Məhkəmə qərarları › İş №2(067)-498/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-498/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-498/2022 10.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1865,40 manat borc pulun və ödədiyi rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 17 iyul 2017-ci il tarixində tanıdığı cavabdehin xahişilə hər birinin qiyməti 308 manat olmaqla 6 ədəd gömrük bəyannaməsi sildirmiş və əlavə olaraq 15 manat telefonuna kontur yükləmiş. O, dəfələrlə cavabdehə ona olduğu 1865 manat borcu qaytarmasını xahiş etsə də, o əvvəllər tezliklə bu borcu qaytaracağını bildirsə də, sonradan borcunu ödəməkdən vicdansızlıqla yayınmağa başlamışdır. O, məcbur olub cavabehin dələduz əməlləri barədə Quba rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir və onun ərizəsi Quba rayon polis şöbəsində araşdırılaraq onlardan izahatlar alınmışdır. Sonradan Quba RPŞ-nin təhqiqatçısı X1 icraatında olan HK-1/178 saylı material üzrə 15 fevral 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin təhqiqat zamanı onun cavabdehin hesabına 1865 manat məbləğində pul keçirmsi təsdiqini tapsa da, təhqiqatçı bu işin mülki xarakterli iş olduğu qənaətinə gələrək ona məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir. Faktiki cavabdeh ondan borc kimi aldığı öhdəliyi yerinə yetirməkdən vicdansızlıqla yayınır, öhdəliyini icra etmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, o, Quba rayon Poçtamtının müdiri işləyir. Ayrı-ayrı şəxslər onlara müraciət edirlər ki, onların əvəzinə gömrük bəyannamələrinə görə pul ödəsinlər. Cavabdehi də bununla əlaqədar tanımışdır. O, 17.07.2017-ci ildə ona müraciət etmiş və o, da onun xahişi ilə hər birinin qiyməti 308 manat olmaqla 6 ədəd gömrük bəyannaməsini ödəmişdir və əlavə olaraq 15 manat onun telefonuna kontur yükləmişdir. Sonradan cavabdeh cəmi 1865 manat məbləğində pulu qaytarmamışdır. Onun əvəzinə köçürdüyü pul poçta məxsus olduğuna görə o, poçtun pulunu öz torpaq sahəsini satıb ödəmişdir. Cavabdehdən pulunu tələb etsə də, o bu günədək pulunu qaytarmır. Onun barəsində Quba RPŞ-nə də müraciət etmiş, lakin o, buna baxmayaraq pulunu qaytarmır. O, ödəniş qəbzlərinin əsillərini də məhkəməyə təqdim edir. Həmin qəbzləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. "xxxx" MMC şirkəti broker şirkətidir. Şirkət Rusiya Federasiyasında yerləşir. Həmin şirkətin yerlərdə nümayəndələri olur. O, cavabdehin xahişinə əsasən gömrük bəyannamələrini doldurub pulu ödəmişdir. 1 avtomaşına görə 4 ədəd bəyannamə doldurmuşdur. Qəbzlərdə göstərilən məbləğlər "xxxx" MMC-nin adından Dövlət Gömrük Komitəsinin Azterminalkompleks Birliyinin hesabına və Dövlət Gömrük Komitəsi-Şimal Ərazi BGİ-nin hesabına köçürülüb. Lakin qeyd olunan məbləğləri ödəməyi ondan cavabdeh xahiş etmişdir və ödədiyi məbləğləri sonradan o, özü ona verməli idi. cavabdeh ona vatsap mesenceri vasitəsi ilə mesaj yazaraq pulu ödəməyini xahiş etmişdir. Cavabdehlə vatsap yazışmaları qalmayıb. O, poçt xidmətinə görə poçta əlavə gəlir gəlməsi üçün bəyannamələri doldurmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə işin hallarını araşdırıb iddiaçı izahatını dinləyərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı 1865,40 manat pul borclu olduğu sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməli, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar