Məhkəmə qərarları › İş №2(067)-429/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-429/2022

03.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-429/2022 03.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 220 manat məbləğin Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31.10.2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Cavabdeh tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri ərazisində fəaliyyət göstərən mərkəz kənd təsərrüfatı bazarında ovlanması və satışı qadağan edilmiş 1 ədəd nərə balığı satarkən saxlanılmışdır. Faktla əlaqədar onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 31.10.2021-ci il tarixli 71353 saylı akt tərtib olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2021-cü il tarixli, 128 qərarı ilə əlavə edilmiş ödəmə normativlərinə əsasən onun barəsində təbiətə dəymiş ziyana görə 220 manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəli Cavabdeh 01 11.2021-ci ıl tarixli, 2111 saylı məktubla göndərilsə də, o, iddia məbləğini ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya İdarəsinin nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 31.10.2021-ci il tarixdə cavabdeh X1 rayonunun Xudat şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı bazarında ovlanması və satışı qadağan edilmiş 1 ədəd nərə balığını satarkən saxlanılıb. Bununla əlaqədar 31.10.2021-ci il tarixli 71353 saylı akt tərtib olunub. Cavabdeh bu əməli ilə təbiətə 220 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh etdiyi əmələ görə inzibati qaydada məsuliyyətə cəlb olunmayıb, onun barəsində protokol tərtib olunmayıb və hər hansı bir qərar qəbul edilməyib. Qeyd olunanlarla əlaqədar iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılsa da, o, məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Beləliklə də, iş materiallarından və iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, Cavabdeh Xaçmaz rayonunun Xudat şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı bazarında ovlanması və satışı qadağan edilmiş 1 ədəd nərə balığını satmasına görə müvafiq dövlət qurumları tərəfindən hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmədiyindən, ona qarşı mülki hüquq pozuntusu (delikt) qaydasında iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları və iddiaçının izahatı ilə Cavabdeh təbiətə hər hansı bir ziyan vurması barədə məhkəməyə əsaslı sübut təqdim edilmədiyindən və bu hal öz təsdiqini tapmadığından hazırki iddia tələbi əsaslı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar