Məhkəmə qərarları › İş №2(067)-66/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-66/2025

03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-66/2025 03.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ziyafəddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 3915 manat avtomobilinə dəyən zərərin əvəzi, 65 manat ödədiyi dövlət rüsumu, 60 manat texniki baxış üçün ödənilmiş xidmət haqqı və 230 manat vəkilə ödənilmiş xidmət haqqı, cəmi 4270 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclası zamanı vəsatət verərək, nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş və vəsatət məhkəmə tərəfindən təmin edilmişdir. İddianı onunla əsaslandırmışdır ki, 2000-ci ilin buraxılışı, Mühərrik № , Şassi № , Ban № WDB2100621B187203, Gümüşü metallik rəngli, **-BF-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES E240” markalı, M.İ.H. 2600 kub sm minik avtomobili ona məxsusdur. Cavabdeh1 30 iyul 2023-cü il tarixdə, saat 16 radələrində etibnarnamə ilə idarə etdiyi “VAZ-2106” markalı, Az **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu Xudat şəhəri istiqamətindən Xaçmaz rayonu Ləcət kəndi istiqamətində hərəkət etdiyi zaman, yolun Xaçmaz rayonu Susayqışlaq kəndi ərazisindən keçən hissəsində hərəkət etdiyi istiqamət üzrə ötmə manevrini həyata keçirmək məqsədilə sürətini artırmaqla əks istiqamətli zolağına çıxmış, həmin anda əks istiqamətində hərəkətdə olan İddiaçı idarə etdiyi “Mercedes E240 minik” markalı Az ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş və ona 8715 manat ziyan dəymişdir. Hadisə zamanı o YÜNGÜL xəşarət alrmşdır. Onun avtomaşınında olan tanışı X6 az yüngül xəsarət almışdır. Hazırda cavabdehin təqsiri üzündən onun avtomobilinə dəyən zərər 8715 manat təşkil edir. Göstərilən yol-nəqliyyat hadisəsi “VAZ-2106” markalı, Az ** SN *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Toplanmış materialdan görünür ki, sürücü Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1- ci hissəsinin və 51-ci maddəsinin 1-ci hissəsinin 1 və 3-cü bəndlərinin tələblərini pozmuşdur. Həmin maddələrin tələblərinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq və qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Yol-nəqliyyat hadisəsi nəticəsində mənim avtomobilimdə aşağıda adları göstərilən ehtiyyat hissələri zədələnmiş və yenisi ilə əvəz edilməklə, 1 ədəd qabaq kapot- 200 AZN, 1 ədəd ekran dəst- 300 AZN, 2 ədəd kapotun kilidi- 30 AZN, 2 ədəd kapotun petləsi- 40 AZN, 2 ədəd kapotun amortizatoru- 60 AZN, 1 ədəd radiator barmaqlığı- 70 AZN, 1 ədəd emblem- 40 AZN, 1 ədəd bamper qabaq dəsti- 550 AZN, 2 ədəd fara- 300 AZN, 2 ədəd duman farası- 60 AZN, 2 ədəd qanad qabaq- 400 AZN, 1 ədəd qanadaltı sağ qabağ- 30 AZN, 2 ədəd faranın bığı- 30 AZN, 1 ədəd bakavin sağ- 300 AZN, 1 ədəd dayaq sağ qabağ- 200 AZN, 1 ədəd qapı sol qabaq dəst- 200 AZN, 1 ədəd yan güzgü sol- 90 AZN, 1 ədəd alın şüşüsi- 150 AZN, 1 ədəd germetka- 50 AZN, 1 ədəd spoyler qapı, qanad dəst- 50 AZN, 1 ədəd sükan airbağı ilə- 100 AZN, 1 ədəd torpeda airbağı ilə- 250 AZN, 1 ədəd alm şüşəsinin alt kapronu dəst- 60 AZN, 1 ədəd radiator soyuducu- 180 AZN, 1 ədəd radiator kondisioner- 150 AZN, 1 ədəd rulevoy kalonka- 220 AZN, 1 ədəd hava kollektoru- 80 AZN, 1 ədəd hava borusu-40 AZN, 1 ədəd kondisionerin borusu dəst- 100 AZN, 1 ədəd elektropər-120 AZN, 1 ədəd hava ölçən-150 AZN, 1 ədəd travest-160 AZN, 2 ədəd mühərrik yastığı- 120 AZN, 1 ədəd mühərrikin şkifı dəst- 100 AZN, 1 ədəd su xortumu dəst- 60 AZN, 1 ədəd su çəni- 40 AZN, 1 ədəd anti-friz çəni- 35 AZN, 1 ədəd kardan val- 200 AZN, 2 ədəd amortizator qabaq- 120 AZN, 1 ədəd sapfa sağ qabaq- 80 AZN, 1 ədəd asqı qolu dəst sağ-sol-150 AZN, 1 ədəd tyaqa dəst- 70 AZN, 1 ədəd stabilizator dəst- 60 AZN, 1 ədəd karter- 70 AZN, 1 ədəd təkər- 150 AZN, təmir işləri- dəmirçi işi 1200 (bir min iki yüz) manat, rəngsaz işi material ilə 1000 (bir min) manat, çilingər işi: mühərrikin və ön asqının sökülüb yığılması- 300 (üç yüz) manat, elektrik işi- 150 (bir yüz əlli) manat, razval, balans- 50 manat, cəmi- 8715 manat dəyərində ziyan dəymişdir. X2 və Baxış barədə verilmiş xx.xx.2023-cü il tarixli X5 ilə tərtib edilmiş kalkulyasiyaya uyğun olaraq mənim avtomaşınımın təmir işləri 8715 (səkkiz min yeddi yüz on beş) manata başa gəlir. 8715 manat avtomobilin ehtiyat hissələrinə, detallara və təmir olunmasına pul xərclənməlidir. Avtomobilə texniki baxış keçirilməsi və təmirlə əlaqədar X5nın alınması üçün 60 manat ödəmişdir. “Paşa Sığorta” şirkətinin sığorta iddiaları departamenti həmin yol nəqliyyat hadisəsi ilə əlaqədar ona 4800 manat ödəməyi vəd vermiş və onlar razılaşmışlar. 4800 manat sığorta pulu dekabr ayının əvvəllərinə ona ödənilməlidir. İddia ərizəsini məhkəməyə təqdim etmək üçün 65 manat dövlət rüsumu da ödəmişdir. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqi yardımından istifadə etmək üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkillə müqavilə bağlayıb, Vəkil Bürosunun hesabına 230 manat pul ödəmişdir. Vurulmuş ziyanın ümumi miqdarı 8715 manat təşkil edir. Eyni zamanda 65 manat qiymətləndirilən iddia tələbi üçün ödənilmiş dövlət rüsumu, 60 manat ödənilmiş texniki baxış və 230 manat ödənilmiş hüquqi yardım üçün, cəmi 9070 manat təşkil edir. “Paşa Sığorta” şirkətinin Sığorta İddiaları Departamenti həmin yol nəqliyyat hadisəsi ilə əlaqədar ona 4800 manat ödəməyi vəd verdiyindən, Cavabdeh1 4270 manat məhkəmə qaydasında onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, hadisə olmuşdur, cavabdehlər ona ziyan vurublar və ziyanı ödəməlidirlər. Təklif etmişdir ki, ödəsinlər, lakin razı olmamışlar. İddianın təmin olunmasını xahiş etmişdir. İddia tələbi ona görə iki nəfərə qarşı verilib ki, cavabdehlərdən biri nəqliyyat vasitəsinin mülkiyyətçisidir, digəri isə avtomobili etibarnamə əsasında idarə etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı inzibati məsuliyyətə cəlb olunmuş və cərimə olunmuşdur, cəriməni də ödəmişdir. Məhkəmə qərarı ilə kəsiləcək pulu sağalıb iddiaçıya ödəyəcəkdir. Ekspert rəyinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh2 Ziyafəddin oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, hadisə olmuş, oğlu komada olub. Qiymətləndirmə aktında qiymət çoxdur. Oğlu yayda sağalacaq, ekspert rəyində qeyd olunan 2700 manat pulu hissə-hissə iddiaçıya ödəyər. O özü hadisə törətməmişdir. Ekspert rəyinə etiraz etmir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, rəylə razı deyil. Ona görə ki, ekspert avtomaşının bütün detallarına qiymət qoymamışdır. Halbuki, o, servisdən aldığı X5nda avtomaşına baxılıb rəy verilib və bütün detallar qiymətləndirilib. Ona görə ekspert rəyində qiymət qoyulmayan 30 adda ehtiyat hissələrinin təqdim etdiyi X5nda göstərilən qiymətlərini və 2700 manat da təmir xərclərini nəzərə alıb, iddiada göstədiyi 8715 manat ziyanın tam təmin edilməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 Ziyafəddin oğlu bildirmişdir ki, bilsəydi avtomaşını iddiaçıdan alıb özü təmir edərdi. Ekspert rəyində nə qiymət qoyulubsa da, o qədər pulu ödəməyə imkanı yoxdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 pulu ödəməyə imkanı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, vəkilin çıxışını dinləyib, iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan X5ndan görünür ki, **-BF-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES E240” markalı minik avtomobilinə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 8715 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – döş qəfəsi nahiyyəsinin hematoması və sağ said nahiyyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023cü il tarixli qərardan müəyyən olunur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü qərarın surəti Xaçmaz RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Qəbul edilmiş qərarın surəti maraqlı şəxslərə göndərilməklə, həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna və yaxud Xaçmaz ayon məhkəməsinə şikayət etmək hüquqları və qaydaları izah edilmişdir. Qeyd olunan qərarda izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, İddiaçı və X4 əvvəllər tanımamışdır. Sonuncularla aralarında hər hansı münasibət olmamışdır. Onun özünə məxsus olan Vaz 2106 markalı Az ** SN *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O həmin avtomobili şəxsi ehtiyacları üçün istifadə edir. 30 iyul 2023-cü il tarixdə saat təxminən 16 radələrində özünə məxsus olan qeyd etdiyi avtomobillə Xaçmaz rayonu Ləcət kəndi istiqamətindən Xudat şəhəri istiqamətində hərəkət etmişdir. Həmin zaman tam dəqiq xatırlamasa da sürəti yuxarı olmuşdur. O bir qədər irəlilədikdən sonra yolun Xaçmaz rayonu Susayqışlaq kəndi ərazisindən keçən hissəsində onunla eyni istiqamət üzrə hərəkət edən avtomobili keçmək istəmişdir. Bu səbəbdən o diqqət etmədən əks zolağa çıxaraq sürətini artırmağa başlamışdır, lakin həmin anda əks istiqamətdə Mercedes Benz markalı Az ** BF *** dövlət qeydiyyat avtomobilin gəlməsini görmüşdür. O artıq sürətini azaltmağa və öz yoluna geri qayıtmağa imkan tapmadan onun idarə etdiyi avtomobil qarşıdan gələn Mercedes markalı avtomobillə toqquşmuşdur. O bundan sonrasım xatırlamır. O tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Hadisə zamanı o hər hansı bir maddənin və yaxud spirtli içkinin təsiri altında olmamışdır. Hadisə zamanı yol quru olmuşdur. Onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük hüququ vardır. Onun idarə etdiyi nəqliyyat vasitəsində sərnişin olmamışdır İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, 99SN639 dövlət nömrə nişanlı VAZ2106 markalı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur, hadisə zamanı nəqliyyat vasitəsini idarə edən isə Cavabdeh1 olmuşdur. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən avtomobilə texniki baxış üçün 60 manat pul köçürülmüşdür. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar 65 manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət göstərilməsinə görə vəkil bürosunun hesabına 230 manat pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, “FŞ X3 VÖEN **********” tərəfindən tərtib edilmiş qüsur aktında qeyd olunan 2000-ci il buraxılışlı, gümüşü metalik rəngli, “Mercedes E240” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 15 adda ehtiyyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2085 (iki min səksən beş) manat müəyyən edilir. 30 adda ehtiyat hissələrinin yerli internet saytlarında satışına və qiymətinə dair məlumat olmadığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə iş materiallarında olan ekspert rəyi ilə ilkin qiymətləndirilmə aktını müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, X5nda 45 adda detallar və onların qiymətləri qeyd olunub. Lakin məhkəmə-əmtəəşünas eksperti öz rəyində yalnız 15 detalın qiymətinə rəy vermiş, digər 30 adda olan detallara dair heç bir məlumat verməmişdir. Bundan başqa, ekspert rəyi ilə ilkin qiymətləndirmə rəyində bəzi detalların qiyməti eynilik təşkil etmiş, bəzilərində isə cüzi fərqin mövcudluğu vardır. Məhkəmə belə qənaətə gəlir ki, X5 əsas kimi qəbul edilməli və bu uyğun qətnamə qəbul edilməlidir. Məhkəmə iddia tələbində qeyd olunan digər ödənişlərlə bağlı qeyd edir ki, 65 manat dövlət rüsumu, avtomobilin texniki baxışına görə 60 manat xidmət haqqı və vəkilə ödənilmiş 230 manat pul məhkəmə xərclərinə aid olduğundan və hər bir ödənişin sübutu məhkəməyə təqdim edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Ziyafəddin oğlundan 3915 manat məbləğində pul, texniki baxış üçün ödənilmiş 60 manat xidmət haqqı, 230 manat vəkilə ödənilmiş xidmət haqqı və 65 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 Ziyafəddin oğlundan alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar