Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-40/2025 08.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin törətdiyi əmələ görə ondan üzr istəməsi, 3000 manat mənəvi və 2400 manat çəkilmiş maddi ziyanın və ödənilmiş 74 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı Xaçmaz rayonu, Çiləgir kəndindəki evinin həyətinə gəlmiş, onunla mübahisə zamanı üzərinə hücüm edərək onu vuraraq sağ göz almasına qansızma, burun nahiyyəsinin əzilmə yarası və burun sümüyünün sınığı ilə nəticələnən xəsarətlər yetirməklə xüsusi amansızlıqla törədilməklə qəsdən sağlamlığına zərər vurmuşdur. Bununla bağlı cinayət işi açılmış və cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin yekun hökmü ilə təqsirli bilinmişdir. Cavabdeh ona dəymiş ziyanın əvəzini ödəməmişdir. Onun müalicə almağı üçün 2400 manat xərci çıxmışdır. Cavabdehin hərəkətləri və törətdiyi cinayət nəticəsində sağlamlığını itirmiş, fiziki və mənəvi iztirablar keçirmişdir. O, ailəsinin və uşaqlarının yanında biabır olmuşdur. Özünə dəyən mənəvi ziyanı 3000 manat miqdarında qiymətləndirir. Yuxarıda qeyd olunan hadisənin baş verməsi nəticəsində cavabdeh ümumilikdə ona dəymiş maddi və mənəvi ziyanı geri qaytarmamışdır. Çəkdiyi xərclərə dair qəbzləri mövcuddur. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh mübahisə zəminində iddiaçıya xəsarət yetirmişdir. Cinayət təqibi üzrə araşdırma aparılmışdır. Bu günə kimi cavabdeh tərəfindən heç bir məbləğ ziyan əvəzi olaraq ödənilməmişdir. İddiaçı aldığı xəsarətlə əlaqədar 2 dəfə burun əməliyyatı keçirmişdir. İddiaçı cavabdehdən həyat yoldaşının yanında üzr istəməsini istəyir. 4 ilə yaxın cinayət işi icraatda olub, bu müddət ərzində iddiaçı məhkəmə proseslərində iştirak etmişdir. Cinayət işi ilə əlaqədar ziyan vurulmuşdur. Mənəvi zərərin məbləğini əsaslandırmamışlar, bunu məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, iddianı qəbul etmir, iddianı təsdiq edən sənəd təqdim olunmamışdır. İddiaçıdan dəfələrlə üzr istəmişdir, məhkəmə zalında da üzr istəyə bilər. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıdan dəfələrlə üzr istəmişdir. Polis şöbəsində, məhkəmədə üzrxahlıq etmişdir. Lakin iddiaçı heç bir üzrünü qəbul etməmişdir. Hətta ona təklif etmişlər ki, məhkəmədə yoldaşının qarşısında üzr istəsin. O, etiraz etmir. Lakin pul məsələsi üçün onu deyə bilər ki, o insanda xəsarət olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Epikrizlərdən müəyyən olunur ki, İddiaçı “Burun çəpər əyriliyi. Rinokifoz” diaqnozu təyin edilmiş, xx.xx.2021-ci il tarixdə ümumi endotraxeal anesteziya altında rinoseptoplastika əməliyyatları aparılmışdır. -Ödəniş qəbzlərindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə -“Oki” özəl tibbi müalicəxanasına 131 manat, 800 manat, xx.xx.2021-ci il tarixdə 9.40 manat ödənişlər edilmişdir. -Ödəniş qəbzlərindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə DOKTA MMC-nə 0.70 manat, 13.10 manat, "xxxx" QSC-nə 16.40 manat, xx.xx.2021-ci il tarixdə OKİ aptekə 0.40 manat, 7.90 manat, 1.49 manat, DOKTA MMC-nə 16.90 manat ödənişlər edilmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 74 manat rüsum ödənilmişdir. -“Oki” özəl tibbi müalicəxanasının xx.xx.2022-ci il tarixli 9 nömrəli arayışından görünür ki, İddiaçı tərəfindən 24 dekabr 2021-ci il tarixdə “Oki” özəl tibbi müalicəxanasının kassasına 1347 manat məbləğ ödənilmişdir. -Cavabdeh məhkəmə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçı iddia ərizəsini qanunvericiliyə uyğun olaraq tərtib etməyərək nəzəra almamışdır ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq təcrübəsi h aqqında” Ali Məhkəməsinin “20” fevral 2020-ci il tarixli əlavə və dəyişikliklərin (bəndlər 7, 12 və 13-cü) Plenumun Qərarını və Azərbaycan Respublikasının “Mülki Məcəllənin 21 və 23-cü maddələrin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına (“31” may 2022-ci il tarixli) uyğun olmayaraq, iddiaçı konkret olaraq hansı halda real zərər dəyməsini göstərə bilməyərək sadəcə olaraq cəfəngiyyət bir iddia yazmaqla nəzərə almır ki, xx.xx.2023-cü il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü ilə onun barəsində Xaçmaz rayon Məhkəməsinin “27” sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməyərək cinayət işinə xitam verilmişdir. Çox təəssüflü haldır ki, iddiaçı 3 il ərzində bir gün də olsun ki, o, öz işindən qalmamış və mütəmadi olaraq öz işində olmuşdur və onun səhhətində heç bir problem yaranmayan halda məhkəməyə saxta sənədlər tərtib etməklə özünün burnunda köhnədən yaranmış problemi onun üzərinə atmaqla qanunsuz olaraq ondan hansı bir formada pul vəsaiti almağa çalışır. Bununla yanaşı onu da qeyd etmək istəyir ki, 3 ilə yaxındır cinayət işinin icratı zamanı onun tərəfindən qəsdən məhkəməyə iddia ərizəsi verməmiş, özü çox yaxşı bilnişdir ki, ona heç bir xəsarət yetirilməmişdir və bu fakt cinayət işi icraatında ekspertizanın rəyləri ilə və digər sübutlarla tam şəkildə sübuta yetirilmişdir. -Xaçmaz rayon məhkəməsinin 1(067)-5/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələrindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(105)- 34/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair Xaçmaz rayon məhkəməsininş 1(067)-5/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli qərarının 1-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 9-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkməsinikn Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarxili Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Qərarda qeyd olunur ki, məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə qeyd olunur ki, əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Beləlliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə yaranmış mübahisə zamanı iddiaçının sağlamlığına zərər vurmulması ilə əlaqədar cinayət işi açılmış və cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin yekun qərarı ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. İddiaçı müalicəsi ilə əlaqədar 2400 manat məbləğində pul sərf etmiş, lakin cavabdeh ona dəymiş ziyanın əvəzini ödəməmişdir. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh iddianı qəbul etməyərək öz etrazında həmin xərclərin iddiaçının mübahisədən əvvəl burnunda olan xəsartlərlə bağlı çəkilən xərclər olduğunu qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, iddiaçının müalicə ilə bağlı çəkdiyi xərclər məhz həmin cinayət hadisəsindən sonraki tarixlərə aiddir. Həmçinin cavabdeh iddiaçının hadisə zamanı heç bir xəsarət almadğını qeyd etsə də, qüvvədə olan məhkəmə qərarında istinad edilən ekspert rəyində yetirilmə müddəti xx.xx.2020-ci ilə uyğun gələn iddiaçının sağ göz almasına qansızma, burun nahiyəsinin əzilmiş yarası və burun sümüyünün sınığının sağlamlığına yüngül zərərvurma kimi qiymətləndirildiyi qeyd edilmişdir. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş mənəvi zərərin 3000 manat məbləğində olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə hesab edir ki, iş materiallarından və işin digər faktiki hallarından cavabdehin hərəkətləri və törətdiyi cinayət nəticəsində iddiaçının sağlamlığını itirməsi, fiziki və mənəvi iztirablar keçirtməsi müəyyən olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, əməlin növünü, dərəcəsini, davam etdiyi müddəti, hadisənin baş vermə şəraitini və mühitini, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsi məqsədəmüvafiqdir. İddia tələbinin cavabdehin iddiaçıdan üzr istəməsi hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə mənəvi zərəri pul formasında qiymətləndirərək iddianı bu hissədə qismən təmin etdiyindən cavabdehin üzərinə əlavə öhdəlik qoyulmamalı, mənəvi zərərinin ödənilməsi məhkəmə tərəfindən müəyyən edilmiş məbləğin tutulması ilə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.1-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi qismən, yəni cəmi 2900 manat hissədə təmin olunduğundan, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, 2900 manat hissəsinə uyğun olaraq 49 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 49 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2400 manat, mənəvi zərərə görə 500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 49 manat hissəsi alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-40/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-40/2025
08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver