Məhkəmə qərarları › İş №2(067)-413/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-413/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-413/2021 10.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X5, iddiaçı Beybalayeva (Qədirova) Sima Mais qızının və Cavabdeh iştirakları ilə, iddiaçı Beybalayeva (Qədirova) Sima Mais qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Beybalayeva (Qədirova) Sima Mais qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 176 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Beybalayeva (Qədirova) Sima Mais qızı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh uşağı Hüseynin saxlanılması üçün 176 manat aliment tələb edir. Cavabdehin Rusiya Federasiyasında mağazası, 3 evi var və onların hər birindən kirayə haqqı alır. Onun isə gəliri yoxdur, heç yerdə işləmir, uşağı xəstədir, onda çəp gözlülük əmələ gəlir, özünün isə müalicə etməyə imkanı çatmır. Odur ki, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Beybalayeva (Qədirova) Sima Mais qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh qət edilmiş alimenti ödəyir. Cavabdehin gəlirləri, qazancı barədə məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərlə əlaqədar iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, xəstədir və Azərbaycanda iş yeri yoxdur. Rusiya Federasiyasında alverlə məşğul olur və hazırda karantinlə bağlı RF-na qayıda bilmir. Hazırda ödədiyi alimentdən artıq pul ödəməyə imkanı yoxdur. Ona görə də o, aliment miqdarının artırılmasına razı deyildir. Onun bağı və torpağı yoxdur. 110 manat alimenti mütəmadi ödəyir və bu məbləğdən artıq aliment ödəməyə razı deyil. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3217/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 110 manat məbləğində sabit alimentin alınaraq İddiaçı verilməsi və qətnamənin alimentə aid hissəsinin dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 339413 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Beybalayeva (Qədirova) Sima Mais qızı və Cavabdeh arasındakı rəsmi nikah qeydi xx.xx.2020-ci il tarixdə ləğv olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Beybalayeva (Qədirova) X7 şəhəri Q. Mirzəyev küçəsi 5 saylı ünvanda yaşayır, himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4 vardır. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, Cavabdeh qət edilmiş alimenti vatlı-vaxtında ödəyir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab edir ki, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat miqdarında alimentin tutulması qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2020-ci ildə 170 manat, 2021-ci ildə isə 175 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə iddiaçı Beybalayeva (Qədirova) Sima Mais qızının maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh Beybalayeva (Qədirova) Sima Mais qızının xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2015-ci il təvəllüdlü övladları X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Beybalayeva (Qədirova) Sima Mais qızının xeyrinə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2015-ci il təvəllüdlü X2 mənafeyinə zidd olacağı və uşağının hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3217/2019 saylı xx.xx.2019-cu saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq Beybalayeva (Qədirova) Sima Mais qızına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar