Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-651/2024 14.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh X3 nümayəndəsi Nümayəndə Əbdülcəlil oğlunun iştirakları ilə İddiaçı cavabdeh X4 qarşı evə köçürmə və yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Yalama kəndində yerləşən onun da mülkiyyət hüququnun olduğu 0,12 ha həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 6 otaq, 2 dəhlizdən ibarət yaşayış evinə köçürülməklə, yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi, habelə köməkçi vasitələrdən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşı X19 ilə 03 avqust 1990-cı il tarixdə Xaçmaz rayonu Yalama kənd sovetliyində nikah qeyd etdirməklə ailə qurmuşdur. Həmin tarixdə evin mülkiyyətçisi olan valideynlərinin tam razılığı və sevinci ilə heç bir qeyd şərt qoyulmadan onların mülkiyyətində olan, Xaçmaz rayonunun Yalama kəndində yerləşən, özünün və iki qızının mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərində tikilmiş 2 mərtəbəli, 6 otaq və 2 dəhlizdən ibarət fərdi yaşayış evinə köçmüşdür. Cehiz əmlakını da həmin evə gətirmişdir. Vahidlə birgə yaşayışından 6 uşaqları anadan olmuşdur. Onlardan 4 uşaq vəfat etmiş və 2 qızları, Gülxanım və Gülnar hazırda ailə quraraq öz evlərində yaşayırlar. Vahid Cəfərov Bakı şəhərində yaşayan bacısı Minarənin təhriki ilə 2022-ci ilin avqust ayında onu heç bir səbəb göstərmədən evdən çıxarmış və bir daha evə buraxmamışdır. Ondan sonra dəfələrlə öz evinə qayıtmaq istəsə də, cavabdeh onu evə buraxmamış və ona hədə qorxu gələrək bir daha evə gəlməməsini bildirmişdir. Odur ki, hazırda qonşuların evində yaşayır. Həmin evdə qalmış əmlakını da cavabdeh evdən çıxarmağı ondan tələb edir. 1990-cı ilin avqust ayının 3-də həmin evin mülkiyyətçisi olan cavabdehin valideynlərinin tam razılığı ilə və heç bir qeyd şərt qoyulmadan həmin evə həlin köçmüş və cehiz əmlakını da həmin evə gətirmişdir. Hazıra kimi həmişə işləyib qazandığı pulu həmin evin saxlanılması və yenidən qurulmasına xərcləmişdir. Xüsusilə evin 1-ci mərtəbəsinin balkonaltı hissəsini onun vəsaiti ilə atası Məmmədzalik tikmiş, həyətdə camaşırxananı onun xahişi və vəsaiti ilə əmisi oğlu X13 Mevel Kürəbəyovla birlikdə tikib, təmir etmişdir və sair. X17 12 il həbs müddəti bitəndən sonra həmişə sərxoşluqla məşğul olmuş, təsadüfi fərdi işlərdə qazandığı cüzi gəliri də spirtli içkilərə xərcləmişdir. Odur ki, evin saxlanması və uşaqların dolanması üçün heç bir xərc çəkməmişdir. Uşaqları həmin evdə anadan olmuş, böyümüş, tərbiyə almış və ailə quraraq köçmüşdür. Vahid Aslanov bacısı Minaranın təhriki ilə heç bir səbəb göstərmədən aralarındakı nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Yaşamağa başqa yeri yoxdur və almağa və kirayə və tutmağa maddi imkanı yoxdur. İşləyib qazandığı cüzi gəliri dərmanlarına və tələbatının ödənilməsinə güclə çatır. Odur ki, 32 il yaşayıb yenidən qurduğu evinə köçürülməklə yaşayış hüququnun müəyyən edilməsi üçün məhkəməyə müraciət edir. Evin mülkiyyətçisini və həmin evdə yaşayan digər şəxslərin tam razılığı il heç bir qeyd şərt qoyulmadan həmin evə köçdüyü üçün 32 il yaşayıb evi yenidən qurmaqla evi saxladığı üçün, uşaqlarını həmin evdə böyüdüb boya-başa çatdırdığı üçün əmlakı həmin evdə qaldığı üçün, başqa yaşayış yeri olmadığı və ev almağa və ya kirayə qalmağa imkanı olmadığı üçün həmin evdə yaşayış hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, hazırki mübahisəyə 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi və ailə münasibətlərinə xitam verildiyi halda saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədarla birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiya) 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. “Azərbaycan Respublikası və vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Onu evdən çıxarmaq və həmin evdən tamamilə məhrum etmək üçün qeyd olunan mübahisəli evi xx.xx.2022-ci il tarixdə onun xəbəri olmadan Bakı şəhərində öz evində yaşayan Cavabdeh öz adına dövlət qeydiyyatına aldırmış, ********** qeydiyyat nömrəli **********46-10301 reyestr nömrəli çıxarış almışdır. Bakı şəhərində öz ailəsi ilə öz evində yaşayan Cavabdeh qardaşı Vahid Cəfərovun spirtli içki düşkünü olmasından istifadə edərək mübahisəli evi öz adına qeydiyyata aldırmaqla onu öz doğma, 32 il yaşayıb-yaratdığı, yenidən qurduğu evindən çıxarmışlar. Cavabdeh o, həmin evə köçəndən, yəni 1990-cı ildən çox əvvəl ailə quraraq Bakı şəhərində öz ailəsi ilə yaşayır, həmin evlə heç bir əlaqəsi olmamışdır. Evin saxlanılmasına heç bir köməyi olmamışdır. Vərəsəlik yolu ilə həmin evi əldə etməsinə heç bir hüquqi və mənəvi əsası olmamışdır. Həmişə sərxoş qardaşı Vahid Aslan oğlunu aldadaraq onu evdən məhrum etmək üçün evi öz adına rəsmiləşdirmişdir. Lakin o, uzun müddət həmin evdə fasiləsiz yaşamaqla öz vəzifəsini ləyaqətlə yerinə yetirmişdir. Əvvəl onun anasına, sonra uzun müddət daim sərxoşluqla məşğul olan Vahid Aslan oğluna xidmət göstərmişdir. X17 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Vahid Aslan oğlu ölüm vaxtı, yəni 14 may 2023-cü il tarixdə onu yanına çağırmış və bildirmişdir ki, bacısı Minarənin oğlu Nizami onu evdən çıxarır və birlikdə kirayə evə köçək. Həmin vaxt Vahidin vəziyyəti çox pisləşmişdi. Vahid evdən onu çıxartdığına görə üzr istədi və bildirdi ki, bacısı Minarə onun sərxoşluğundan istifadə edib, yaşadığı evi öz adına keçirmiş və onu da hazırda çıxarmaq istəyir. Həmin vaxt da yanında qonşusu Mehmanova Ruhiyyə də, onun 12 yaşında oğlu Vüsal da olmuşdur və Vahidin etiraflarını və üzr istəməsini onlar da eşitmişdir. Mübahisəli evin yerləşdiyi 0.12 ha torpaq sahəsi Xaçmaz rayonu AİK-nin 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə onun X11, X6 və X7 ümumi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin ümumi mülkiyyətlərinə verilməsinə dair JN-466B nömrəli 30225018 kodlu 14 iyul 2005-ci il tarixli şəhadətnamə işlənmişdir. Şəhadətnamədən də göründüyü kimi torpaq sahəsinin cavabdehə heç bir aidiyyətı yoxdur. Cavabdehin qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsində müvafiq iddia qaldırsa da, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarına əsasən iddia ərizəsi icraata götürülmədən geri qaytarılmış və ona əmlakın olduğu yer üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qardaşı X19 ilə 1990-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurublar. Həmin tarixdə iddiaçı evin mülkiyyətçisi olan valideynlərinin tam razılığı və sevinci ilə heç bir qeyd şərt qoyulmadan onların mülkiyyətində olan, Xaçmaz rayonunun Yalama kəndində yerləşən, mənim və iki qızımın mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərində tikilmiş 2 mərtəbəli, 6 otaq və 2 dəhlizdən ibarət fərdi yaşayış evinə köçüb Cehiz əmlakını da həmin evə aparıb. Vahidlə birgə yaşayışlarında 6 uşaqları anadan olub. Onlardan 4 uşaq vəfat edib və iki qızı Gülxanım və Gülnarı hazırda ailə quraraq öz evlərində yaşayırlar. Vahid Cəfərovun Bakı şəhərində yaşayan bacısı Minarənin təhriki ilə 2022-ci ilin avqust ayında iddiaçını heç bir səbəb göstərmədən evdən çıxarmış və bir daha evə buraxmamışdır. 1990-cı ilin avqust ayının 3-də həmin evin mülkiyyətçisi olan cavabdehin valideynlərinin tam razılığı ilə və heç bir qeyd şərt qoyulmadan həmin evə həlin köçmüş və 32 il həmin evdə yaşamış, evin quruculuq işlərində iştirak etmiş, atası Məmmədzalik də bu işlərdə ona maddi köməklik etmişdir. İddiaçının əri Vahid Aslan 12 il həbs müddəti bitəndən sonra həmişə sərxoşluqla məşğul olmuş, təsadüfi fərdi işlərdə qazandığı cüzi gəliri də spirtli içkilərə xərcləmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, hazırki mübahisəyə 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məcəlləsinin 123-cü maddəsinə əsasən iddiaçının həmin evdə yaşayış hüququ vardır. Cavabdeh mübahisəli yaşayış evini öz adına rəsmiləşdirmişdir. X17 xx.xx.2023-cü il tarixdə vəfat edib. Hazırda iddiaçı yaşayış sahəsindən məhrum olunduğuna və başqa yaşayış yeri olmadığına görə hazırki iddia ilə məhkəmə müraciət etməli olmuşdur. İddiaçının bütün avadanlığı mübahisəli evdədir. Həyətyanı torpaq sahəsinin 4 nəfər mülkiyyətçisi var. Mülkiyyətçilərdən biri də iddiaçıdır. Həmçinin məhkəmə hazırlıq iclasında İddiaçı vəkili Vəkil iddiaçı tərəfindən imzalanan iddianın dəqiqləşdirilməsinə dair ərizəsini məhkəməyə təqdim etmişdir. İddianın dəqiqləşdirilməsinə dair ərizəsində iddiaçı Xaçmaz rayonunun Yalama kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 6 otaq, 2 dəhlizdən ibarət yaşayış evinin ikinci mərtəbəsindəki böyük otağı və mətbəxi, habelə evin birinci mərtəbəsindəki otaqlardan birini özünün istifadəsinə verilməklə, dəhlizlərin, ayaqyolu və hamamın ümumi istifadədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın dəqiqləşdirilməsinə dair ərizəsində qeyd olunan tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı vəkili Vəkil iddianın dəqiqləşdirilməsinə dair ərizədə qeyd olunan tələbi müdafiə edərək, bildirmişdir ki, təklif edir ki, evin birinci mərtəbəsi iddiaçıya verilsin, ikinci mərtəbəsi isə mülkiyyətçi olan cavabdehin istifadəsində qalsın. Əgər cavabdeh tərəf bu təkliflə razı olmasa, iddia ərizəsində qeyd olunan tələbin təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili cavabdeh tərəfin evin ikinci mərtəbəsindəki, iddiaçının avadanlığı olan kiçik otağın iddiaçıya verilməsi, qalan mətbəx, dəhliz və ayaqyolundan onun istifadə etməsinə etiraz olunmayacağə barədə təklifi ilə razı olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cavabdeh X3 nümayəndəsi Nümayəndə Əbdülcəlil oğlu iddianı qismən qəbul edərək, bildirmişdir ki, o, cavabdeh Minarə Abdullayevnın oğludur. Dayısı Vahid həbsdə olanda həmin evi atası ilə anası tikib. O vaxt nənəsi ilə babası boşanmışlar. Dayısı Vahid həbsdən çıxdıqdan sonra hazır tikilmiş edə gəlmişdir. Dayısı içki içən olmuş və arvadı Müxlisə ilə narazılıqları olmuşdur. Bundan sonra dayısı məhkəmədə boşanmaq barədə iddia qaldırmış, birinci məhkəmə baxışında iştirak edib, ikinci məhkəmə baxışına 13 gün qalmış vəfat etmişdir. Əslində iddiaçını anası evdən çıxarmamış və evdə yaşamasına etiraz etməmişdir. O evi atası ilə anası tikmiş, 3 nəfər qonşular da var ki, bunu təsdiq edə bilərlər. Bütün qonşular bilirlər ki, həmin evi tikən Əbdülcəlil və Minarədir. Onlar iddiaçının evdə yaşamasına maneə törətməmişlər, iddiaçı istəsə gəlib yaşaya bilər. Məhkəmə baxışı iclasında cavabdeh X3 nümayəndəsi Nümayəndə Əbdülcəlil oğlu iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçı onun dayısının arvadıdır. Keçən məhkəmə iclasından sonra anası ilə danışıb razılaşaraq iddiaçıya yaşayış evinin ikinci mərtəbəsindəki böyük otağı verməyə razılaşmışlar. Lakin sonradan iddiaçı yaşayış evinin ikinci mərtəbəsindəki ən böyük otaqla yanaşı evin birinci mərtəbəsindəki kiçik otağın da ona verilməsini istədi. Ona görə evin ikinci mərtəbəsindəki iddiaçının avadanlığı olan kiçik otağı iddiaçıya verməyə, qalan mətbəx, dəhliz və ayaqyolundan onun istifadə etməsinə razı olacaqları barədə qərara gəlmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan V-JQ seriyalı 361345 saylı nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, X19 ilə X2 xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-İİ seriyalı 363430 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X19 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1998-ci il tarixli 10-599 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X1 məxsus olmuş Xaçmaz rayonunun Yalama kəndində yerləşən onun da mülkiyyət hüququnun olduğu 0,12 ha həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 873,6 kv.metr, yaşayış sahəsi 43,9 kv.metr olan fərdi yaşayış evinə Xaçmaz rayon 1 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli 2V-1040 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 adına dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli çıxarış işlənmişdir. İş materiallarında olan JN-466B seriyalı 30225018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998ci il tarixli 14 saylı qərarı ilə X11, İddiaçı, X6 və X7 ümumi birgə mülkiyyətinə cəmi 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, X19 ilə X2 xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olmuşlar və iddiaçı evin həmin vaxt mülkiyyətçiləri olan ərinin valideynlərinin razılığı ilə onlara məxsus Xaçmaz rayonunun Yalama kəndində yerləşən, 0.12 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş 2 mərtəbəli fərdi yaşayış evinə gəlin köçmüş, orada onların 6 uşaqları anadan olmuş, uşaqlardan dördü vəfat etmiş, qızları X9 və X12 isə orada böyüdükdən sonra, ailə quraraq ər evlərinə köçmüşlər. Məhkəmə hesab edir ki, qeyd olunanlarla əlaqədar iddiaçının mübahisəli yaşayış evindən istifadə etməsi ilə əlaqədar hüquq münasibətləri xx.xx.1990-cı il tarixdə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüqüqu əldə edirlər. Məhkəmə araşdırması zamanı işin hallarının tədqiqi zamanı müəyyən olunmuşdur ki, Xaçmaz rayonunun Yalama kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi 0.12 ha həyətyanı torpaq sahəsi Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 14 saylı qərarına əsasən JN-466B seriyalı 30225018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçının mərhum əri X11, İddiaçı və onların övladları X6 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı Xaçmaz rayonunun Yalama kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə gəlin köçərkən cehiz əmlaklarını da özü ilə həmin evə aparmış və onun əmlakları hazırda da orada, əsasən evin ikinci mərtəbəsindəki bir otağında yerləşir. 2022-ci ilin avqust ayında iddiaçı mübahisəli evdən çıxarılmışdır və hazırda qonşularının evində yaşayır. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X14rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıların cavabdehlərlə birgə mübahisəli evdə birgə yaşamaları, orada məskunlaşmaqla, ümumi təsərrüfat “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddia tələbinin əsaslı olduğunu göstərir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı Xaçmaz rayonunun Yalama kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində tikilmiş, dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan 2 mərtəbəli, ümumi sahəsi 873,6 kv.metr, yaşayış sahəsi 43,9 kv.metr olan, 6 otaq, 2 dəhlizdən ibarət fərdi yaşayış evinə köçürülməli, həmin evin ikinci mərtəbəsində avadanlıqları yerləşən otaqdan istifadə hüququ müəyyən edilməli, dəhliz, hamam və ayaqyolu ümumi istifadədə saxlanılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Xaçmaz rayonunun Yalama kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində tikilmiş, dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan 2 mərtəbəli, ümumi sahəsi 873,6 kv.metr, yaşayış sahəsi 43,9 kv.metr olan, 6 otaq, 2 dəhlizdən ibarət fərdi yaşayış evinə köçürülsün. İddiaçı həmin evin ikinci mərtəbəsində avadanlıqları yerləşən otağından istifadə hüququ tanınsın. Qeyd olunan fərdi yaşayış evində dəhliz, hamam və ayaqyolu ümumi istifadədə saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-651/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-651/2024
14.03.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver