Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-55/2021 27.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətə törədilən maneələrin aradan qaldırılması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 27 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş zərər kimi 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi və mülkiyyət hüququnu həyata keçirilməsi üçün maneələrin (yolun bağlanması, turbanın götürülməsi) aradan qaldırılması bir vəzifə kimi cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xuray kəndi ərazisində yerləşən 1,44 ha torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdehin Xuray kəndində yerləşən torpaq sahəsi onun torpaq sahəsi ilə qonşuluqda yerləşir. Onların torpaq sahələrinin aralarında 50-60 metr enliyində meşə zolağı yerləşir. Cavabdeh heç bir əsas olmadan onun mulkiyyətində olan torpaq sahəsinin çəpərlərini sındıraraq, ağacları zədələyib qıraraq, torpaq sahəsində əkilmiş kənd təsərrüfatı məhsullarını ağır texnika ilə əzib zay etməklə onun sahəsinin uzununa 300 metr sahədə özü üçün özbaşına yol açmışdır. 2017-ci və 2018-ci illər ərzində sahəsindən özbaşına açmış yolun cavabdeh tərəfindən qanunsuz istifadə nəticəsində ona 10000 manat zərər yetirilmişdir. 2017-ci ildə həmin sahədə kartof əkmişdir. 2018-ci il ərzində isə yonca əkmişdir. Cavabdeh özbaşına sahəsində körpü kimi böyük dəmir turba qoymaqla sahəsinin 300 metr uzunluğuda ağır texnikanı gəzdirməklə yol açmış və əkdiyi məhsulları və ağacları zədələyib qırmaqda ona külli miqdarda maddi zərər vurmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********64 nömrəli, 09.08.2017-ci il qeydiyyat tarxli çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Xuray kəndi ərazisində yerləşən 1,44 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 162 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin 14 iyun 2021-ji il tarixli, 10/2425 nömrəli ekspert rəyindən müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa və faktiki istifadə koordinatlarına əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Xuray kəndi ərazisindəki 1.44 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur. Qeyd olunan torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilmir. Torpaq sahəsinə baxış keçirilmiş və cavabdeh tərəfindən hər hansı maneçilik törədilməsi aşkar olunmamışdır. (sxem mütəxəssis rəyinə əlavə edilib) İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC-nin hesabına 300 manat məbləğində pul ödəmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, rəyləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətə törədilən maneələrin aradan qaldırılması və sair tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 300 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-55/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-55/2021
27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver