Məhkəmə qərarları › İş №2(067)-664/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-664/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-664/2023 05.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Mirzəbəg oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 Mirzəbəg oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 aprel 2023-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1440 manat məbləğində pulun və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 Mirzəbəg oğlunu xeyli müddət, Cavabdeh2 isə Cavabdeh1 vasitəsi ilə 2021-ci ilin sentyabr ayından tanıyır. Ona məxsus iribuynuzlu (inək, camış) heyvanlarını Xaçmaz rayonu İlixçı- Məmmədxanlı kəndinin yaxınlığında Sovqat adlı şəxsin fermasında saxlayır. 29 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 Mirzəbəg oğlu ona zəng edərək tanışı Əfqan adlı şəxsin oğluna kiçik toy məclisi edəcəyini və toy məclisinə ət çatışmadığından ona bir baş iribuynuzlu heyvanı nisyə satmasını xahiş etmiş, toy məclisi qutardıqdan sonra dərhal pulunu qaytaracağına söz vermişdir. O da onu xeyli müddət tanıdığına görə inanıb xahişinə razılıq vermişdir. Həmin günü, yəni xx.xx.2021-ci il tarixdə onun dediyi Əfqan adlı şəxs mallarını saxladığı fermanın müdiri Sovqat, İlixçı kənd sakini Məzlum və tanımadığı avtomaşının sürücüsü ilə birlikdə fermaya gəlmişlər. Əfqan da, Talehin dediklərini təkrar edərək oğlunun kiçik toy məclisinə bir baş iribuynuzlu heyvanı nisyə alıb, toy məclisi qutaran kimi dərhal pulunu gətirib verəcəyinə vəd vermişdir. O, onların hər ikisinə inanıb özünə məxsus 180 kq çəkidə camış kəlçəsini onunla 1440 manata razılaşaraq nisyə sataraq vermişdir. Hətta ona da oğlunun kiçik toy məclisinə dəvətnamə vermişdir. Əfqan gəldiyi şəxslərlə birlikdə özü ilə gətirdiyi yük maşınına bir baş camış kəlçəsini yükləyərək aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Əfqan oğluna toy məclisi etməmişdir. O, nisyə aldığı 1 baş camış kəlçəsini Cavabdeh1la birlikdə bazarda sataraq əldə etdikləri pulu mənimsəmişlər. O, cavabdehlərlə dəfələrlə görüşüb pulunu tələb etsə də onlar hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışlar. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Mirzəbəg oğlu iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə Əfqan Şabran rayonunda tanış olublar. Əfqan ona demişdir ki, Pərvizdən 110 kq mal alıb. O, iddiaçını Əfqanla tanış etməmişdir və iddiaçıya Əfqana ət verməsini tapşırmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 noyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh2 öz izahatında göstərmişdir ki, o, İddiaçı ilə təxminən 1 il bundan qabaq Şabran rayonu ərazisində tanış olmuşdur. xx.xx.2021-ci il tarixdə o, mobil telefon vasitəsi ilə İddiaçı zəng vurmuş və ona demişdir ki, "banka qızıllarını zalok qoymuşdur, ödəniş edə bilmir qızılları müsadirə olur, ona köməklik elə”. İddiaçı ona demişdir ki, "mənim yanımda Sovqat adlı şəxs pul istəyib mən ona atqaz etmişdir, sən bir dəvətnamə yaz ki, güya sən övladəna toy edirsən, toydan sonra pulunu verəcəksən”. Bundan sonra o, P. Allahverdiyevin adına dəvətnamə yazmış, İddiaçı isə Sovqata göstərmişdir ki, "toy üçün alır toydan sonra pulunu verəcək”. Bundan sonra o, İddiaçı, Sovqat və adını bilmədiyi şəxsin köməkliyi ilə bir baş heyvanı yük avtomaşınına yükləyib Şabran rayonuna aparmışdır. Bundan sonra o, həmin bir baş camışı Xaçmaz rayonu mal bazarına çıxararaq 750 manat pula satmışdır. İş materiallarında olan Xaçmaz rayon Baytarlıq idarəsinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, bazarda ət şəklində satılan cöngə və kəlçə ətinin 1 kq-nın qiyməti 13 manatdır. 400 kq olan kəlçə köklük dərəcəsinə görə (yüksək, orta, orta aşağı və s.) ət çıxar verir. 400 kq-lıq kəlçə orta köklükdə 180 kq ət verə bilər. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1400 manat məbləğində pul və 35 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia digər Cavabdeh1 Mirzəbəg oğluna aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar