Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-666/2023 03.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 3845 (üç min səkkiz yüz qırx beş) manat pulu alaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 bir qrup şəxs halında Xaçmaz rayon Məhkəməsinin 1(067)-86 saylı, xx.xx.2022-ci il tarixli, onun zərərçəkmiş kimi tanındığı hökmü ilə cəzalandırılmışdır. Belə ki, ümumi dəyəri 3300 təşkil edən qızıl-zinyət əşyalarını, yəni 01 ədəd 18 qram çəkidə qızıl sepi, 01 ədəd 12 qram çəkidə qızıl qolbağı, 02 ədəd qızıl üzüyü və 500 manat nağd pul vəsaitini, həmçinin birinin qiyməti 15, digərinin qiyməti 30 manat olmaqla 02 ədəd suvenir xəncəri götürüb aparmaqla vahid niyyətlə ümumilikdə 3845 manat dəyərində onun evindən oğurluq etmişdir. Onun əməlləri tam şəkildə sübut olunmuşdur. Həmin hərəkətləri ilə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, cavabdehlər evindən 3845 manat pulu oğurlayıblar. Bu səbəbdən məhkəməyə müraciət edərək, evindən oğurlanmış 3845 manat pulu tələb edir. Xahiş edir ki, iddiası təmin olunsun. Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssiəsindən məhkəməyə daxil daxil olmuş ərizədə məhkum Cavabdeh2 oğu izahatında göstərmişdir ki, həqiqətən də o, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinə görə hal-hazırda 17 saylı Cəzaçəkmə Müəssiəsində cəza çəkir. Lakin İddiaçı evindən oğurlanan qızıl-zinət əşyalarından və puldan ona bir manat da olsun verilməmişdir. Penitensiar Xidmətin 17 sayl Cəzaçəkmə Müəssiəsindən məhkəməyə daxil daxil olmuş ərizədə məhkum Cavabdeh1 oğu izahatında göstərmişdir ki, həqiqətən də o, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinə görə hal-hazırda 17 saylı Cəzaçəkmə Müəssiəsində cəza çəkir. Lakin İddiaçı evindən oğurlanan qızıl-zinət əşyalarından və puldan ona bir manat da olsun verilməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 1(067)-86 saylı, xx.xx.2022-ci il tarixli hökmündən məyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Qeyd olunan hökmdən görünür ki, cavabdehlər iddiaçıya maddi zərər vurmuşlar. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehlərin buna gətirib çıxaran əməldə təqsirləri, habelə dəymiş zərərin məbləğinin 3845 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 3845 (üç min səkkiz yüz qırx beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-666/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-666/2023
03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver