Məhkəmə qərarları › İş №2(067)-424/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-424/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-424/2022 11.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1700 manat borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o kənd təsərrüfatı ilə məşğuldur. Kənd məhsullarını həmkəndlilərindən alaraq Xaçmaz rayon mərkəzi bazarına gətirib satmaq ilə məşğul olmuşdur, onun QAZ 24 markalı maşına ehtiyacı olmuşdur. 2020-ci ilin əvvəlində Xaçmaz şəhərinin Mərkəzi Bazarın yanında yerləşən qaynaqçı sexində Qaz 24 markalı maşınlar ilə məşğul olan bir şəxs var demişdirlər. Onda həmin deyilən ünvanda gəlib Cavabdeh və onun qızının yoldaşı olan Vasif adlı şəxsi tapmışdır. Onlarla danışanda onlar ona bildirmişlər ki, QAZ 24 markalı avtomaşınları kimlər satır onlar bilirik, bu iş ilə məşğul olurlar deyə satan adamlarda özləri onlara yaxınlaşırlar və bildirmilər ki, əyər QAZ 24 markalı maşın istəyirsənsə 1500-1700 manat versin onlara və 1 ay müddətinə maşın tapıb alıb ona verin, onlar razılaşandan bir neçə gün sonra, Cavabdeh və onun kürəkəni olan Vasif adlı şəxs obların kəndinə gələrək onların evinə gəlib ona bildirmişlər ki, təcili 1700 manat pul versin onun üçün yaxşı vəziyyətdə olan bir QAZ 24 markalı avtomaşın tapıblar, onlara inanaraq o, onlara 1700 manat pul vermişdir ki, onlar tez bir zamanda alıb ona QAZ 24 markalı avtomaşını versinlər ki, ona, oda kənddən alınan malları Xaçmaz rayon Mərkəzi Bazarına gətirməkdə çətinliyə düşməsin. Cavabdeh məxsus qaynaqçı sexinə gələndə ona bir QAZ 24 markalı avtomaşın göstərdi və bildirdi ki, bu maşını alıb, lakin maşında qaynaq işlərinə ehtiyac var, təmir edib təhvil verəcək. Bir müddət Cavabdeh sexinə maşını almaq üçün gedib-gəlmiş, lakin hər dəfəsində müxtəlif bəhanələr edərək maşını ona verməmişlər. 2020-ci ilin sentyabr ayının əvvəlində Cavabdeh və kürəkəni Vasif ona bildirmişdir ki, kimə istəyirsə şikayət etsin maşını ona verməyəcəklər, o, onlara bildirmişdir ki, əyər maşını vermirlərsə ondan aldıqları 1700 manat pulu qaytarsınlar aralarındakı razılaşmada bitsin. Onlar onu təhqir edərək özləri işlədiyi sexdən qovmuşlar. Həmən günü o Xaçmaz rayon Prokurorluğuna onların ona etdikləri hərəkətə görə şikayət etmişdir. Xaçmaz rayon Prokurorluğundan ona bildirmişlər ki, bu işdə cinayət tərkibi yoxdur, mülki iş olduğuna görə o məhkəməyə müraciət etməlidir. Ona görədə məhkəməyə müraciət etmək mecburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, cavabdehdən təsərrüfatında işlətmək üçün “Qaz-24” markalı avtomaşın almışdır. Onlar avtomaşının dəyərini 1500 manata razılaşmışlar. Razılaşmalarına əsasən cavabdeh onun üçün avtomaşın tapmalı, onu, təsərrüfatda işlətmək üçün yararlı avtomaşına yığmalı, rəngləməli və ona təhvil verməli idi. Razılaşdıqları günün axşamı cavabdeh kürəkəni Vasifi evlərinə göndərmişdir. Vasif demişdir ki, “QAZ-24” markalı avtomaşın tapıb, onu təcili almaq üçün atasının yanında ondan 500 manat almışdır. Onun atası pulu verməyə qoymasa da, o, 500 manatı ona vermişdir. Sonra o, getmiş avtomaşını görmüşdür, bəyənmişdir. Cavabdeh həmin avtomaşını onun üçün yığmalı idi. O, buna görə ondan orada yenidən 500 manat almışdır. Qalan pulları da hər dəfə ondan hissə-hissə alıb. Lakin razılaşdığı vaxtda, yəni 15 gün ərzində avtomaşını ona təhvil verməmişdir. Onun gilas məhsulu, pomidor məhsulu sahədə qalmışdır. Ona görə cavabdehə qarşı hazırkı iddianı qaldırmışdır. Cavabdehə 1470 manat nağd pul vermişdir. Bundan əlavə vəkil tutmaq üçün 150 manat, cavabdehdən pulunu almaq üçün dəfələrlə onun yanına gəlib-getməyə pul sərf etmişdir. 1470 manatdan əlavə həmin məbləğləri tələb edir. O başqa avtomaşın tapmamışdır. O hərbi xidmətə getməmiş avtomaşını istəmiş, cavabdeh avtomaşını ona verməmişdir, gedərkən atasına etibarnamə vermişdir ki, onun əvəzinə işləri görsün, cavabdeh yenə avtomaşını verməmişdir, daha sonra hərbi xidmətdən qayıtmışdır cavabdeh yenə avtomaşını ona qaytarmamışdır. Avtomaşın cavabdehdədir. Hazırda avtomaşını istəmir. O cavabdehlə razılaşmalarından 2 il keçəndən sonra özü üçün başqa avtomaşın tapmışdır. Hətta həmin avtomaşın üçün mühərriki də cavabdehin kürəkəni onun üçün tapıb. O cavabdehdən avtomaşını meyvə yığımı mövsümündə istəmişdir, o, da 15 günə avtomaşını düzəldib ona verməli idi, 3 ildir onu avtomaşınsız qoyub. Cavabdeh Xaçmaz RPŞ-də demişdi ki, kürəkəninin adını verməsin, pulunu qaytaracaq. 1470 manat cavabdehə nağd verdiyi puldur. Bundan əlavə vəkil tutmaq üçün 150 manat, cavabdehdən pulunu almaq üçün dəfələrlə onun yanına gəlib-getməyə pul sərf etmişdir. 1470 manatdan əlavə həmin məbləğləri tələb edir. Heç bir yazılı razılaşmaları olmayıb. O avtomaşını rəngləməmişdir. Cavabdeh ona 3 il ərzində nə avtomaşın verməyib, nə də pulunu verməyib. Onun etiraf etdiyi 1470 manat pulunu qaytarmasına da etirazı yoxdur. İddianın təmin edilməsini xahiş edir. İstəyirsə cavabdeh onda qalan avtomaşını satıb onun 1470 manat pulunu versin, qalan pulu da özünə götürsün. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının dedikləri yalandır. Onlar avtomaşının qiymətini 1100 manata razılaşmışdır. İddiaçı ona hissə-hissə cəmi 1060 manat pul verib, 40 manat da ona borclu qalıb. O, QAZ-24 markalı avtomaşını alıb düzəldib iddiaçıya verməli idi. Avtomaşın bej rəngində idi, onu iddiaçının istəyinə görə qara rəngə boyamışdır və buna 300 manat pul sərf etmişdir. Sonradan iddiaçı başqa avtomaşın tapdığına görə onun avtomaşınını istəməmişdir. Avtomaşın onda qalıb. İddiaçıdan 500 manatı ilk dəfə kürəkəni alıb. Pandemiyaya görə avtomaşını gec düzəltmişdir. Kürəkəni ondan ayrı sexdə işləyir. İddiaçının kürəkənindən başqa avtomaşın üçün mühərrik aldığını bilir. Xaçmaz RPŞ-də izahat verərkən iddiaçıdan 1470 manat pul aldığını etiraf etmişdir, amma faktiki iddiaçıdan o qədər pul almamışdır. Hazırda iddiaçıdan 1470 manat pul aldığını etiraf edir. İmkan varsa avtomaşını rəngləməyinə sərf etdiyi 300 manat pulun nəzərə almağını xahiş edir. Məhkəmə iddiaçın və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 1470 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1470 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar