Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-484/2022 07.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə 07 fevral 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladı 08 avqust 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2011-ci il tarixli qətnaməsinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 72 manat alimentin alnaraq ona verilməsi qət edilmişdir. Hazırda övladının 14 yaşı var. 72 manat aliment məbləği uşağın heç bir tələbatını ödənilməsinə yetmir. Uşaq böyüdükcə məsrəfləri də yetərincə artır. Uşağın bütün ehtiyacını o çəkir. Cavabdeh alimenti vaxtlı vaxtında ödəmir. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 18.10.2011-ci il tarixli 2(067)-1368 saylı qətnaməsi ilə ondan X1 üçün İddiaçı xeyrinə tutulmalı olan 72 manat məbləğində alimentin miqdarının azaldılaraq 50 manat həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə ayrıldıqdan sonra ikinci nikaha daxil olmuş və bu nikahdan 2 uşağı vardır. Özü 2-ci dərəcəli əlilodir və hər ay 120 manat sosial müavinət alır. Faktiki olaraq əmək qabiliyyəti yoxdur, işləyə bilmir. Javabdehin himayəsində olan uşaqla birlikdə 3 uşağı vardır. Uşaqlar bir-birinə münasibətdə üstünlüyə malik deyillər. Aldığı 120 manat pensiyanın 72 manatı cavabdehin himayəsində olan övladı Fəqanın saxlanması üçün ödənildikdə digər övladlarına həmin məbləğdə vəsait qalmır. Ona görə də Fəqanın saxlanması üçün hər ay 50 manat məbləğdə aliment ödəyə bilər. Cavabdeh kənddə yaşamaqla mal-qara, toyuq-cücə saxlamaqla, habelə torpaq sahəsində taxıl əkməklə yaxşı qazanc götürür və onun maddi imkanları qat-qat yaxşıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını, iddianı isə qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia isə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 18.10.2011-ci il tarixli 2(067)-1368 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, 08 avqust 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 20 sentyabr 2011-ci ildən başlayaraq Cavabdeh hər ay 72 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, cavabdehin qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki,uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, aliment tələblərinə dair iddialara baxılarkən, işin konkret halları, valideynlərin hər birinin himayəsində neçə uşağın saxlanılması, onların yaşı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyi və digər hallar nəzərə alınmalıdır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək alimenti ödəmək vəzifəsini daşıyan şəxsə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın faktiki əsasları məhkəmə iclasında sübuta yetirilmədiyindən qarşılıqlı iddia təmin olunmamalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ilk iddia tələbi qismən əsaslıdır, qarşılıqlı iddia isə əsassızdır. Məhkəmə uşaqların saxlanılması hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İlk iddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 18.10.2011-ci il tarixli 2(067)-1368/11 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 08 avqust 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 115 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-484/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-484/2022
07.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver