Məhkəmə qərarları › İş №2(067)-661/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-661/2024

13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-661/2024 13.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona vurulmuş zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun, habelə ödənilmiş 70 manat dövlət rüsumunun, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin dekabr ayının 24-də cavabdeh ondan 5000 manat məbləğində pul alaraq Xaçmaz MRX-da sürücü qəbul etdirəcəyinə söz vermiş, lakin üstündən xeyli müddət keçmiş olsa da, onu hər hansı işə qəbul etdirməmiş və aldığı pulları geri qaytarmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq cavabdehdən Xaçmaz rayon Polis Şöbəsinə şikayət etmiş, bundan sonra ona məlum olmuşdur ki, cavabdeh başqa şəxslərdən də pul alaraq onlara qarşı da dələduzluq etmişdir. Zərərçəkmiş şəxslərin, o cümlədən onun şikayəti əsasında Cavabdeh barəsində Xaçmaz RPŞ İB-də Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılaraq o, həmin ittiham üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq istintaq aparılmış, ibtidai istintaq başa çatdıqdan sonra cinayət işi baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Həmin cinayət işi üzrə digər şəxslərlə yanaşı o da zərərçəkmiş qismində tanınmışdır. Cavabdeh barəsində olan həmin cinayət işinə Xaçmaz rayon məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli, 1(067)-10/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin 1(060)-352/2022 saylı 13 sentyabr 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin olunmuş 01 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin olunmuş 01 (bir) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzasının əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Hökmdə ona aid epizod üzrə qeyd edilmişdir ki, Cavabdeh 24 dekabr 2020-ci il tarixdə dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs İddiaçı 5000 (beş min) manat məbləğində pulunu ələ keçirdiyi birinci epizod üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin (hakim Sərxan Səmədzadə). Hökmün əsaslandırıcı hissəsində qeyd olunur ki, Cavabdeh İddiaçı qarşı törətdiyi dələduzluq cinayəti böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aid olduğundan və həmin cinayətə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığından, habelə təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan barəsində sözügedən cinayət epizodu üzrə xitam verilməsini xahiş etdiyindən, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı törətdiyi dələduzluq cinayəti üzrə icraata xitam verilməli və belə olan halda, onun 16 iyun - 30 iyun 2021-ci il tarixlərdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərəçəkmiş şəxs X1 ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində pulunu ələ keçirdiyi ikinci epizod üzrə əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən, həmin Məcəllənin 178.1 -ci maddəsinə əsasən tövsif olunmalı və həmin maddə ilə təqsirli bilinməlidir. Göründüyü kimi Cavabdeh ona qarşı dələduzluq etməklə 5000 (beş min) manat məbləğində pulunun mənimsənilməsi qanuni qüvvəsini almış, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)-10/2023 saylı hökmü ilə təsdiq olunur. Hüquqi savadsızlıqdan o cinayət işi üzrə mühakimə icraatı cavabdehə qarşı iddia qaldırmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə mülki qaydada məhkəməyə müraciət edir. Cavabdeh ona dəymiş ziyanı ödəməmişdir. İş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehdən ona borclu qaldığı 4500 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya 4500 manat borcu qalıb. İddiaçının əmisinə təklif etmişdir ki, borcu 500 manat olmaqla hissə-hissə ödəsin lakin razılaşmamışlar. Sonradan həbs olunmuş, 4 aydır azadlığa çıxmışdır. Həmin məbləği birdəfəyə ödəyə bilməz. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, iddiaçının əmisidir. Cavabdeh iddiaçıdan 5000 manat pulu onun yanında almış, pulu o sayıb vermişdir. Polis şöbəsində cavabdeh 500 manatı qaytarmışdır. Cavabdehə borcu hissə-hissə ödəməyi təklif etmişlər, lakin o razılaşmamışdır. Məhkəmə tərəfin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(067)-10/2023 saylı hökmündən görünür ki, Cavabdeh 24 dekabr 2020-ci il tarixdə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs İddiaçı 5000 (beş min) manat məbləğində pulunu ələ keçirdiyi birinci epizod üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Cavabdeh 16 iyun-30 iyun 2021-ci il tarixlərdə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs X1 vahid qəsdlə əhatə olunmaqla ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində pulunu ələ keçirdiyi ikinci epizod üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunmuş, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 1(060)- 352/2022 saylı 13 sentyabr 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin olunmuş 01 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin olunmuş 01 (bir) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxslər X5 və X2 Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxs Cavabdeh qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 70 manat rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4500 manat məbləğində pul və ödənilmiş 70 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar