Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-677/2023 10.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5160 manat əsas borc, 100 manat hüquqi yardıma görə ödənilmiş pul, 3 manat notariat hərəkətlərin aparılması üçün ödənilmiş rüsum və 73 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 5.336 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, O, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. O, hərbiçidir. Babək pula böyük ehtiyacı olduğu üçün 2020ci ilin iyul ayında ona bu barədə müraciət etmiş, ondan qısa müddətə borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün o, cavabdehə 25 iyul 2020-ci il tarixdə 5160 manat borc pul vermişdir. Aralarında olan razılaşmaya görə cavabdeh pulu ona avqust ayının sonunda qaytarmalı idi. Cavabdeh bu barədə hərbiçi vəsiqəsinin surəti çıxarılmış kağızın üzərinə öz xətti ilə qəbz yazıb imza etmiş və qəbzi ona vermişdir. Cavabdeh bildirmişdir ki, bir neçə günə bankdan kredit götürüb onun borcunu tam qaytaracaqdır. Lakin bu günə kimi cavabdeh ondan aldığı borc pulu qaytarmır, hətta ondan gizlənir və telefon zənglərinə cavab vermir. Bir sözlə cavabdeh pulu qaytarmaqdan boyun qaçırır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılsa da, o, məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsi barədə məhkəməyə elektron qaydada ərizə təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o, ödəniş çekini gətirməmişdir. Çekləri özündə saxlamayıb. Çeklər iddiaçının özündədir. O, iddiaçıdan 3000 manat faizlə pul almışdır. Pul almağı barədə qəbzi də o, özü yazıb imzalamışdır. Həmin qəbzdə cavabdehə faizləri ilə birlikdə qaytarmalı olduğu məbləğ yazılıb və o, cavabdehə 5160 manat pul ödəmişdir. Bildirir ki, iddiaçının işi sadəcə ev yıxmaqdır. Ondan əlavə o, 17-18 nəfər hərbiçiyə qarşı eyni cür hərəkət edib. Bankdan pul ala bilməyib, iddiaçıya müraciət edib alıblar. Cavabdehin iddiaçıdan aldığı pulu faizləri ilə birlikdə qaytardığına dair məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2694/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ümumilikdə 5336 manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2694/2022 saylı qiyabi qətnaməsinin ləğv edilərək mülki işə mahiyyəti üzrə yenidən baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(067)-677/2023 saylı qərardadı ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2694/2022 saylı qiyabi qətnaməsi ləğv edilərək mülki işə yenidən baxılması qərara alınmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Cavabdeh hərbiçi vəsiqəsinin surəti çıxarılmış kağızın üzərinə yazıb imzaladığı qəbzdən müəyyən olunur ki, o, İddiaçı 25 iyul 2020-ci il tarixdə aldığı 5160 manat borc pulu avqust ayının sonunda qaytaracağna öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 73 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2022-il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hüquqi yardıma görə 100 manat məbləğində pul ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə işin hallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia əsaslı hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5160 manat əsas borc, 100 manat hüquqi yardıma görə ödənilmiş pul, 3 manat notariat hərəkətlərin aparılması üçün ödənilmiş rüsum və 73 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 5.336 manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5160 manat əsas borc, 100 manat hüquqi yardıma görə ödənilmiş pul, 3 manat notariat hərəkətlərin aparılması üçün ödənilmiş rüsum və 73 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 5.336 manat pul alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-677/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-677/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver