Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-427/2024 29.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 3200 (üç min iki yüz) manat pulun və ödənilmiş 52 manat dövlət rüsumunun cəmi 3252 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir neçə il bundan qabaq Müzəffəroba kəndində yaşayan uzaq qohumu Cavabdeh ilə belə razılaşmışlar ki, onun üçün bir ədəd darvaza qapısı və bir ədəd karidora girişə qoyulması üçün seyf qapı düzəldəcək. Qapıların düzəldilməsi üçün ondan ümumilikdə bir neçə dəfəyə 1600 manat pul almışdır. Hər dəfə qapıları soruşduqda bir neçə günə qapıları gətirib yerinə quraşdıracağını bildirmiş, hər dəfə də vədinə əməl etməmişdir. Bununla əlaqədar aralarında narazılıq yaranmasın deyə hətta öz mobil (*** *** ** **) nömrəsindən ona qapı şəkillərini də göndərmiş və bildirmişdir ki, şəkildə göstərilən formada qapıları gətirib quraşdıracaqdır. Beləliklə, nə qapıları gətirib yerinə qoymamış, nə də ki, ondan aldığı pulu qaytarmamışdır. Bununla əlaqədar Xaçmaz rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsində araşdırma aparılarkən Cavabdeh izahat alınmış, lakin o, ondan 1600 manat deyil, 1200 manat pul almasını təsdiqləmişdir. Halbuki ondan iki qapının düzəldilməsi üçün ayrı-ayrı vaxtlarda 1600 manat pul almışdır. Cavabdehin ondan pulu aldığı vaxtdan sənayə və istehlak mallarında ciddi qiymət artımı olmuşdur və hesab edir ki, 1600 manat pulu adi mülki dövriyyə şəraitində ən azından iki dəfə artırmaq olardı. Ona görə də cavabdeh ona 3200 manat pul qaytarmalıdır. Cavabdeh könüllü surətdə pulu qaytarmadığına görə hazırki iddia ərizəsi ilə müraciət edir. Məhkəmə iclasında iddiaçı iddiasını müdaifə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, izahatında göstərmişdir ki, cavabdeh ona borclu olduğu 1600 manat pulu etiraf edib. Lakin o, cavabdehdən 3200 manat pul tələb edir. Çünki cavabdeh 5 ildir ki, onun pulunu alıb, üstəlik vaxtını da alıb. Hesab edir ki, bu vaxt ərzində o, 1600 manat pulu adi mülki dövriyyə şəraitində ən azından iki dəfə artıra bilərdi. Həm də inəklərini o pula görə satmasaydı, inəklərdən 5 il ərzində daha çox pul qazana bilərdi. Hər dəfə 3 gün sonra geri qaytaracaq deyə-deyə onun vaxtını alıb. O, sadəcə pulunu istəyir. Xahiş edir ki, iddiası təmin edilsin. İştirak etdiyio məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul etdiyini bildirmiş, əlavə olaraq izahatında qeyd etmişdir ki, onun iddiaçıya o qədər borcu yoxdur. Darvazanı hazırlamaq üçün o, iddiaçıdan 1600 manat pul almışdır. İstədiyi darvaza isə 2000 manata başa gəldi. Bu barədə iddiaçıya məlumat vermiş və o, ona həmin pulu ödəməyə imkanı olmadığını bildirmişdir. Bundan sonra iddiaçı ondan əlavə olaraq seyf qapısı da istəmişdir. İddiaçının razılığı əsasında hazırlanmış darvazanı başqa adama satmışdır. Satdığı pulu iddiaçıya verməmişdir. İddiaçıdan aldığı 1600 manatı geri qaytarmamışdır. O, iddiaçıya 3200 manat yox 1600 manat pul borcludur. Hazırki vaxtadək iddiaçıya heç bir ödəniş etməmişdir. Hazırda imkanı yoxdu deyə həmin pulu iddiaçıya hər ay hissə-hissə ödəyə biləcək. Məhkəmə, tərəfi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı darvaza qapısı və seyf qapı düzəltmək üçün cavabdehə 1600 manat pul vermişdir. İddiaçı ilə cavabdeh arasında olan razılaşmaya iddiaçı əməl etsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı ərizəsi əsasında aparılmış yoxlamanın nəticəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh hazırda iddiaçıya 1600 manat borclu olduğunu, eyni zamanda iddiaçının ona 1600 manat pul verdiyini etiraf edir. Bu işin mübahisəsiz halıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Qeyd olunan Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 755-ci maddəsinə əsasən Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında şifahi razılaşma olmuş, cavabdeh iddiaçıya ondan aldığı pul müqabilində darvaza və seyf qapısı hazırlamaq barədə üzərinə öhdəlik götürmüşdür. Bunun müqabilində iddiaçı ona 1600 manat pul versə də, nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia (iddiaçının cavabdehə verdiyi, eyni zamanda da cavabdehin etiraf etdiyi 1600 manat həddində) qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. İddiaçı verilən 1600 manat pulun ən azından iki dəfə artıra biləcəyi barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia həmin hissədə əsaslı olmadığından təmin olunmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1600 (bir min altı yüz) manat pul alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat pul və 52 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-427/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-427/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver