Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-588/2021 03.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2428.75 manat məbləğində kredit borcu, 269,66 manat məbləğində faiz borcu və 398,6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3097,01 manat məbləğində borcun həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehlə bağlanılmış xx.xx.2019-cu il tarixli kredit razılaşması əsasında ona 24 ay müddətinə, illik 2,25 % olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanılmış və həmin müqaviləyə əsasən onlar Cavabdeh3 bank qarşısındakı öhdəliyinə görə müştərək qaydada məsuliyyət daşıyırlar. Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bankın dəfələrlə şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq, cavabdehlər tərəfindən kredit üzrə hesablanmış borcun qaytarılması üçün zəruri tədbirlər görülməmişdir və onlar tərəfindən borc ödənilmir. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək göstəmişdir ki, o, iddianı qismən qəbul edir. Ölkədə pandemiya ilə bağlı iş olmamışdır. O, musiqiçidir, toylar olmadığına görə kredit borcunu hazırda ödəyə bilmir, bu günə qədər krediti qaytarmağa maddi imkanı olmamışdır. İş olan kimi tez bir zamanda borcunu qaytarmağa çalışacaq. O, əsas borc və faiz borcu ilə razıdır, lakin cərimə borcunun silinməsini xahiş edir. İddia tələbinə qarşı məhkəməyə təqdim edəcəyi heç bir sübutu yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin qəbul etdiyi həcmdə qismən təmin edilməsini xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, , İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehlə bağlanılmış xx.xx.2019-cu il tarixli kredit razılaşması əsasında ona 24 ay müddətinə, illik 2,25 % olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixə Cavabdeh3 oğlunun banka cəmi 3097,01 manat məbləğində kredit borcu qalmışdır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli 011S**********02 saylı və 011S**********03 saylı zaminlik müqavilələrindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli xx.xx.2020-ci il tarixli son xəbərdarlıq məktubundan müəyyən olunur ki, Bank tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. Əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminatdır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. Birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı QSC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə sonuncuların müqavilə öhdəliklərini yerinə yetirməmələri sübuta yetirilir. Qeyd olunanlarla əlaqədar cavabdehlər İddiaçı QSC qarşısında müştərək qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, eyni zamanda hesab edir ki, iddiaçı bankın cavabdehlərin 2428.75 manat məbləğində əsas borc, 269,66 manat məbləğində faiz borcunun qalığına 398.6 manat cərimə hesablaması bu borca mütənasib deyil. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı təşkilat tərəfindən cavabdehlərin 2428.75 manat məbləğində əsas, 269,66 manat məbləğində faiz borcunun qalığına tənasübsüz olaraq yüksək məbləğdə hesablanmış 398.6 manat dəbbə pulunun məbləğini azaldaraq, 50 manat məbləğində müəyyən edir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2428.75 (iki min dörd yüz iyirmi səkkiz manat, yetmiş beş qəpik) manat məbləğində əsas borc, 269,66 (iki yüz altmış doqquz manat, altmış altı qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə borcu və 25 (iyirmi beş) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2428.75 (iki min dörd yüz iyirmi səkkiz manat, yetmiş beş qəpik) manat məbləğində əsas borc, 269,66 (iki yüz altmış doqquz manat, altmış altı qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə borcu və 25 (iyirmi beş) manat dövlət rüsumu İddiaçı QSCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-588/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-588/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver