Məhkəmə qərarları › İş №2(067)-555/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-555/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-555/2025 31.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Pul tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 8000 manat pulun və dövlət rüsümu olaraq ödənilmiş 51,40 manat pulun alınanaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və satışı ilə məşğul olmaqla fərdi sahibkarlıq fəaliyyəti göstərir. İş üzrə Cavabdeh 2021-ci ildən tanıyır. Belə ki, cavabdeh 2021-ci ilin avqust ayında ona müraciət edərək alver məqsədilə ondan nisyə olaraq müyvə məhsulu verməsini xahiş etmiş və meyvəni satıb pulunu qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdehin atasını tanıdığı və müəyyən münasibətləri olduğu üçün ona etibar edib bir neçə dəfəyə ümumilikdə 8000 manat dəyərində meyvəni cavabdehə nisyə vermişdir. Cavabdeh bildirmişdir ki, ondan aldığı meyvəni Bakı şəhərində sataraq pulunu dərhal ödəyəcəkdir. Lakin sonradan cavabdeh meyvə məhsulunu satsa da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müxtəlif bəhanələrlə pulun qaytarılmasını yubatmışdır. Sonda cavabdeh 31 may 2024-cü il tarixdə öz xətti ilə iltizam yazıb verərək üzərinə öhdəlik götürmüşdür ki, aldığı müyvə məhsulunun dəyəri olan ümumilikdə 8000 manat puldan 4000 manatını 2024-cü ilin avqust ayının sonunadək, qalan 4000 manatını isə 2025-ci ilin avqust ayının sonunadək ödəyəcəkdir. Cavabdehin 1-ci 4000 manat məbləğ üzrə vəd verdiyi müddət tamam olduqdan sonra ondan verdiyi öhdəliyi icra etməsini xahiş etmiş, sonuncu ondan pulun qaytarılması üçün əlavə olaraq 1 ay vaxt istəmişdir. Lakin cavabdeh istədiyi vaxtdan bir neçə ay keçməsinə baxmayaraq hal-hazıra kimi vədinə əməl etməmiş və borclu olduğu puldan 1 manat da olsa qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də cavabdeh müxtəlif bəhanələr gətirərərk pulu qaytarmaqdan yayınır. Cavabdeh verdiyi öhdəliyi vaxtında icra etmədiyindən, yəni 4.000 manatı 2024-cü ilin avqust ayının sonunadək ödəməməklə aralarındakı öhdəliyi pozduğundan qərara qəlmişdir ki, sonuncunun borclu olduğu 8.000 manat pulu bütövlükdə tələb etsin. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, Cavabdeh borclu olduğu 8000 manat pulun və dövlət rüsümu olaraq ödənilmiş 51,40 manat pulun alınanaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı 2021-ci ildən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyır. O, həqiqətən 2021-ci ilin avqust ayında İddiaçı təsərrüfatından qarşılıqlı razılaşmaya əsasən pulunu məhsulu satıb qaytarmaq şərtilə nisyə olaraq bir neçə dəfəyə ümumilikdə 8000 manat məbləğində meyvə məhsulu almış və Bakı şəhərinə aparıb satmaqla məşğul olmuşdur. Lakin apardığı meyvə məhsulunun bir qismi xarab olduğundan, eləcə də alıcılar satdığı məhsulun pulunu tam şəkildə qaytarmadıqlarından ziyana düşmüş və və iddiaçıdan aldığı məhsulun pulunu qaytara bilməmişdir. Sonradan iddiaçı dəfələrlə ona müraciət edərək pulunu qaytarmasını tələb etmiş, bu səbəbdən 2024cü ilin may ayında öz xətti ilə iltizam yazaraq iddiaçıya sonuncudan aldığı meyvə məhsuluna görə ümumilikdə 8000 manat pul borclu qaldığı, həmin məbləğin 4000 manat hissəsini 2024-cü ilin avqust ayının sonuna qədər, qalan hissəsini isə 2025-ci ilin avqust ayının sonuna qədər qaytaracağı barədə öhdəlik sənədinə imza etmişdir. Həmin iltizama imza etsə də hesab edir ki, aldığı məhsulun bir hissəsi xarab olmaqla ziyana düşdüyündən əslində iddiaçıya 4000 manat pul verəcəyi vardır. O, Bakı şəhərində satış meneceri işləməklə ayda 430 manat əmək haqqı alır və banka kredit borcu olduğundan İcra Şöbəsinin müvafiq qərarı ilə əmək haqqının 400 manat hissəsi hər ay bankın xeyrinə tutulur. Bu səbəbdən hazırda maddi vəziyyəti ağır olduğundan iddiaçının borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh Xaçmaz rayonunun Müşkür kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş pul öhdəliyinə dair 31 may 2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh iltizam yazıb imzalayaraq İddiaçı sonuncudan aldığı meyvə məhsuluna görə ümumilikdə 8000 manat pul borclu qaldığını göstərməklə, həmin məbləğin 4000 manat hissəsini 2024-cü ilin avqust ayının sonuna qədər, qalan hissəsini isə 2025-ci ilin avqust ayının sonuna qədər qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Tərəflərin izahatıları və iş materialları ilə müəyyən olunmuşdur ki, həqiqətən də Cavabdeh 2021-ci ilin avqust ayında bir neçə dəfəyə İddiaçı satıb pulunu qaytarmaq şərtilə nisyə olaraq ümumilikdə 8000 manat dəyərində meyvə məhsulu almış, lakin sonradan nisyə aldığı məhsulun pulunu geri qaytarmamışdır. Sonradan 31 may 2024-cü il tarixdə cavabdeh iltizam yazıb imzalayaraq İddiaçı sonuncudan nisyə aldığı meyvə məhsuluna görə ümumilikdə 8000 manat pul borclu qaldığını göstərməklə, həmin məbləğin 4000 manat hissəsini 2024-cü ilin avqust ayının sonuna qədər, qalan hissəsini isə 2025-ci ilin avqust ayının sonuna qədər qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh vəd verdiyi vaxtda öhdəliyi icra etməmiş, üzərinə götürdüyü öhdəliyi pozaraq hal-hazıradək iddiaçıya borclu qaldığı puldan hər hansı məbləğdə pul qaytarmamışdır. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 2021-ci ilin avqust ayında ondan bir neçə dəfəyə satıb pulunu qaytarmaq şərtilə nisyə olaraq ümumilikdə 8000 manat dəyərində meyvə məhsulu almış, lakin sonradan cavabdeh nisyə aldığı məhsulun pulunu geri qaytarmamışdır. 31 may 2024-cü il tarixdə cavabdeh iltizam yazıb imzalayaraq nisyə aldığı meyvə məhsuluna görə ona ümumilikdə 8000 manat pul borclu qaldığını göstərməklə, həmin məbləğin 4000 manat hissəsini 2024-cü ilin avqust ayının sonuna qədər, qalan hissəsini isə 2025-ci ilin avqust ayının sonuna qədər qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh vəd verdiyi vaxtda öhdəliyi icra etməmiş və hal-hazıradək ona borclu qaldığı puldan hər hansı məbləğdə pul qaytarmamışdır. Cavabdeh iddia tələbini qismən qəbul edərək iddianı qismən etiraf etməsini onunla əsaslandırmışdır ki, həqiqətən 2021-ci ilin avqust ayında İddiaçı təsərrüfatından qarşılıqlı razılaşmaya əsasən pulunu məhsulu satıb qaytarmaq şərtilə nisyə olaraq bir neçə dəfəyə ümumilikdə 8000 manat məbləğində meyvə məhsulu alıb Bakı şəhərində satmaqla məşğul olmuşdur. Lakin apardığı meyvə məhsulunun bir qismi xarab olduğundan, eləcə də alıcılar satdığı məhsulun pulunu tam şəkildə qaytarmadıqlarından ziyana düşmüş və iddiaçıdan aldığı məhsulun pulunu qaytara bilməmişdir. Sonradan iddiaçı dəfələrlə ona müraciət edərək pulunu qaytarmasını tələb etmiş, bu səbəbdən 2024-cü ilin may ayında öz xətti ilə iltizam yazaraq iddiaçıya sonuncudan aldığı meyvə məhsuluna görə ümumilikdə 8000 manat pul borclu qaldığı, həmin məbləğin 4000 manat hissəsini 2024-cü ilin avqust ayının sonuna qədər, qalan hissəsini isə 2025-ci ilin avqust ayının sonuna qədər qaytaracağı barədə öhdəlik sənədinə imza etmişdir. Həmin iltizama imza etsə də hesab edir ki, aldığı məhsulun bir hissəsi xarab olmaqla ziyana düşdüyündən əslində iddiaçıya 4000 manat pul verəcəyi vardır. Belə olduğu halda İddiaçı üzərinə Cavabdeh 2021-ci ilin avqust ayında ondan bir neçə dəfəyə satıb pulunu qaytarmaq şərtilə nisyə olaraq ümumilikdə 8000 manat dəyərində meyvə məhsulu almasını, lakin sonradan cavabdehin nisyə aldığı məhsulun pulunu geri qaytarmamasını, 31 may 2024-cü il tarixdə cavabdeh iltizam yazıb imzalayaraq ümumilikdə ona borclu qaldığı 8000 manat pulun 4000 manat hissəsini 2024cü ilin avqust ayının sonuna qədər, qalan hissəsini isə 2025-ci ilin avqust ayının sonuna qədər qaytaracağı barədə üzərinə öhdəlik götürsə də vəd verdiyi vaxtda öhdəliyi icra etməməsini və hal-hazıradək ona borclu qaldığı puldan hər hansı məbləğdə pul qaytarmamasını sübut etmə yükü düşür. Əksinə olaraq Cavabdeh üzərinə İddiaçı aldığı özünün də etiraf etdiyi kimi ümumilikdə 8000 manat dəyərində meyvə məhsulunun bir hissəsinin xarab olması, bir hissəsinin pulunun isə meyvəni alan şəxslər tərəfindən ona ödənilməməsi səbəbindən ziyana düşdüyünü, iltizama imza etsə də aldığı məhsulun bir hissəsi xarab olmaqla ziyana düşdüyündən əslində iddiaçıya 4000 manat pul borclu olduğunu sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı iddiaçının tələbinin əsaslı olması iddiaçının izahatı, cavabdehin qismən etirafı və iddia ərizəsinə əlavə edilmiş pul öhdəliyinə dair iltizamla tam təqsiqini tapmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək iddianı qismən etiraf etməsinin əsası kimi İddiaçı aldığı ümumilikdə 8000 manat dəyərində müyvə məhsulunun bir hissəsinin xarab olması, bir hissəsinin pulunun isə müyvəni alan şəxslər tərəfindən ona ödənilməməsi səbəbindən ziyana düşdüyünü, iltizama imza etsə də aldığı məhsulun bir hissəsi xarab olmaqla ziyana düşdüyündən əslində iddiaçıya 4000 manat pul borclu olduğunu göstərsə də öz etirazının əsasını təsdiq edən sənədi və sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmn Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilməklə Cavabdeh borclu olduğu 8000 manat və iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 51,40 manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və 51,40 manat (əlli bir manat qırx qəpik) məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar