Məhkəmə qərarları › İş №2(067)-405/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-405/2023

03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-405/2023 03.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 03 aprel 2023-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq 2018-ci ilin avqust ayında Cavabdeh bir neçə saatlığa saxlamaq üçün verdiyi Azərbayacan manatı ilə cəmi 820 manat həcmində 20000 rus rublu və 200 ABŞ dolları puldan geri ala bilmədiyi qalan 575 manat həcmində 15000 rus rublu və 100 ABŞ dolları məbləğində pulun, ona vurulmuş maddi və mənəvi ziyan həcmində 400 manat pulun və ödədiyi 31 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 1005 manat pulun cavabdehdən alınıb alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi taksi fəaliyyəti göstərən həmyerli kimi tanıyır. Xaçmaz şəhərində bir yerə getmək lazım olanda onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək çağırır və çox vaxtı onunla gedib-gəlmişdir. 2018-ci ilin iyul-avqust ayında Xaçmaz şəhərində yerləşən DİN-in Baş Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin MERO adlanan idarəsinə sürücülük vəsiqəsi almaq üçün imtahan verməkdən ötrü oraya getməli olmuş. Odur ki, cavabdehə zəng vuraraq çağırmış və gəlib onu həmin idarəyə aparmışdır. Yolda sürücülük vəsiqəsi almaq üçün oraya getdiyimi cavabdehə demişdir. Həmin vaxtı özü ilə ehtiyat üçün çantasında ayrı saxladığı cəmi 820 manat həcmində 20.000 rus rublu və 200 ABŞ dolları pul götürmüşdür ki, lazım olar. Ora gedəndə avtomobildə başqa şəxs olmamışdır. İmtahan verilən idarəyə çatanda cavabdehə demişdir ki, onu gözləsin. Çantada saxladığı 20.000 rus rublu və 200 ABŞ dolları pulu cavabdehə vermişdir ki, saxlasın lazım olan anda gəlib ondan götürəcək, o da pulu alıb razılaşdı. İmtahana girmiş, imtahandan yaxşı keçmiş, ancaq orada olmağına görə xeyli vaxt keçmişdir. Binadan çıxanda cavabdehi orada görməmiş, zəng edib harada olduğunu soruşduqda, uzaqda olduğunu bildirmiş, pulu gətirib verməyi ondan tələb etmişdir. Cavabdeh bildirmişdir ki, üstündən götürüb xərcləyib, 3-4 günə gətirib verəcək. Odur ki, o başqa taksi ilə evə qayıtmalı olmuşdur. Deyilən vaxtda pulu gətirib qaytarmadığından cavabdehə zəng etməyə başlamış və ona zəng edəndə isə telefon zənglərinə cavab verməmiş, sonda isə nömrəi qara siyahıya ataraq ondan gizlənməyə çalışmışdır. Ancaq üstündən bir neçə ay ötməsinə baxmayaraq pulu gətirməmişdir. Bununla əlaqədar çox əsəbi gərginliklər, sarsıntılar keçirmişdir. Həmin pulu mən çətinliklə şəxsi tanış adamlardan götürmüşdür. Bir neçə aydan sonra işləri ilə əlaqədar olaraq Rusiya Federasiyasına getmiş və bu işlə məşğul olmağa vaxt ayıra bilməmişdir. 2021-ci ildə isə Azərbaycana qayıdanda yenidən cavabdehlə əlaqə saxlamağa çalışmış, amma o, yenə də telefonlarına cavab verməmişdir. Sonra o, cavabdehin bacına və atasına bu barədə bildirmişdir. Atası bildirmişdir ki, bu məsələdən xəbərsizdir və söz verir ki, aydınlaşdıracaq və məlumat verəcək. Səhəri gün mən Mehmana zəng edəndə bir nəticə ala bilməmişdir. Bundan sonra o Xaçmaz rayon Polis şöbəsinə müraciət etmişdir. 10 avqust 2021-ci ildə pulun az bir hissəsini, yəni 100 Amerika dolları şəklində verdikdən sonra qalan hissə yenə də gecikdirilmişdir. 2021-ci ilin sentyabr ayında isə yenə az bir hissəsini, yəni 5000 Rus rublunu polis sahə rəisi vasitəsi ilə ona göndərmişdir. Qalan 15000 rubl və 100 dollar hələ də ödənilməyib, yəni 575 manat həcmini bu günə kimi ala bilməmiş və bir neçə aydan sonra yenə də Rusiya Federasiyasına getməli olduğundan pulunun qalığını almaq üçün bu işlə məşğul ola bilməmişdir. 23 noyabr 2022-ci ildə isə Azərbaycana qayıtmış və bu işi yekunlaşdırmaq üçün Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh onun etibarından istifadə etməklə bir neçə saatlığa saxlamğa verdiyi pulu aparıb londan icazəsiz, qeyri-qanuni olaraq öz işinə sərf etmişdir. Pulu almaq üçün əsəbi gərginliklər, sarsıntılar keçirmiş, cavabdehin bu hərəkətləri nəticəsində maddi və mənəfi ziyan çəkmişdir. Cavabdehin bu hərəkərləri nəticəsində ona ən azı 400 manat maddi və mənəvi ziyan vurması kimi qiymətləndirir . Bu günkü məzənnə ilə nəzərə alsa 15000 rus rublu Azərbaycan manatı ilə 405 manat, 100 Amerika dolları isə 170 manat təşkil edir. Odur ki, ümumilikdə 575 manat pulu hələ də ona qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsinin xahiş etdi hissəsində qeyd etdiyi bütün məbləğləri cavabdeh ona qaytarmış, lakin iddiaçı olaraq ona maddi və mənəvi ziyan da dəyib. Maddi və mənəvi ziyanı da tələb edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdehə olan borcu tam ödənilib, iddiaçıya mənəvi ziyan vurulmayıb. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı cavabdehin ona əlavə olaraq maddi və mənəvi ziyan vurmalarını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar