Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-674/2025 13.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona ödəməli olduğu 1100 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat, vəkil order markasına görə ödənilmiş 20.50 manat və dövlət rüsumu olaraq ödənilmiş 35 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Fidan adlı xanım vasitəsilə tanımışdır. Cavabdeh şəxsi ehtiyaclarına xərcləmək üçün 2023-cü ilin oktyabr ayının 2də ondan 1100 manat borc pul alaraq, 5 ay müddətinə qaytaracağına söz verməsinə baxmayaraq, ona ödəməli olduğu pulu geri qaytarmamışdır. Cavabdeh öz əlyazması ilə həmin pulu almasını təsdiq edərək, sadə yazılı qəbz ona təqdim etmişdir. Həmin qəbzlə pulun ondan alınması tam təsdiq olunmaqdadır. Ona görə də, hesab edir ki, iş üzrə Cavabdeh, ona borc verdiyi 1100 manat pulu geri qaytarmalıdır. Cavabdeh ondan aldıqları pulu qaytarmamaqla əsassız olaraq onu ziyana salmış, onun vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa, ona hüquqi yardım göstərilməsi üçün 300 manat məbləğində xidmət haqqı və 20.50 manat vəkil orderinə görə marka pulu Xaçmaz rayon Vəkil Bürosuna ödəyərək, vəkillə müqavilə bağlamışdır. İddia ərizəsinə məhkəmədə baxılması üçün Xaçmaz rayon Məhkəməsinin hesabına 35 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh təcili olaraq onun pullarını tam şəkildə qaytarmalıdır. Özünün hazırda pula ehtiyacı vardır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı cavabdehi Fidan adlı xanımın vasitəsilə tanımışdır. Cavabdeh ondan 2023-cü ilin oktyabr ayının 2-də 1100 manat borc pul alaraq 5 ay müddətinə qaytaracağına söz vermişdir. Lakin o, iddiaçıya bu günə heç bir ödəniş etməmişdir. Məhkəmədən xahiş edir ki, cavabdehdən iddiaçıya ödəməli olduğu 1100 manat pulu, iddiaçı tərəfindən 300 manat hüquqi yardıma görə ödənilmiş, 20.50 manat vəkil orderinin markasına görə, 35 manat isə dövlət rüsumun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilsin. Cavabdeh özü də həmin ödəməli olduğu borcunu etiraf edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, iddianı tam qəbul edir. Təmin olunmasına etirazı yoxdur. İş materiallarındakı qəbz ona aiddir, özü yazmışdır. Məhkəmə, iddiaçı tərəfi və cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli əlyazma öhdəlikdən görünür ki, Cavabdeh Təranə adlı şəxsdən 1100 manat pulu 5 ay müddətinə geri qaytaracağına dair öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə xx.xx.2023-cü ildə 5 ay müddətinə qaytarılmaq şərti ilə 110 manat pul vermişdir. Cavabdeh isə həmin pulu geri qaytarmasına söz versə də, lakin vədini yerinə yetirməmiş və pulu geri qaytarmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 53 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1100 manat məbləğində pul, 300 manat hüquqi yardıma görə ödənilmiş məbləğ, 20.50 manat vəkil order markasına görə ödəniş və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ödəməli olduğu 1100 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, vəkil order markasına görə ödənilmiş 20.50 manat və dövlət rüsumu olaraq ödənilmiş 35 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-674/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-674/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver