Məhkəmə qərarları › İş №2(067)-560/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-560/2024

25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-560/2024 25.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ İş № 2(067)-560/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ XAÇMAZ RAYON MƏHKƏMƏSİ 25 yanvar 2024-cü ildə Xaçmaz şəhərində Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 25 noyabr 2013-cü il tarixli, 2(067)-1945/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 29 avqust 2010-cu il tarixdə anadan olmuş qızları X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment cvabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 25 noyabr 2013-cü il tarixli, 2(067)-1945/2013 nömrəli qətnaməsi ilə 29 avqust 2010-cu il tarixdə anadan olmuş qızı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul ediləndən 10 il keçmişdir. Bu müddət ərzində istehlak mallarının qiymətləri dəfələrlə artmışdır. Buna müvafiq olaraq ölkədə minimum əmək haqları dəfələrlə artırılmışdır. Qızı Nərmin də böyümüş, məktəblidir, ona görə də tələbatı artmışdır. Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün bir uşağın saxlanılmasına görə minimal istehlak səbəti 220 manat müəyyən edilmişdir. Hazırda o, uşağı ilə valideynlərinin himayəsində yaşayır, sosial müavinət almır. Ona görə də maddi vəziyyəti ağırdır. Cavabdeh fərdi işlərdə işləməklə qazanc əldə edir, torpaq sahəsi var. Ona görə də onun gəlirləri qeyri sabitdir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay 93 manat alimentdən başqa uşağa heç bir yardım göstərmir. Odur ki, alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət edir. Alimentin miqdarının artırılması tələbi ilə Mediasiya Şurasına müraciət etmişdir, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, mediasiya prosesinə xtam veriməsinə dair protokol və arayış, həmçinin 50 manat ödənilməsinə dair qəbz əlavə edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda alimentin məbləği 93 manatdır. Övladı artıq böyüyüb, 8-ci sinifdə oxuyur, xərcləri artmışdır. Hazırlıqlara gedir. Uşağın hələ gələcəyi qabaqdadır, universitet tələbəsi olacaq, onu oxutmaq istəyir. Lakin bütün bunları çatdıra bilmir. Özü də işləmir, atasının himayəsindədir. Ona görə də aliment məbləğinin artırılaraq 250 manat müəyyən edilməsini istəyir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, ailəlidir, 3 övladı var. Rəsmi iş yeri yoxdur, valideynləri tərəfdən də heç bir əlavə köməyi, dəstəyi yoxdur. Valideynləri ona 0.12 ha torpaq sahəsi ayırıb, o da əkinə yararlı deyildir. Torpağı mal-qara otarmaq üçün qardaşına vermişdir. O, da qarşılığında süd, qatıq verir. Uşağına baxmağa etiraz etmir, amma vəziyyəti ilə əlaqədər 250 manat aliment verməyə gücü çatmır. Ailəsində xərçəng xəstəliyindən əziyyət çəkən xəstə olduğuna görə əvvəlki aylarda aliment pulunu gecikdirdirmişdir və nəticədə 560 manat aliment borcu var, ödəyə bilmir. Özü də xəstədir, bel nahiyyəsində ağır dərəcəli yırtıq var. Ağır işlərdə işləyə bilmir, ofisiant işləyir. Aylıq gəliri 550-600 manat arası, gündəlik gəliri isə 15-16 manat olur. 150 manat aliment ödəməyə razıdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(067)-1945/2013 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı 29 avqust 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimnetin miqdarının artırılaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması barədə iddiası qismən təmin edilmiş, Cavabdeh 29 avqust 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi və alimentin tutulması müddəti 28 oktyabr 2013-cü il tarixdən müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan AZE seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. “Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış cavabdehin gəlirləri barədə məlumatlardan müəyyən olunmuşdur ki, Cavabdeh rəsmi iş yeri qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 93 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2010-cu il təvəllüdlü X2 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 87 manat artırıldığından, iddianın qiyməti 87 manat x 12 aya = 1044 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanlr. Belə olan halda, Cavabdeh 30.44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Həmçinin Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 50 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 25 noyabr 2013-cü il tarixli 2(067)-1945/2013 saylı qətnaməsi üzrə təyin edilmiş aliment miqdarı dəyişdirilsin, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30.44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 50 manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar