Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-45/2021 01.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və qeyrisinə qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 oktyabr 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3000 manat əsas, 842.07 manat faiz borcu olmaqla cəmi 3842.07 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, borcalan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 25.04.2019-cu il tarixli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 25 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Bank və digər cavabdeh arasında 25.04.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. İş üzrə iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 25.04.2019-cu il tarixli, 300804-690822/1 nömrəli kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarıxə, yəni 25.04.2021-ci il tarixə 3000 manat əsas, 3278.30 manat faiz borcunun və 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 25 aprel 2019-cu il tarixli 300804-690822/1 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC ilə borclu Cavabdeh2 24 ay müddətinə illik 25 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə Cavabdeh1 zamin qismində iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 25 avqust 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan İddiaçı ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış 25.04.2019-cu il tarixli 300804-690822/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 25.04.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 3000 manat, faiz borcu üzrə 1500 manat müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3000 manat əsas, 1500 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-45/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-45/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver