi istifadədə olan yol daralmış və o, mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə edə bilmir, ora kənd təsərrüfatı texnikasını sürə bilmir və s. Dəfələrlə məsələ ilə bağlı yerli özünü idarə orqanına və İnzibati Ərazi Dayirəsinə şikayətlər etsə də heç bir müsbət nəticəsi olmamış, cavabdehin özü isə ümumi istifadədə olan yolun zəbt etdiyi hissəsini könüllü olaraq boşaltmaq istəmir. Ona görə də məcburiyyət qarşısında qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin ediməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə tanışdır. Rəydə də göstərilib. Cavabdeh onun oğlunun torpaq sahəsinin girişinə mane törədir. Eyni zamanda, ümumi yoldan istifadəyə də maneə yaradır. Cavabdeh onun hasarını qanunsuz sökdürüb. Cavabdeh yolu zəbt edib. Onun oğlunun torpaq sahəsinə gedən alternativ yol yoxdur. Söhbət oğlunun istifadəsində olan torpaq sahəsindən gedir. Yolun açılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin ediməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayonu, Şıxlı kəndi ərzisində iddiaçının torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışı ilə təsdiq olunur. Ekspert rəyində də göstərlir ki, iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmuşdur. Cavabdeh aralarından keçən ümumi istifadədə olan yolun bir hissəsini qanunsuz olaraq zəbt etməklə hasarlayıb. Torpaq sahəsində manelərin aradan qaldırılmasını və cavabdeh tərəfindən ictimai yolun əvvəlki vəziyyətə gətirilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdehin iddia elədiyi yer oğlunun torpaq sahəsi deyil. Yəni, oğlunun yeri başqa yerdir. Onun hasarının yanından yol keçir. O, öz torpaq sahəsini hasara almışdır. Gətirib həmin hasarın dibindən isə söyüd ağacları əkiblər. O, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh onunla qonşu deyil. Onunla qonşu olan başqasıdır. Cavabdeh kənd camaatına maneə törədir. Ekspertiza rəyində də göstərilir ki, cavabdeh yola çıxmışdır. Məhkəmə iclasında mütəxəssis kimi Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 5 saylı Ərazi İdarəsinin mühəndisi X7 izahatında göstərmişdir ki, mövcud olunan materiallara əsasən istifadədə olan yolun cavabdeh 50 kv. metr hissəsini hasar çəkərək dəmir şiferlə bağlayıb. Eyni zamanda yola çıxıb. Əvvəl bu yol yox idi. İddiaçının yolu iki tərəfdən var. Yol təkcə oradan deyil. Yəni, alternativ yollar da var. Başqa mütəxəssis də baxa bilər. Cavabdeh ictimai yola çıxıb. İddiaçının mülkiyyətində olan gediş-gəliş yolunda zəbt olunma yoxdur. Cavabdeh tərəfindən gediş-gəliş yoluna heç bir mane yaradılmır. Sərbəst şəkildə gediş-gəliş vardır. Yalnız çaya gedən yolda zəbt olunma var. 0.49 ha torpaq sahəsinə gedən yola aiddir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli ********** saylı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə Xaçmaz rayonu,Qırmızı-Xutor kəndi ərazisində 0.4905 ha torpaq sahəsi vardır. - Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli, 10/7737 saylı rəyindən müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.4905 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdehlər Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Qırmızı Xutor (Şıxlı) kəndi ünvanında yerləşən 0.4905 ha olan torpaq sahəsindən iddiaçının istifadəsinə maneçilik törədilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndişi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının mülkiyyətində olan Qırmızı Xutor kəndi ünvanında yerləşən 0.4905 ha olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur. - Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli, 10/4125 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli **********69 reyestr nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Şıxlı (Qırmızı Xutor) kəndində yerləşən 0,4905 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan ictimai yolun sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Şıxlı (Qırmızı Xutor) kəndində yerləşən 0,4905 ha torpaq sahəsi hüdudlarında olan əvvəllər mövcud olmuş ictimai yol zəbt olunmamışdır. Lakin digər torpaq sahələrinə gedən yolun 50 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur (sxemdə əks olunur). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin- mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Şıxlı (Qırmızı Xutor) kəridində yerləşən 0,4905 ha torpaq sahəsinə ictimai yoldan başqa gediş-gəliş yolu var (sxem əlavə olunur). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Şıxlı (Qırmızı Xutor) kəndində yerləşən 0,4905 ha torpaq sahəsinə şərq və cənub tərəfindən gediş-gəliş yolu mövcuddur. Ümumi istifadədə olan ictimai yoldan başqa hər hansı bir alternativ yola ehtiyac yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, ümumi istifadə olan yolun 50 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur. Maneçilik törədilməsi müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayonu, Şıxlı kəndində iddiaçıya mülkiyyət hüququ əsasında 0.4905 ha kənd təsərrüfatlı torpaq sahəsi məxsusdur. Onun torpaq sahəsi ilə qonşuluqda Cavabdeh məxsus torpaq sahəsi vardır. Torpaq sahələrinin arasında ümumi istifadə olan yola keçid vardır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan ekspertiza rəyi və işdə olan digər sübutlar hazırkı mübahisənin həll edilməsi üçün mühüm əhəmiyyətə malik olduğundan iş üzrə mötəbər sübut növü kimi qəbul olunmalıdır. Həmin rəydən isə məlum olur ki, iddiaçı istinad etdiyi halı, yəni cavabdehin ona məxsus torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən maneələr törədilməsini, həmin ərazidən keçən ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt edilməsi müəyyən olunmamışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. -171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. -171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 18-ci maddəsinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. - 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı irəli sürsə də, məhkəmə iclası zamanı verdiyi izahatı və ekspert rəyi ilə müəyyən olunur ki, cavabdeh onun oğlunun və ya digər şəxslərin mülkiyyətində olan torpaq sahəsindən keçən ümumi istifadədə olan yola qismən maneçilik törədir. İndiki halda iddiaçının qeyd olunan iddianı irəli sürməsinə heç bir əsas yoxdur. Onun mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yoldan istifadə etməsinə cavabdehin hər hansı maneçilik törətməsi müəyyən olunmamış, bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudlarında olan əvvəllər mövcud olmuş ictimai yol zəbt olunmamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yol cavabdeh tərəfindən istifadə olunmur və bu iddiaçının gediş-gəlişinə maneçilik törətmir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə şərq və cənub tərəfindən gediş-gəliş yolu mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının özünün məhkəmə iclasında cavabdehin onun oğlunun mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yoluna maneçilik törətməsinə dair verdiyi etirafedici ifadələri ilə də təsdiq olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yoluna cavabdeh tərəfindən hər hansı bir müdaxilə edilməsi öz təsdiqini tapmamışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi halları sübuta yetirə bilməmiş, iddiasının təmin olunmasına gətirib çıxaran heç bir dəlilini məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı qeyd etdiyi halları sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçının hazırki halda qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, iddia həm də buna görə əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə törədilən maneələrin aradan qaldırılması, ümumi istifadədə olan gediş-gəliş yolunun daralmış hissəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə, dövlət rüsumu ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul İddiaçı alınaraq X1 hesaba keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə törədilən maneələrin aradan qaldırılması, ümumi istifadədə olan gediş-gəliş yolunun daralmış hissəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul İddiaçı alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar