Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-65/2020 25.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçı və vəkili X5, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü X3 müalicəsi ilə bağlı çəkmiş olduğu 7000 manat müalicə xərcinin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkmiş olduğu məhkəmə xərclərinin, həmçinin, mənəvi zərərin əvəzi kimi 30000 manat olmaqla, cəmi 37.000 (otuz yeddi min) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə, Xaçmaz şəhəri, Ayəddin Babayev küçəsində kanalizasiya quyusunun qapağını azyaşlı övladı, xx.xx.2011-ci il təvəllüdlü X3 ayağı üzərinə düşürmüş, nəticədə oğlu Ramil sol ayağının İ və İİ barmaqlarını əsas falanqa səviyyəsində itirmişdir. Faktla bağlı tərəfindən Xaçmaz Rayon Polis Şöbəsinə şikayət ərizəsi verilmiş, lakin aparılmış təhqiqat nəticəsində “cinayət hadisəsi aşkar olunmadığından cinayət işinin başlanması Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı Cəlal Sultanovun xx.xx.2018-ci il tarixli qərarı ilə rədd edilmişdir. Halbuki, oğlu az ağır dərəcəli xəsarət almışdır. xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası CM-in 131.1-ci maddəsinə görə ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmağa görə 7xx xxxxxxxx 1200 manata kimi cərimə təyin edilərək, islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdu. O, polisə şikayət etdiyi ilk günlərdə Cavabdeh ona 200 manat pul verərək şikayət etməməsini xahiş etmiş və Ramilin müalicə xərclərini tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin ondan və Ramildən cavabdehin vəziyyətini yüngülləşdirən izahatlar alındıqdan sonra polisdə 7000 manat xərci çıxdığı üçün artıq Ramilin müalicəsinə pul verməyəcəyini bildirmişdir. Cavabdehin əməli nəticəsində oğlu Ramil az ağır dərəcəli bədən xəsarəti almışdır. Onun müalicəsinə indiyə qədər 7000 manatdan artıq pul xərclənib və hələ də xərclənməkdədir.Bununla bağlı o, Xaçmaz Rayon məhkəməsində 2018-ci ilin iyununda iddia qaldırmışdır. Xaçmaz rayon polis şöbəsində işi aparan təhqiqatçının qərarından şikayət verdiyinə görə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təhqiqatçının qərarı ləğv edilmiş və fakta görə CM-in 127.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılması üçün Xaçmaz RPŞ-nin istintaq bölməsinə göndərilmişdir. Bununla bağlı o məhkəmədə istintaqın yekun qərarı qəbul olunana kimi iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Hazırda cinayət işi Baş Prokurorluq tərəfindən nəzarətə götürülmüşdür. Ona görə də ziyan tələbi ilə bağlı yenidən müraciət etmişdir. Bundan əlavə cavabdeh etdiyi əmələ görə peşmançılıq keçirmək əvəzinə qonşuluqda qarşılaşdıqları zaman “gördün şikayətin sonu necə oldu, get kimə istəyirsən yenə şikayət et” kimi ona və övladına mənəvi əzab verən sözlər deyir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdehdən həm iddia ərizəsində göstərilən 37000 manat məbləğində pulun, həm də uşağın gələcəkdə müalicə olunması üçün tərəfindən çəkiləcək xərclərin əvəzi olaraq 20000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı üzbəüz qonşusudur, münasibətləri yaxşı olmuşdur, onunla və ailə üzvləri ilə düşmənçiliyi və ədavəti olmamışdır. Günelin uşaqları onun evində, onun uşaqları Günelin evində bir yerdə oynamışlar. Küçəyə təzə kanalizasiya xətti çəkilmişdir, evdən də həmin kanalizasiya quyusuna xətt çəkmək lazım olmuşdur. Hər bir vətəndaş öz xəttini özü təmizləyib çəkməlidir.Buna görə də, xx.xx.2018-ci il tarixdə təxminən saat 16 radələrində küçəyə çıxıb kanalizasiya quyusunun qapağını qaldıraraq quyunun içinə baxmışdır ki, təmizliyini yoxlasın və yaxın günlərdə işə başlasın. Həmin quyunun dəmir qapağı ağırdır, petlə ilə açılıb-örtülür.Dəmir qapağı açanda üstündəki xırda, barmaq yoğunluğunda deşiklərə barmağını salıb, yarıya kimi qaldırmışdır, həmin anda da iddiaçının küçədə oynayan iki oğlu da qaçıb quyuya baxmağa gəlmişlər. İddiaçının kiçik oğlu lap yaxına gəlmişdir və həmin vaxt dəmir qapaq sürüşərək barmağından çıxmış və örtülmüşdür. İddiaçının Ramil adlı oğlu lap yaxında olduğundan dəmir qapaq onun sol ayağının barmaqlarının üzərinə düşmüş və o, qışqırmışdır. Ramilin ayağında barmaq tərəfləri açıq olan rezin şəpit ayaqqabısı olmuşdur, nazik corab geyinmişdir. Tez qapağı açıb uşağı qucağına götürərək, iddiaçının evinə getmiş və dayısı Elmana zəng vurmuşdur. Elman öz avtomaşını ilə gəlmiş və Ramili avtomaşına qoyaraq təcili Xaçmaz rayon xəstəxanasına çatdırmışlar. Orada Ramilin ayaq barmaqlarını Ayaz həkim tikmiş və evə göndərmişdir.Bununla bağlı onun həmin gün 250 manat xərci çıxmış, 200 manatı da iddiaçı ödəmişdir. Bundan sonra da xərcləri çəkməyə hazır olduğunu iddiaçıya bildirmişdir. Uşağın belə olması onu kədərləndirmişdir. İndiyə kimi uşağın müalicəsinə cəmi 1350 manat pul xərcləmişdir. Bundan sonra uşaq evə gəlib gəzirdi, daha onun əlavə xərclər çəkməyə imkanı yoxdur. Məhkəmə iclasında Cavabdeh iddianın mənəvi ziyana aid hissəsini də əsassız hesab etdiyini, çünki, özünün heç bir hüquqazidd əmələ yol vermədiyini, bundan başqa iddiaçının tələb etdiyi məbləği ödəməyə də maddi imkanının çatmadığını bildirmişdir. O, imkanı daxilində iddiaçıya kömək göstərmişdir. Ona görə də ekspert rəyi ilə də razı deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi və vəkili X9 izahatında göstəmişdir ki, o, əvvəlki məhkəmə araşdırması zamanı da izahat verərkən bildirmişdir ki, nümayəndəsi olduğu cavabdehin baş vermiş hadisədə təqsiri yoxdur. Hazırda da bu qənaətdədir. Belə ki, cavabdehin təqsirinin sübuta yetirilməsi üçün hüquqazidd əməl, o cümlədən delikt mövcud olmalı, həmin əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Hadisənin cavabdehin təqsiri üzündən baş verməsi sübuta yetirilmir, buna görə də istintaq orqanı tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. Düzdür heç kim istəməzdi ki, uşağın başına belə bir iş gəlsin. Elə ona görə də cavabdeh uşağa ilkin yardım göstərib, dərmanlar alınması üçün dediyinə görə 1200 manat xərc çəkib. Hesab edir ki, cavabdehin iddiaçıya kömək etməsi onun təqsirini etiraf etməsi ilə bağlı deyil, insanlıq borcunu yerinə yetirməsi ilə bağlıdır. Bədbəxt hadisə nəticəsində kanalizasiya qapağı azyaşlı uşağın ayağının üstünə düşüb. Bu məntiqlə məsələyə yanaşılsa uşaq yük maşınının altına ayaq qoyursa sürücü məsuliyyət daşımalıdır. Bildirmək istəyir ki, deliktin anlayışında ehtiyatsızlığın təfsiri verilməyib. Ancaq cinayət məcəlləsində ehtiyatsızlıqdan cinayət törədilməsinin özündə nəyi ehtiva etməsi göstərilir. Ehtiyatsızlığın iki forması var, cinayətkarcasına özünə güvənmə və cinayətkarcasına etinasızlıq. Cavabdeh tərəfindən cinayətkarcasına özünə güvənmə və ya cinayətkarcasına etinasızlığa yol verilməsi halı mövcud deyil. Cavabdehin hərəkətində heç bir hüquqa zidd əməl olmadığından, onun hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmadığından, ona qarşı iddiaçının maddi və mənəvi ziyan tələbi əsassızdır. Ona görə iddianln təmin edilməməsini xahiş edir. O, bildirmişdir ki, ekspert rəyi ilə qəti razı deyildir. Ona görə ki, ekspert rəyi fərziyyələrə əsaslanır və rəydə ekspert gəldiyi nəticə ilə cavabdehin əməli arasında səbəbli əlqənin nədən ibarət olmasını qeyd etmir. Hesab edir ki, ekspert bu rəyin verilməsində maraqlı olub və onun rəyi qərəzlidir. Ona görə o, ekspertin məhkəmə iclasına dəvət edilərək dindirilməsini xahiş etmişdir. Ekspertin məhkəmə iclasına dəvət edilərək dindirilməsini xahiş etsə də, məhkəmə əsassız olaraq vəsatətini təmin etməmişdir. Onlar bu günə qədər də iddiaya qarşı etirazlarını əsaslandırmışlar. Ekspertin rəyində hansı nəticəyə gəlməyindən asılı olmayaraq, MM-nin müvafiq normaları, Ai Məhkəmənin Plenumunun 2008-ci il tarixli 7 saylı qərarı əsas götürülməlidir. Delikt nədir mülki qanunvericilikdə qeyd olunub. Buna qədər məhkəmə iclaslarında da iddiaçı tərəf cavabdehin qeyri-hüquqi hərəkətlərinin nədən ibarət olduğunu izah edə bilməyib, hansı normativ-hüquqi aktın normalarını pozduğunu şərh edə bilməyib. O, hesab edir ki, iddianın mənəvi ziyan tələbinə dair hissəsi qanunvericiliyin və Ali Məhkəmə Plenumunun göstərişlərinə uyğun əsaslandırılmayıb. Mənəvi zərər o halda təmin oluna bilər ki, cavabdehin qanunsuz hərəkətləri olsun. Cavabdehin evini su basıb və o, evdən şıxıb kanalizasiya lyukunun qapağını qaldırıb. Hüquq norması 3 hissədən ibarətdir: hipoteza, dispozisiya və sanksiya. Cavabdeh hansı normanı pozub müəyyən deyil. Maddi ziyan tələdinə dair də sübut təqdim olunmayıb. İddiaçının uşağı dövlət xəstəxanasında müayinə olunub və zəruri pulsuz prosedurlardan keçib. İddiaçı hansı xərcləri çəkib sübut yoxdur. Cavabdeh hadisə baş verən gün vicdanla yanaşaraq, ilkin tibbi yardım göstərib, iddiaçının anasına və qardaşına pul verib, bacardığı qədər yardım göstərib. O, hesab edir ki, iddia tamamilə əsassızdır. Maddi zərərlə bağlı sübut yoxdur. Mənəvi zərər tələbi də əsaslandırılmayıb. Məhkəmənin təşəbbüsü ilə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının rəyi düzgün deyil. Hətta ekspert rəyində səbəbli əlaqəni izah edə bilsəydi belə, MM-nin müvafiq normaları və Ali Məhkəmənin Plenumunun qərarına əsasən iddiaçı cavabdehin qanunsuz hərəkətlərini əsaslandırmalı idi. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X10 ifadəsində bildirmişdir ki, bədbəxt hadisənin nəticəsində kanalizasiya qapağı uşağın ayağının üzərinə düşüb. Hətta hadisə baş verən gün düzgün olaraq Xaçmaz MRX-nin bədbəxt hadisələr kitabında qeydə alınıb. Delikt mülki hüquq pozuntusudur, delikt qəsd və ya ehtiyatsızlıqdan ola bilər. Qeyd olunanlarla əlaqədar iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan aşağıdakılara əsasən qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən maddi ziyanın vurulması və uşağın müalicəsinə çəkilmiş xərclər barədə mötəbər sübutlar, həmçinin, məhz cavabdehin hərəkətləri nəticəsində onun mənəvi ziyan çəkməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Xaçmaz RPŞ-nin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X2 ayaq pəncəsinin İ barmağının proksimal falanqanın orta 1/3-nin, İİ barmağının orta falanqanın orta 1/3-nin postravmatik amputasiya güdülündən sonrakı vəziyyət diaqnozu ilə Xaçmaz RMX-da dispanser qeydiyyatındadır. Qusar Rayon Mərkəzi Xəstəxanasının xx xxxxx 2019-cu il tarixli, 9xx/xx-2019 saylı arayışından müəyyən olunur ki, X7 “Sol pəncənin İ-İİ barmaqlarının quru qanqrenası” diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur, xx.xx.2018-ci il tarixində “Sol pəncənin İ-İİ barmaqlarının falanqalarının oynaq səviyyədə eksartikulyasiyası” cərrahi əməliyyatı aparılmış, xx.xx.2018-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2018-ci il tarixli rəyindən müəyyən olunur ki, 2011-ci il təvəllüdlü X1 ayağının İ və İİ barmaqları amputasiya olunmuşdur. Qeyd edilən xəsarətlər küt əşya təsirindən törənmiş, müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2018-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birdən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 1369 saylı ekspert rəyindən müəyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Xaçmaz şəhəri Ayəddin Babayev küçəsində kanalzasiysa quyusunun qapağının azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X3 ayağı üzərinə düşürməsi və uşağın sol ayağının İ və İİ barmaqlarının əsas falanqa səviyyəsində itirməsi nəticəsində İddiaçı kəskin emosional gərginlik halını keçirmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər əhəmiyyətli dərəcədə olmaqla o, hadisədən sonrakı dövrdə psixoloji sarsıntı keçirmişdir. Ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, keçirilmiş tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə iddia tələbinin 7.000 (yeddi min) manat müalicə xərclərinin, həmçinin, uşağın gələcəkdə müalicəsi üçün zəruri olan 20.000 (iyirmi min) manat məbləğində xərclərin tutulmasına dair hissəsi barədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından həmin xərclərin çəkilməsini təsdiq edən mötəbər sübutlar məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilməlidir. Lakin, iddiaçı qeyd edilən hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi 7.000 (yeddi min) manat müalicə xərclərinin, həmçinin, uşağın gələcəkdə müalicəsi üçün zəruri olan 20.000 (iyirmi min) manat məbləğində xərclərin tutulmasına dair hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının maddi zərərə məruz qalması; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülkihüquq məsuliyyətinin, maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” x xxxxxx 2008-ci il tarixli Plenum qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İş üzrə keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 1369 saylı ekspert rəyindən müəyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Xaçmaz şəhəri Ayəddin Babayev küçəsində kanalzasiysa quyusunun qapağının azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X3 ayağı üzərinə düşürməsi və uşağın sol ayağının İ və İİ barmaqlarının əsas falanqa səviyyəsində itirməsi nəticəsində İddiaçı kəskin emosional gərginlik halını keçirmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər əhəmiyyətli dərəcədə olmaqla o, hadisədən sonrakı dövrdə psixoloji sarsıntı keçirmişdir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması), bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi mənəvi zərər arasında səbəbli əlaqənin olmasını keçirilmiş ekspertiza təqdiqatı nəticəsində tam sübuta yetirilmişdir. Buna görə də, məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilərək, Cavabdeh vurulmuş mənəvi ziyana görə 1000 (min manat) məbləğində pulun İddiaçı xeyrinə tutulmalı olduğunu hesab edir. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməlilidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində mənəvi ziyan tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-65/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-65/2020
25.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver