Məhkəmə qərarları › İş №2(067)-461/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-461/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-461/2021 22.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay cəmi 200 manat pul məbləğində sabit pul şəklində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə boşanmışlar və uşağı Yusifin saxlanılması üçün cavabdehdən hər ay 100 manat alimentin tutulması qət edilmişdir. O, 100 manat alimentlə uşağını saxlaya bilmir. Özü heç yerdə işləmir və onun gəliri yoxdur, uşağı xəstədir. Cavabdehin ailə üzvləri ilə birlikdə bağı, 60 sota qədər həyətyanı torpaq sahəsi var, inəkləri var, bundan başqa cavabdeh və ailə üzvləri meşədə onu fındıq bağlarında işlətmiş və bundan sonra onu evdən qovmuşlar. Qeyd olunanlarla əlaqədar o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin gəlirləri, qazancı barədə məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının izahatında qeyd etdikləri yalandır, uşaq xəstə deyil. Həmçinin, onun anası pensiya alır, həm özünün, həm də anasının kənddə ayrı-ayrı mağazaları var, orada qida məhsulları, geyim əşyaları satırlar. Onun isə gəliri yoxdur. O, gilas mövsümündə bağlardan gilas yığır, ağac dibi belləyib pul qazanır. 20 sot həyətyanı torpaq sahəsi var, 10-15 sot da meşə ərazisində torpaq sahəsi var, amma onlara məxsus deyil, orada onlar fındıq ağacları əkmişlər, onlar da qurumuşdur, onun başqa gəliri yoxdur. Atası və anası pensiya alırlar, lakin bu onların müalicələrinə güclə yetir. Hazırda ödədiyi 100 manat alimentdən artıq pul ödəməyə imkanı yoxdur. İddiaçı ondan uşağı Rusiya Federasiyasına aparmaq üçün notarial qaydada icazə istəmişdir, lakin o, razılıq verməmişdir. Ona görə hazırda ondan qisas almaq üçün alimentin miqdarının artırılmasını istəyir. Alimentin miqdarının artırılmasına razı deyil. Bu ayın alimentini ödəyə bilməmişdir, ona görə ki, imkanı yoxdur, 190 manat dövlət tərəfindən verilən yardımı da alimentin ödənilməsinə sərf etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 344973 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasındakı rəsmi nikah qeydi xx.xx.2020-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1289/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat məbləğində sabit alimentin alınaraq X2 verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(067)-1289/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 100 manat sabit pul məbləğində alimentin tutulmasının qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1289/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cəmi 130 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının, xx.xx.2018-ci il təvəllüdlü X4 mənafeyinə zidd olacağı və uşaqlarının hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1289/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsəsən xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay cəmi 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar