Məhkəmə qərarları › İş №2(067)-54/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-54/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-54/2021 19.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı İB-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İB məhkəmədə iddia qaldıraraq, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 799,80 manat məbləğdə əsas borcun və 30 manat dövlət rüsumunun İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İB iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Ağyazı-Buduq kəndində yaşayan Cavabdeh istifadə etdiyi təbii qaza görə 799,80 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehə rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, tərəfindən borc hələ də ödənilməmişdir. Abonentin borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Bu barədə müvafiq çıxarış ərizəyə əlavə edilmişdir. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Abonentin istifadə etdiyi təbii qazın haqqının ödənilməsi, borclu kimi onun mübahisə edilməyən vəzifəsidir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitələri tam ödənilməlidir. xx xxxx 2020-ci iltarixdə keçirilən məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi AbdullayevKiçibəyMəcvulla oğlu ərizədə göstərilənlərə uyğun izahat vermiş,əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus evə quraşdırılmış qaz sayğacının istifadə olunmuş təbii qaza görə göstəricisinə uyğun olaraq, hesablanmış pulu cavabdehdən tələb etmişlər. Cavabdehə qaz sayğacına müdaxiləyə görə 495 manat ziyan hesablanmış və o, ziyanı ödəmişdir. Hazırkı məbləğ sırf debitor borcudur. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilən halları təsdiq etmiş, əlavə olaraq, cavabdehin etirazının əsassız olduğunu, iddiaçıya məxsus evə quraşdırılmış qaz sayğacının istifadə olunmuş təbii qaza görə sayğacın göstəricisinə uyğun olaraq hesablandığını, hesablanmış pulun və akta əsasən hesablanmış ziyan məbləğinin cavabdehdən tələb edildiyini bildirmişdir. Cavabdeh tərəfindən sayğaca müdaxilə olunduğuna görə ona 495 manat zərər hesablanmışdır və o, yazılı iltizam verərək ziyanı hissə-hissə ödəyəcətinə dair üzərinə öhdəlik götürmüşdür. Qalan məbləğ də istifadə olunmuş təbii qaza görə yaranmış borcdur. İddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəkləri başqa heç bir sübut yoxdur. Həmçinin, nümayəndə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3964 saylı rəyi ilə razı olduğunu qeyd etmiş, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, o, evdə olmayanda Xaçmaz RQİİ-nin əməkdaşları gəlib sayğacı yağlayıb yerinə bağlamışlar. Lakin bundan sonra sayğac artıq sərfiyyat yazdığına görə ərizə ilə Xaçmaz Rayon Qaz İstismar İdarəsinə müraciət etmişdir ki, sayğacı dəyişdirsinlər və onlar gəlib sayğacı dəyişdirmişlər. Bundan sonra ona guya sayğacın laboratoriyaya yoxlanışa göndərildiyi və sayğaca müdaxilə olunduğunun müəyyən edildiyi bildirilmişdir. Nə o, nə də ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər, çünki sayğacı küçədə yerləşir. Ona görə 495 manat ziyan məbləğinin silinməsini xahiş edir. Yerdə qalan məbləğ debitor borcudur və həmin borcu etiraf edir. O, Xaçmaz RQİİ-də heç bir yazılı iltizam verməmişdir, iltizamdakı imza ona məxsus deyil. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3964 saylı rəyi ilə razıdır və qeyd edilənlərə əsasən iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 11593 saylı, xx.xx.2019-cu il tarixli müqavilədən müəyyən olunur ki, Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan 11593 saylı İnventar aktından müəyyən olunur ki, Cavabdeh məxsus Xaçmaz rayonunun Padar kəndindəki ünvana Zenner G4-tipli, **********0 saylı sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır. İş materiallarında olan İddiaçı İB-nin xəbərdarlıq məktubundan müəyyən olunur ki, təbii qazın dəyərini tam ödəmədiyindən Cavabdeh İddiaçı İB –nin xx.xx.2020 –ci il tarixə 799,80 manat borcu yaranmışdır və borcun ödənilməsi tələbi barədə cavabdehə rəsmi bildiriş göndərilmişdir. İş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, cavabdehin İddiaçı İB-nə yaranmış borcundan 495 manat akt əsasında hesablanmış ziyan məbləği, qalan məbləğ isə təbii qazdan istifadəyə görə yaranmış debitor borcudur. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı İB məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək hüququ vardır. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq hüququ vardır. Məhkəmə, həmçinin, qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən iddiaçı X3 fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin sayğaca müdaxilə etməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi 495 (dörd yüz doxsan beş) manat nəbləğində ziyanın tutulmasına dair hissədə təmin edilməməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinin tələblərinə görə qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən 799,80 (yeddi yüz doxsan doqquz manat, səksən qəpik) manat məbləğində pulun 495 (dörd yüz doxsan beş) manatı sayğaca müdaxiləyə görə hesablanmış ziyan məbləği, qalan 304.8 (üç yüz dörd manat, səksən qəpik) manat isə təbii qazdan istifadəyə görə yaranmış debitor borcudur, cavabdeh də debitor borcunun məbləğini məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Buna görə də, iddia tələbi 304.8 (üç yüz dörd manat, səksən qəpik) manat məbləğində debitor borcuna dair hissədə əsaslı hesab edilməli və həmin borc məbləği Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 10 (on) manatı cavgabdehdən iddiaçının xeyrinə tutulmalı, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 304.8 (üç yüz dörd manat, səksən qəpik) manat məbləğində pul və 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar