Məhkəmə qərarları › İş №2(067)-637/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-637/2023

14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-637/2023 14.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh Müzəffər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Müzəffər oğluna qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin təqsirli hərəkətləri nəticəsində onun avtomobilinə vurulmuş 3369 manat məbləğində zərərin, məhkəməyə müraciət etməyi ilə əlaqədar ödədiyi 55 manat məbləğində pulun, həmçinin hüquqi yardıma görə ödədiyi 100 manat məbləğində pulun Cavabdeh Müzəffər oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20 noyabr 2022-ci il tarixdə saat 19:30 radəsində özünə məxsus Toyota Marrier markalı ** NH *** nömrə nişanlı avtomobili ilə Gəndov-Yalama yolunun Ləcət kəndi ərazisində Yalama istiqamətində hərəkətdə olan zaman cavabdehin nəzarətində olan özünə məxsus inəkləri avtomobilin qabağına qaçırtmış və qəza vəziyyəti yaratmışdır. Onun bu təhlükəli vəziyyətdən çıxması üçün etdiyi cəhdlər bir nəticə verməmişdir və məcbur olaraq avtomobili iki inəyə toxunmuşdur. Bununla da onun avtomobilinə xeyli ziyan vurulmuşdur. Həmin zaman vurulan zərərin az olması üçün inəyi kəsib satmağı təklif etsə də, cavabdeh buna razı olmamışdır və bildirmişdir ki, inək ölsə guya sığorta zərəri ödəyəcəkdir. Odur ki, həmin inək 2 gün sonra ölmüşdür. Hadisə yerinə gələn polis əməkdaşları hadisə yerini müayinə etmiş və həmin hadisənin baş verməsində cavabdehin təqsirli olduğu müəyyən edilərək, onun barəsində inzibati protokol tərtib edilmiş və o, 40 manat cərimə edilmişdir. Cavabdeh özünün təqsirli olduğunu anlamış və onun avtomobilinə vurulmuş zərər ödəyəcəyinə söz vermişdir. Lakin hazırda avtomobilinin təmir etməsini cavabdehdən tələb etdiyi zaman o, müxtəlif bəhanələrlə zərəri ödəməkdən yayınır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, 21 dekabr 2022-ci il tarixdə Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasında tərtib edilmiş ziyan aktında avtomobilinə vurulmuş ziyan 2669 manat müəyyən edilmişdir. Bundan əlavə avtomobilinin əvvəlki formaya (görünüşə) qaytarılması üçün əlavə 500 manat məbləğində pul tələb olunur. Hadisə baş verəndən sonra dəfələrlə cavabdehin evinə gedib-gəlmək və Xaçmaz şəhərinə taksi ilə gedib-gəlməyinə 200 manat xərcləmişdir ki, həmin zərəri də cavabdeh ödəməlidir. Qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, havanın qaranlıq vaxtı cavabdehin inəyi onun idarə etdiyi avtomaşının qarşısına çıxıb və avtomaşına dəyib. Avtomaşında quraşdırdığı video qeydiyyatçı hadisəni qeydə alıb. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2022-ci ilin noyabr ayının 20-də hava qaranlıq olmuş, ərazidə yeraltı keçid də olmamışdır. O, sağ tərəfdən gələn “Kamaz” markalı yük avtomaşınını saxlatdırmış, sol tərəfdən də gələn avtomaşına da alışqanda olan işıqla işarə etmişdir ki, malları yola çıxarmışdır. Həmin vaxt iddiaçı gəlib inəyini vurmuşdur. İnzibati qaydada 40 manat cərimə olunmuş və həmin cəriməni ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, Toyota Harrier markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, avtomaşına ziyan vurulub və təmir tələb edilir. Kapot 1 ədəd 400 manat, 2 ədəd fara 680 manat, 1 ədəd radiator barmaqlığı 80 manat, 2 ədəd yan güzgü 660 manat, 1 ədəd alın şüşəsi 190 manat, germet (sərtləşdirici ilə) 1 dəst 37 manat, 2 ədəd fara lampaları 12 manat, elektrikin əl işi 40 manat, dəmirçinin əl işi 250 manat, rəngsazın əl işi (qara) 4 hissə 320 manat, cəmi 2669 manat. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh Müzəffər oğlu AR İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cavabdeh Müzəffər oğluna 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 55 manat rüsum ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Xaçmaz rayon vəkil bürosunun hesabına 100 manat pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 09 avqust 2023-cü il tarixli 9/4440 nömrəli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı Toyota Harrier markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 2379 manat müəyyən edilir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunan bir ədəd CD-də olan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də günün qaranlıq vaxtında İddiaçı avtomobilini idarə edərkən qəfildən qarşısına heyvan çıxmışdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, Cavabdeh Müzəffər oğlunun hüquqazidd hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə maddi ziyan dəymişdir. Belə olan halda, Cavabdeh Müzəffər oğlundan məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 2379 manat məbləğində pul, iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumu və hüquqi yardıma görə ödədiyi 100 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Müzəffər oğlundan 2379 manat məbləğində pul, ödənilmiş 55 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilən 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh Müzəffər oğlundan alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar