Məhkəmə qərarları › İş №2(067)-685/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-685/2024

22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-685/2024 22.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır, Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2006-cı il təvəllüdlü X2. xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1619/2020 saylı qətnaməsinə əsasən tutulan 3 uşağın saxlanılması üçün cəmi 330 manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər bir uşaq üçün 250 manat olmaqla, cəmi 750 manat sabit məbləğdə alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1619/2020 saylı qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda övladlarının müvafiq olaraq 14, 15 və 17 yaşları var. Cəmi 330 manat aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Cavabdeh uşaqla ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını o, çəkir, uşağını tək saxlamaqda çətinlik çəkir. Ona görə də alimentin miqdarının artırılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1619/2020 saylı qətnaməsinə əsasən uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh alimenti gecikmələrlə ödəyir, uşaqların başqa ehtiyacları ilə maraqlanmır. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Hazırda uşaqlarının 14, 15 və 17 yaşları var. Cəmi 330 manat aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə yetmir. Uşaqlar təhsil alırlar, onların məsrəfləri yetərincə artmışdır. Bundan başqa, uşaqlar üçün yaşayış minimumu da artmışdır. Bundan başqa özü də xəstədir. Belə ki, fəqərələrin yırtığından 2021-ci ildə əməliyyat olunmuşdur və ayaq üstə dayanmaqda çətinlik çəkir. Cavabdehin də maddi vəziyyətini nəzərə alaraq, iddia ərizəsində hər bir uşaq üçün 250 manat məbləğdə aliment tələb etsə də, cavabdehin hər ay hər bir uşaq üçün 170-180 manat aliment ödəməsinə də etirazı olmayacaqdır. Həmçinin bildirmişdir ki, cavabdeh məhkəmə qətnaməsi ilə təyin olunmuş alimenti mütəmadi ödəməmiş və 11244 manat ödənilməmiş alimenti borcu qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaya etiraz edir. O. Hazırda 3 uşağının saxlanılması üçün ayda 330 manat alimenti ödəyir. Əvvəllər alimenti ödəyə bilmədiyinə görə 2017-ci ildə CM-nin 306-cı maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmişdir. Lakin əvvəlki aliment borcunu ödəyə bilməmişdir. Cəzasını çəkib azadlığa çıxandan sonra heç yerdə işləmir. İş üçün məşğulluq idarəsinə müraciət də edib. Alimentin miqdarı artırılacağı halda maddi vəziyyəti olduqca pisləşəcək. X4 vərəm dispanserində xəstə kimi qeydiyyatdadır. Həmçinin ürək xəstəliyindən və on iki barmaq bağırsağın xəstəliyindən əziyyət çəkir. Öz müalicə xərclərini ödəyə bilmir. Ona görə də iddianın rədd edilməsini xahiş edirəm. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 828823 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı ildə X6 anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 089877 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə X9 anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 557941 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə X7 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)- 1619/2020 saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli iddiaya qarşı etiraz ərizəsindən müəyyən olunur ki, cavabdeh iddiaya qarşı etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə X8 Şəxsin xəstənin stasionar tibbi kartından 1457 saylı Cıxarışdan (Epikriz) müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə L5-S1 fəqərəarası diskin sağtərəfli yırtığı diaqnozu ilə xəstəxanaya daxil olmuş, onun üzərində L5-S1 fəqərələrinin sağdan hissəvi hemilaminektomiyası, L5-S1 disk yırtığın xaric edilməsi əməliyyatı icra olunmuş və xx.xx.2021-ci il tarixdə İddiaçı xəstəxanadan evə yazılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş tibbi sənədlərin surətlərindən müəyyən olunur ki, Cavabdeh “Boyun limfa vəzilərinin vərəmi” diaqnozu qoyulmuşdur və həmin xəstəlik üzrə müalicələr almaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, bu məsələ ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğunundan, faktın yenidən araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay hər bir uşaq üçün 110 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 mənafelərinə zidd olacağı və uşaqların hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 120 manat artırıldığından, iddianın qiyməti 120 manat x 12 aya= 1440 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 34,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1619/2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Tərəflərin birgə nikahından anadan olmuş övladları - xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 34,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar