Məhkəmə qərarları › İş №2(067)-665/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-665/2023

06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-665/2023 06.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı X1 və Cavabdeh iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏNETDİ: İddiaçı X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh zərərin əvəzi olaraq 1 840 manat pulun və ödənilmiş 39 manat dövlət rüsumu pulun, cəmi 1879 manat pul alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır və fərdi əməklə məşqul olaraq ailəsini dolandırır. 2021-ci ilin yanvar ayından Qəhrəman adlı şəxsdən şəxsi istifadəsi üçün ona məxsus Xaçmaz rayonu, Qaraqaşlı kəndində yerləşən ferma binasını icarəyə götürmüşdür. 2022-ci ilin mart ayının 6-sı tarixində o, cavabdehi icarəyə götürdüyü fermaya işçi olaraq gətirmiş və ona aylıq 400 manat pul vermək müqavilində fermada saxladığı cücələrə nəzarət etməsini tapşırmışdır. xx.xx.2022-ci il tarixdə o, fermaya 1 580 ədəd cücə almış və cavabdehə saydıraraq təhvil vermişdir. 18 mart tarixində aldığı cücələrin son hesablamasını apardıqda həmin 1580 cücədən 100-e yaxın cücənin yoxa çıxmasını aşkar etmişdir. Yenidən o, xx.xx.2022-ci il tarixdə 2010 ədəd, xx.xx.2022-ci il tarixində isə 2050 ədəd cücə alaraq cavabdehə təhvil vermişdir. Aprel ayında gətizdirdiyi cücələrin ümumi hesabın apardıqda həmin cücələrdən 500-ə yaxın cücənin çatışmadığını müəyyən etmişdir və bu barədə cavabdehə bildirdikdə, o, heç bir məlumatın olmadığını demişdir. Aprel ayında aldığı cücələrin satışını həyata keçirmədən yeni hissə cücələrin sifariş etdiyi üçün və cücələrə baxmağa digər şəxs axtarsa da, tapa bilmədiyi üçün 500-ə yaxın cücənin yoxa çıxması ilə bağlı heç bir söz deməmişdir. Lakin xx.xx.2022-ci il tarixdə 2048 cücə gətizdirmişdir və cavabdehə təhvil verərək tapşırmışdır ki, cücələrin bütün hesablamasının, yəni cücələrdən neçəsinin tələf olunmasının, neçəsinin satılmasının, neçəsinin fermada qalmasına dair hesablamaları aparsın və aralarında bu məsələ ilə bağlı mübahisə yaranmasın. Cavabdeh onu arxayın salaraq narahat olmamağını, hər bir işin qaydasında olacağını bildirmişdir. Avqust ayının əvvəlləri o, iyun ayında gətizdirdiyi cücələrdə ziyan etdiyini görüb, cavabdehdən aparılmış hesablamanın dəftərini istəmişdir. Cavabdehin ona təqdim etdiyi dəftərə baxdıqda iyun ayında gətizdirdiyi 2048 cücədən 230 ədədinin çatışmadığını aşkar etmişdir. O, cavabdehdən 230 ədəd cücənin niyə çatışmadığını soruşduqda o, həmin cücələrin oğurlana biləcəyini bildirmişdir. O, cavabdehə fermanın hər tərəfdən bağlı olduğunu və giriş qapsını onun müvəqqəti yaşadığı evin qarşısında olmasını, əgər oğurluq olsa belə bu barədə onun necə xəbər tutmaması barədə soruşduqda cavabdeh heç bir cavab verməmişdir. Bundan sonra o, məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, ərizəsi təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Kamran Hüseynov tərəfindən araşdırılmış, araşdırma zamanı Cavabdeh Səttar oğlu izahatında təsdiq etmişdir ki, həqiqətən də aralarında aparılmış, bütün hesablamalardan sonra məlum olmuşdur ki, fermada qalan cücələrdən 230 ədədi çatışmır. X3 30 sentyabr 2022-ci il tarixli qərarı ilə ərizəsi üzrə toplanmış HK-1/2983 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona izah olunmuşdur ki, məsələ ilə bağlı mülki qaydada məhkəmədə iddia qaldıra bilər. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, cavabdehi ailəliklə işə götürmüşdür. O, cücə alıb saxlayıb satmaqla məşğul imiş, VÖEN də var. Cavabdeh gəlib baxıb bəyənmişdir. O, cücələri alıb 2 ay saxlayıb yetişdirib satırmış. Cavabdehi də cücələrə baxmağa götürmüşdür. Cavabdehə demişdir ki, həyat yoldaşını da, uşaqlarına da gətir, onları işə götürsün. Onlar sənədlərini ona verməyə uzatdılar. Cavabdeh sənədlərini vermədiyinə götə onu rəsmi olaraq işə götürə bilməmişdir. Cavabdehlə maddi məsuliyyət haqqında müqavilə bağlamamşlar. Cavabdeh işlədiyi dövrdə 1-ci və 2-ci partiya alınan cücələri ona təhvil verəndə çatışmazlıqlar oldu, xəbərdarlıq etdi ki, 3-cü partiyada belə bir hal olmasın. Lakin yenə çatışmazlıq oldu. Cavabdeh dedi ki, çatışmayan cücələrin pulunu, 1200 manat pulu ayda 200 manatdan ödəyəcək. Cavabdeh cücələrin niyə çatışmadığını demir, bildirir ki, cücələr oğurlanıb. 230 cücə aparılıb, 8 manatdan 1840 manat edir. Cücələr saxlanılan yer qapalı yerdir. Cavabdehdən xəbərsiz əraziyə daxil olmaq qeyri mümkündür. O, iddia tələbində cücənin bir ədədinin qiymətini 8 manat satış qiymətinə əsasən hesablamışdır. Cavabdehə ödənilməyən 350 manat əmək haqqısı qalmayıb. Əksinə o, işi atıb gedib, o, məcbur olub işçi tutmuşdur. Məhkəmə iclasında Cavabdeh iş üzrə izahat vererək bildirir ki, sonuncu dəfə iddiaçı 2048 ədəd cücə gətirib ona təhvil verdi, o, cücələri sayıb təhvil almşdır. Təhvil verəndə isə 230 ədəd cücə çatmırdı. O, dedi ki, çatışmayan cücələr 5 manatdan 1150 manat edir, ayda 50 manat mənə verəcəyi puldan çıxacaq, oğrunu da tapacaq. Lakin sonra oğru tapılmadı, öyrənmişdir ki, onun barəsində polis bölməsinə şikayət edib. 2048 ədəd cücə təhvil almışdır. Təhvil verəndə isə 227 ədəd cücə çatmırdı. İddiaçı onların pulunu 5 manatdan hesabladı, 1150 manat pul elədi. İddiaçı onun maaşından hər ay 50 manat çıxmalı idi. O, iddiaçının təklifi ilə ona görə razılaşmışdır ki, cücələri ona təhvil vermişdi, ondan təhvil alanda isə çatışmazlıq var idi. Çatışmayan cücələr haradadır bilmir. Cücələr saxlanılan yerin 1 qapısı var, oraya gələn olsa görərdi, lakin arxa tərəfdə açıq yerlər var, çay var, oradan əraziyə daxil olmaq mümkündür. O, özü də polis şöbəsinə gedib demişdir ki, əraziyə baxış keçirmək üçün əməkdaş göndərsinlər, lakin heç kimi göndərmədilər. İddiaçıya 1150 manat pulu ödəyəcək, iddiaçı cücənin hər birini 5 manatdan hesablayıb deyib verərsən pulunu. İş yeri olmadığına görə 1150 manat pulu iddiaçıya ödəyə bilməmişdir, hazırda da ödəməyə maddi imkanı yoxdur, imkanı olan kimi ödəyəcəkdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında cücələrin yoxa çıxmasına görə iddiaçıya 1150 manat pul verəcəyini etiraf etməsi, İddiaçı bu hal üzrə sübutetmə vəzifəsindən azad etmişdir. Lakin İddiaçı cücələrin qiymətinə dair məhkəməyə hər hansı bir sübutu təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin təqsiri qismən sübuta yetirilmiş qəbul olunur. Elektron məhkəmə informasiya portalında yaradılmış “dövlət rüsumunun hesablanması” kalkulyatoru vasitəsilə hesablanmış nəticəyə əsasən 1150 manat iddiaya görə 31,5 manat dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 39 manat dövlət rüsumunun 31,5 manatı cavabdehdən tutularaq, iddiaçıya ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə də, iş materialları və tərəflərin izahatları ilə təsdiq olunur ki, İddiaçı nəzarət edib, yetişdirib qaytarmaq şərti ilə Cavabdeh 2048 ədəd cücələri təhvil vermiş, lakin Cavabdeh cücələri təhvil aldığı sayda iddiaçıya qaytarmalı olsa da, onları lazımi sayda qaytarmamış və nəticədə 230 ədəd cücələr çatışmamışdır. Cavabdeh cücələrin itməsinin səbəbini bilməsə də, onlara görə iddiaçı qarşısında maddi məsuliyyət daşıdığını etiraf etmişdir. Lakin iddiaçı iddia ərizəsində bir cücənin 8 manata olduğunu qeyd etsə də, buna dair hər hansı sübutunu təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehin iddianı etiraf etdiyi həddə, yəni bir cücənin qiymətini 5 manatdan hesablamaqla qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1150 manat məbləğində dəymiş zərərin əvəzi və 31,5 manat dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar