Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-455/2025 28.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Cavabdeh iştirakı ilə,, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdl X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan 1 saylı X5 xx.xx.2024-cü il tarixli barışıq sazişində qeyd olunan üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 450 (dörd yüz əlli) manat məbləğində aliment pulunun artırılaraq hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 saylı X5 xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsas üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla cəmi 450 manat məbləğində aliment pulunu Cavabdeh ona ödəməsi göstərilmişdir. Hal-hazırda övladlarının 6,14,16 yaşı var. 1 saylı X8 xx.xx.2024-cü il tarixli barışıq sazişində qeyd olunmuş üç uşaq üçün 450 (dörd yüz əlli) manat aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Uşaqlar böyüdückə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yaşayış minimumu da dəyişdirilmişdir. Onu da qeyd edir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Uşağları tək saxlamaq çətin olur. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də, o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, aliment məbləği azdır. Aralarında aliment barədə qətnamə olmayıb. Müvəqqəti qərar olub. Rəsmi boşanmışlar, 4 gündür evdən çıxmışdır. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, aliment mediasiyada sazişlə müəyyən olunub. Hazırki aliment 450 manatdır. 50 manat əlavə edib 500 manat verə bilər. Sazişə uyğun ödəniş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. - 1 saylı X6 xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 450 (dörd yüz əlli) manat məbləğində aliment pulu iddiaçının xeyrinə Cavabdeh tutulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, 1 saylı X5 xx.xx.2024-cü il tarixli barışıq sazişində qeyd olunan üç uşağən yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 450 (dörd yüz əlli) manat məbləğində aliment pulu tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün tutulması qeyd edilmişdir. Hazırda aliment məbləğinin artırılması xahiş edilsə də, iddiaçının irəli sürmüş olduğu tələb mahiyyət etibarı ilə aliment məbləğinin ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumunun artımına uyğun təyin edilməsi barədədir. Bu növ tələblərə isə icra icraatı qaydasında baxılıb qiymət verilməsi nəzərdə tutulduğuna görə iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırki tələbi ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya aidiyyəti üzrə icra icraatı qaydasında müraciət hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-455/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-455/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver