Məhkəmə qərarları › İş №2(067)-400/2024

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-400/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-400/2024 27.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2600 (iki min altı yüz) manat borc pulu və ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun, cəmi 2647 (iki min altı yüz qırx yeddi) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda tanımışdır və yaxın münasibətləri olmuşdur. Cavabdeh 2022-ci ilin oktyabr ayında ondan 2600 (iki min altı yüz) manat borc pul istəmişdir. Həmin vaxt o, Cavabdeh 2600 (iki min altı yüz) manat borc pul vermişdir. Cavabdeh ondan borca pul alaraq söz verdi ki, borca aldığı 2600 (iki min altı yüz) manat pulu tezliklə qaytaracaqdır. Bunu təsdiq edən iki nəfər şahidi də var. Lakin sonra Cavabdeh hər dəfə müxtəlif cür bəhanələr gətirərək, yaxın vaxtlarda borca aldığı 2600 (iki min altı yüz) manat borcu qaytaracağını bildirərək onu aldatmışdır. Məhkəmə iclasında iddiaçıın vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçıya 2600 manat pul borcludur. Cavabdeh 2600 manat pulun alınaraq iddiaçıya verilməsini istəyir. Xahiş edir ki, iddia təmin olunsun. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. İddiaçı tanıyır. Nafiqi də tanıyır. Bilir ki, Vəlyəddin Nafiqə pul verib. Pul verərkən o, onların yanında olub. Nafiq uşağının xəstə olduğunu demişdi. Hətta pulu birinci ondan istəmişdi. O, onu Vəlyəddinə yönəltmişdir. Pulu verərkən heç bir iltizam almayıb. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. İddiaçı tanıyır. Beyləqanda yaşayır. Onu rayon sakini olaraq tanıyır. Lakin Nafiqi şəxsən tanımır. Sadəcə bilir ki, Vəlyəddin ona pul verib. Pul verərkən o, onların yanında olub. Pulu evlərində verib. Evdə onlardan başqa bir nəfər də var idi. Pulu verdiyi oğlan qarayanız oğlan idi. Pulu verərkən sayıb verdi. Ona görə bilir ki, 2600 manat pul verib. O, da demişdir ki, xəstəsi var. Tezliklə pulu geri qaytaracaq. Pulu verərkən heç bir iltizam almayıb. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh 2022-ci ilin oktyabr ayında iddiaçıdan 2600 (iki min altı yüz) manat borc pul almışdır. İddiaçı cavabdehə 2600 (iki min altı yüz) manat borc pul vermişdir. Lakin cavabdeh 2600 manat borcunu iddiaçıya qaytarmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların şifahi şəkildə bağladıqları borc müqavilələsidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında borc müqaviləsi münasibətləri olmuş,, cavabdeh üzərinə aldığı pulu ödəməyi barədə öhdəlik götürmüş, lakin həmin öhdəlik onun tərəfindən lazımınca icra edilməmiş, nəticədə 2600 manat borcu yaranmışdır. Ona görə də iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat əsas borc və ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun, cəmi 2647 (iki min altı yüz qırx yeddi) manat pulun alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar