Məhkəmə qərarları › İş №2(067)-439/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-439/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-439/2024 15.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona borclu olduğu 10.000 (on min) manat pulun və dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xaçmaz rayon «Arzu» Özəl Ticarət Mərkəzində toxum və ərzaq alveri ilə məşğul olur. Cavabdeh ilə tanışlığı olmayıb onu ona kimsə tanıdıb. Nuranə ona yanaşıb onunla söhbəti olduğunu bildirib. Nuranə Qımılqışlaq kəndində yaşadığını, lakin Qaradağ-buduq kəndində müəllimə işlədiyini demişdir. İş yerini dəyişmək üçün ona pul lazım olduğunu bildirmişdir. O, onu tanımadığını, pul verə bilməyəcəyini bildirmişdir. Nuranə isə əl çəkməyərək dəfələrlə yanına gələrək, istədiyindən əl çəkməmişdir. Hər ay 500 manat maaş aldığını, gilas vaxtı yaxşı qazanclarının olduğunu, onu incitməyəcəyini, pulu vaxtında qaytaracağına onu inandıraraq, xx.xx.2022-ci ildə 2500 manat, xx.xx.2022- ci ildə 700 manat, xx.xx.2022-ci ildə 1700 manat, xx.xx.2022-ci ildə 450 manat, xx.xx.2022-ci ildə 800 manat, xx.xx.2022-ci ildə 1650 manat, xx.xx.2022- ci ildə 1200 manat və sonuncu 1000 manatı xx.xx.2022-ci ildə ona vermişdir. Cavabdeh dilindən yazılı iltizam tələb etmişdir. O, heç bir tərəddüd etmədən öz xətti ilə 10.000 (on min) manata yazılı iltizam vermiş və qaytaracağı vaxtı da qeyd etdi ki, 2023-cü ilin iyul ayında və ya sonuna kimi qaytaracaq. İndi həmin vaxt bitib.O, pulunu qaytarmaqdan yayınır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək, təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə, iddiaçının izahatını və cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan yazılı iltizamdan (əqddən) görünür ki, cavabdeh iddiaçıdan 10000 (on min) manat borc pul almış və pulu 2023-ci ilin iyul ayında ona qaytaracağına söz vermişdir. - Cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, iddianı qəbul edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan 10000 manat pulu almış, lakin vədini yerinə yetirməmiş və xx.xx.2022-cidə sadə yazılı formada iltizam verməklə qeyd olunanları etiraf etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında borc münasibətləri olmuş və cavabdeh ondan irəli gələn öhdəliyi daşımış, onlar razılaşma yolu ilə cavabdehin mövcud borcu etiraf etməsi barədə mücərrəd müqavilə bağlamışlar. Cavabdeh borcun etirafı üzrə borc pulu qaytarmaq öhdəliyinin daşıyıcısıdır. Odur ki, iddia əsaslıdır. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat pul və 121 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar